Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məti Osmanoğlu (5 yanvar 1958, Sadıqlı, Ağstafa rayonu) — Azərbaycan yazıçısı, publisisti və ədəbiyyatşünası, "Yol" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü[1][2].
Məti Osmanoğlu | |
---|---|
Doğum tarixi | 5 yanvar 1958 (66 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
İş yeri |
|
Təhsili | |
Üzvlüyü |
Məti Osman oğlu Bayramlı 1958-ci il yanvarın 5-də (rəsmi sənədlərinə əsasən iyulun 1-də) Qazax rayonunun Sadıqlı kəndində (hazırda Ağstafa rayonunun inzibati ərazisinə daxildir) kolxozçu ailəsində anadan olub.
1965–1975-ci illərdə Sadıqlı kənd orta məktəbində, 1975–1980-ci illərdə Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. Universiteti bitirəndən sonra təyinatla Balakən rayonunda müəllimlik edib. 1983-cü ildə Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə Bakı Dövlət Universitetinin qiyabi aspiranturasına daxil olub, Azərbaycan Yazıçılar Birliyinin orqanı "Ulduz" jurnalının redaksiyasında işləməyə başlayıb[2].
1987-ci ildə təsis edilmiş "Gənclik"-"Molodost" jurnalının ilk əməkdaşlarından olub. İki dildə nəşr edilən jurnal az vaxt ərzində böyük oxucu marağı cəlb edərək ölkənin ən populyar nəşrlərindən birinə çevrilib[1].
1989-cu ildə böyük dilçi alim və ictimai xadim Aydın Məmmədov onu yeni təşkil olunan Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə dəvət edib. Burada baş elmi işçi, şöbə müdiri və mərkəzin təsis etdiyi "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Mərkəzin qurucusu Aydın Məmmədovun faciəli ölümündən sonra oradakı vəzifəsindən istefa verərək qısa müddət Azərbaycan Milli Məclisinin "Demokratik Azərbaycan" fraksiyasının "Müxalifət" qəzetində çalışıb (yanvar-iyun 1992) və buradan Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətinə "Uşaq, gənclər və maarifçilik" studiyasının baş direktoru vəzifəsinə dəvət olunub. Burada işlədiyi dövrdə Fransa Dövlət Televiziyasında ixtisasartırma təcrübəsi keçib (1993-cü il)[1].
1996-cı ildə "Nəbatinin lirikası" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb və Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllimlik fəaliyyətini davam etdirib. Hazırda həmin kafedranın dosentidir[2]. Universitetdəki işi ilə paralel 1996-cı ildən müqavilə ilə "BP Azərbaycan" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb, şirkətin media və ictimaiyyətlə əlaqələrinin qurulmasında yaxından iştirak edib, video arxivinin idarə edilməsinə məsul olub[2].
Bakıya qayıdandan sonra "Ulduz", "Gənclik" jurnallarında işləmiş, 1990-cı ildən etibarən isə Azərbaycan Yazıçılar İttifaqının Tərcümə Mərkəzinin təsis etdiyi "Yol" ədəbi-ictimai qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmiş, bununla da Azərbaycan mədəniyyəti və fikri tarixində yeni bir mərhələnin açılmasına təkan vermişdir. 1992-ci ildən isə AzTV-də studiya direktoru işləmişdir[1].
1990-cı ilin ortalarından BDU-nun filologiya fakültəsində dosent kimi fəaliyyət göstərir. Əsasən Azərbaycan ədəbiyyatı tarixilə bağlı araşdırmalar aparır.
Universitet tələbələri üçün "Ədəbiyyat nəzəriyyəsi. Müntəxabat" (Bakı, 2018) adlı dərs vəsaitinin, akademik tədqiqatlardan, esselərdən və xatirələrdən ibarət "Sözün o üzündə" (Bakı, 2018), eləcə də Səməd Vuruğun və Səmədoğlular haqqında elmi məqalə, esse, xatirə və müsahibələrdən ibarət "Ocaq yeri" (Bakı, 2019) kitablarının müəllifidir. Ədəbi fəaliyyətinə görə Azərbaycan Yazıçılar Birliyinin və "Ədəbiyyat qəzeti"nin birgə təsis etdiyi Əli bəy Hüseynzadə ədəbi mükafatının laureatıdır (2017)[2].
Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı tarixi (XIX–XX əsrlər) və "Ədəbiyyat nəzəriyyəsi" fənlərini tədris edir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvüdür[2].
M. Osmanoğlu XX əsrin əvvəllərinə aid Azərbaycan nəsrinin təhkiyə sintaksisini bərpa etmişdir. Əslində onun ədəbiyyat tariximizə həsr etdiyi silsilə məqalələr üslubiyyat, ədəbi dil tarixi və nəsr poetikası üçün çox qiymətli araşdırmalardır. Neçə nəslin əzbər bildiyi və sevdiyi uşaq şeirlərinin K. D. Uşinskinin "Rodnoye slovo" ("Ana dili") kitabından götürülməsi ilə bağlı şərhləri filoloji baxımdan ciddi maraq doğurur[1].
Elmi və publisistik yaradıcılığa tələbəlik illərində başlayıb. İlk elmi yazısını – "Cəfər Cabbarlının ədəbi-nəzəri görüşləri" məqaləsini universitet qəzetində nəşr etdirib. 1978-ci ildən Azərbaycan Dövlət Radiosunun uşaqlar üçün proqramlar hazırlayan redaksiyası ilə əməkdaşlıq edib. Balakən rayonunda müəllim işləyərkən bu redaksiyanın ştatdankənar müxbiri kimi fəaliyyətini davam etdirib. 1983-cü ildən "Ulduz" jurnalında ədəbi-tənqidi məqalələrlə çıxış etməyə başlayıb, jurnalın tənqid şöbəsinin fəaliyyətinin yeniləşməsində böyük xidmətləri olub. O vaxt təşkil etdiyi dəyirmi masa müzakirələri və dialoqlar ciddi ictimai rezonans doğurub və həmin yazıların əksəriyyəti müasir elektron mediada yenidən nəşr olunub[2].
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çalışarkən bir sıra əsərləri dilimizə tərcümə edib. Tarixi sənəd olan "Teymur tüzükləri" nin ("Əmir Teymurun vəsiyyətləri" adı ilə) özbəkcədən tərcüməsinin nəşri mərkəzin nəşr etdirdiyi ilk kitab idi. Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu", Qazaxıstanda yaşayan rus yazıçısı Moris Simaşkonun "Sultan Bəybars" povestləri oxucular tərəfindən rəğbətlə qarşılanıb və bədii tərcümə sənətinin layiqli nümunələri hesab edilir. Məti Osmanoğlunun tərcüməsində "Çingiz xanın ağ buludu" İranda, "Teymur tüzükləri" isə İranda nəşr edilib[1].
Azərbaycan televiziyasında çalışdığı dövrdə bir sıra layihələr həyata keçirib, o vaxt çox populyar olan "Dövrə" proqramının müəllifi və aparıcısı olub. Bu, Azərbaycan televiziyasında ilk "tok-şou" proqramı idi. BP şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsində çalışarkən "Pablik rileyşnz" ("İctimaiyyətlə əlaqələr") adlı kitabın tərtibçilərindən biri olub. Bu, PR sahəsində ölkəmizdə nəşr edilmiş ilk kitabdır.
Məti Osmanoğlunun ədəbiyyatşünaslığa dair yüzdən çox elmi və elmi-publisistik məqaləsi nəşr edilib. 2011-ci ildə "Azərbaycan realist poeziyasının təkamülü" adlı kitabı bu mövzuda apardığı axtarışların başlanğıcı kimi maraq doğurur. Hazırda XIX əsr Azərbaycan poeziyasının təkamülü" mövzusunda təqdiqat aparır[2].
Məti Osmanoğlu bir çox nəsr əsərlərinin müəllifidir. Onun hekayələri olduqca dərin, ibrətamiz məzmunu ilə fərqlənir. İnsan və cəmiyyət, özgələşmə problemləri nasirin yaradıcılığında mühüm yer tutur.
“Məti Osmanoğlu araşdırmaçı kimi ciddi alimdir. O, elmi-nəzəri inkişafın hər mərhələsində milli ədəbi keçmişi nəzərdən keçirməyi vacib hesab edir. Ədəbiyyat tariximizin, onun müxtəlif dövrləri və məsələlərinin ciddi elmi əsaslarla öyrənilməsi alimin araşdırmalarının nəzəri, xronoloji hüdudlarını şərtləndirir. İctimai-ədəbi fikrimizin müəyyən inkişaf prosesindəki yerini və rolunu müəyyənləşdirən bu yazılarla Məti Osmanoğlu fərqli bir yol qət edir. Bu məqalələrdə sağlam nəzəri baxış, irsə məhəbbət və bələdlik var, ədəbi hadisələrə həssas və incə yanaşma hakimdir. Ədəbi-fəlsəfi fikri, milli-mənəvi vətəndaşlıq tarixini təmsil edən əksər imzalar kitabdakı məqalələrdən keçir. Milli ədəbi-bədii fikrin tarixi inkişafına xas ümumi qanunauyğunluqlar Məti Osmanoğlunun nəzəri yanaşmasında şərhini daha da dərinləşdirir. Alimin "Aldanmış kəvakibdə ironiya", "Əvvəlinci qəzetimiz", "Əkinçi"də şeir davası", "Faciə əsrimizin müqəddiməsi", "Əhməd Həmdi bəy və Mirzə Feyzulla" və s. bu kimi yazıları bir çox nəzəri problemlərin öyrənilməsi istiqamətində müəyyən mərhələyə metodoloji yekunlar vuran və yeni mərhələ üçün nəzəri prespektiv açan məqalələr kimi dəyərlidir”. Elnarə Akimova
|
"Rodnoye slovo" - "Dilimizin doğma kitabı", "Vətən dilindən başlanan yol" və "Bir şeirin əks-sədası" adlı silsilə məqalələri 20-ci əsrin əvvəllərində "Rodnoye slovo" dərsliyindəki mətnlərin Azərbaycan bədii təcrübəsində oynadığı rol haqqındadır və son on ilin ən maraqlı, ən səviyyəli araşdırmalarıdır. M.Osmanoğlu yazır ki, "janrın və üslubun bir dildən başqa dilə transformasiyası baş verməkdə idi (və ya verirdi). Rus dilindən tərcümə (və ya iqtibas) edilib, Azərbaycan dilində səsləndirilən mətnlər bədii sözün gerçəkliyə münasibətinin, sözlə gerçəklik, mətnlə onun adresatı arasındakı baxış bucağının dəyişməsini təmin edirdi". Rüstəm Kamal
|