Məsumə Məlikova

Məsumə Fazil qızı Məlikova (22 noyabr 1929, Bakı) — AMEA-nın müxbir üzvü (1989),[1] Azərbaycanın Əməkdar hüquqşünası (1969), hüquq elmləri doktoru, professor, BDU Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri.

Məsumə Məlikova
azərb. Məlikova Məsumə Fazil qızı
Doğum tarixi 22 noyabr 1929(1929-11-22) (95 yaş)
Doğum yeri
Elmi dərəcəsi hüquq elmləri doktoru
Elmi adları AMEA-nın müxbir üzvü, professor
İş yeri BDU Hüquq fakültəsi
Mükafatları "Azərbaycan SSR əməkdar hüquqşünası" fəxri adı — 1969
"Şöhrət" ordeni — 2000"Şərəf nişanı" ordeni"Əmək veteranı" medalı — 1985

Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

M. F. Məlikova 1958-ci ildə M. V. Lomonosov adına MDU-da "M. F. Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə "XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir.

Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir.

Prof. Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir. O, Azərbaycanda ilk dəfə olaraq milli siyasi və hüquqi fikir tarixinin öyrənilməsinin əsasını qoymuş və beləliklə də hüqüqşünaslıqda yeni bir istiqamətin bünövrəsini yaratmışdır.

Prof. Məlikova baş redaktor qismində Azərbaycanda ilk dəfə 1991-ci ildə nəşr edilmiş "Hüquq ensiklopedik lüğəti"nin tərtib edilməsini təşkilatçısı olmuş, böyük müəlliflər kollektivinə rəhbərlik etmişdir və həm də bu lüğətdə 80-dən artıq məqalənin müəllifidir. Prof. M. F. Məlikova bir çox monoqrafiya, elmi jurnal və dərsliklərin elmi redaktorudur.

Prof. Məlikova tərəfindən ilk dəfə yazılmış "Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi" (1984), "Kitabi Dədə Qorqudda ictimai siyasi ideyalar" monoqrafiyaları ölkədə hüquq elminin inkişaf etdirilməsində diqqətəlayiq hadisə olmuşdur.

Prof. M. F. Məlikovaya 1969-cu ildə "Azərbaycan SSR əməkdar hüquqşünası" fəxri adı verilmişdir. O, 1976-cı ildə "Şərəf nişan" ordeni ilə, 2000-ci ildə "Şöhrət" ordeni ilə, 1985-ci ildə "Əmək veteranı" medalı ilə, bir neçə fəxri fərmanlarla, o cümlədən 1994, 1999, 2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif edilmişdir.

  1. "Məlikova Məsumə Fazil qızı" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.