Maarif Əkbərov

Əkbərov Maarif Süleyman oğlu — riyaziyyatçı, filosof, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə Azərbaycanda ilk mütəxəssis-alim, fəlsəfə elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru.[mənbə göstərin]

Maarif Əkbərov
Maarif Süleyman oğlu Əkbərov
Doğum tarixi
Doğum yeri SSRİ SSRİ
Ermənistan Sovet Sosialist Respublikası Ermənistan SSR, Vedi rayonunu, Goravan kəndi
Vəfat tarixi
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahəsi riyaziyyat
Elmi dərəcələri fəlsəfə elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru.
Təhsili ali

Maarif Süleyman oğlu Əkbərov 1930-cu ildə Qərbi Azərbaycanda (Ermənistanın) Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riyaziyyat müəllimi, kitabxana müdiri vəzifələrində çalışmışdır. O, Azərbaycanda Ucar rayonunun Qaradağlı kəndində ibtidai məktəb müəllimi işləmişdir.

M.Əkbərov Böyük Vətən Müharibəsi illərində və məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, yüksək əmək nümunəsi göstərərək "1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə" medalı ilə təltif edilmişdir.

Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin universitetin Cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. Alim 1953-1959-cu illərdə orada ali cəbr və elementar cəbr fənlərindən dərs demiş, "Elementar riyaziyyat" kafedrasının müdiri işləmişdir.

Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə "Riyaziyyat elminin fəlsəfi problemləri" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib "Riyaziyyatda həqiqət problemi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır. O, BDU-nun Həndəsə-cəbr, Cəbr və topologiya, Həndəsə kafedralarında fəaliyyət göstərmişdir. Maarif Əkbərov 1980-1992-ci illərdə BDU-nun Cəbr və topologiya kafedrasına rəhbərlik etmiş, "Ali cəbr", "Cəbr və ədədlər nəzəriyyəsi", "Riyaziyyatın fəlsəfi-metodoloji əsasları" fənlərindən dərs demiş, cəbrdən və riyaziyyatın fəlsəfi, metodoloji problemlərinə dair tədqiqat işi aparmış, kadrlar hazırlamışdır.

Maarif Əkbərov 1970-1972-ci illərdə "riyaziyyatın fəlsəfəsi" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktoranturasında təhsilini davam etdirib, orada "Riyaziyyatın bəzi fəlsəfi problemləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, bu sahədə (09.00.08 indeksi üzrə) Azərbaycanda ilk və yeganə elmlər doktoru olmuş, dəqiq elmlərin fəlsəfəsi üzrə respublikada ilk cığır açan mütəxəssis-alim kimi tanınmışdır.

1966-cı ildə ona Həndəsə-cəbr kafedrası üzrə dosentlik, 1977-ci ildə isə Cəbr və topologiya kafedrası üzrə professorluq elmi adları verilmişdir. Bununla da, alim iki elm sahəsində çalışan, riyaziyyat ixtisası üzrə dosentlik və professorluq elmi adları, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə fəlsəfə elmləri namizədi və fəlsəfə elmləri doktoru elmi dərəcələri qazanmış yeganə mütəxəssisdir.

Maarif Əkbərov bir çox elmi konfrans və simpoziumların iştirakçısı olmuş, elmi məruzələrlə çıxış etmişdir. Alim maarifçilik, elmi biliklərin inkişafı və təbliği sahəsindəki xidmətlərinə görə 1995-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür.

Maarif Əkbərov 18 kitabın, 3 iri həcmli monoqrafiyanın, ali məktəblər üçün 3 dərs vəsaitinin, ümumiyyətlə, 100-dən çox elmi-nəzəri, elmi-kütləvi, elmi-metodik və publisist xarakterli kitab, kitabça və məqalələrin müəllifidir.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Kibernetika və onun xalq təsərrüfatında əhəmiyyəti. Bakı, 1965
  • Роль математики в познание. Москва, 1967
  • Kibernetika və incəsənət. Bakı, 1968
  • Riyaziyyat haqqında söhbətlər. Bakı, 1969
  • Riyaziyyat və fəlsəfə. Bakı, 1971
  • Ali cəbr. Bakı, 1976
  • Kibernetika haqqında düşüncələr. Bakı, 1989
  • Riyaziyyatın fəlsəfi problemləri. Bakı, 1992
  • Ədədlər dünyasında. Bakı, 1998
  • Ədədlər və fiqurlar aləmində. Bakı, 1999 [1]
  • Cəbrdən mühazirələr. Bakı, 2001
  • Cəbr və ədədlər nəzəriyyəsi. Bakı, 2005 və b.

Maarif Əkbərov haqqında

[redaktə | mənbəni redaktə et]

Maarif Əkbərovun həyatı, elmi fəaliyyəti, əsərləri haqqında onlarla məqalələr yazılmışdır. Qeyd etmək lazımdır ki, alimin elmi fəaliyyəti haqqında mətbuat səhifələrində 1960-cı illərdən etibarən məqalələr dərc edilmişdir. Bu mənada Qabil Seyidovun "Riyaziyyatçı-filosof" ("Kommunist" qəzeti, 23 may 1963), Moskvada çap edilən "Riyaziyyatın idrakda rolu" adlı kitabına N.İbrahimovun yazdığı "Qiymətli kitabça" ("Kommunist" qəzeti, 20 fevral 1968), Ə.Allahverdiyevin "Riyaziyyat və fəlsəfə" kitabı haqqında olan "Maraqlı tədqiqat əsəri" ("Bakı" qəzeti, 11 avqust 1972), F.Q.Maqsudovun və M.H.Cavadovun "Ali cəbr" kitabı haqqında yazdıqları "Qiymətli dərs vəsaiti" ("Kommunist" qəzeti, 8 iyul 1976) və başqa bu kimi məqalələrdə Maarif Əkbərovun elmi fəaliyyətindən bəhs edilir.

Həqiqət Kərimovanın "Azərbaycanın ilk riyaziyyatçı-filosofu" kitabında alimin həyat və yaradıcılığı geniş şəkildə əks olunur və bu kitab Maarif Əkbərovun 70 illiyinə həsr edilmişdir.[2]

Maarif Əkbərovun 75 illik yubileyi ilə əlaqədar 2005-ci ildə 190 saylı orta məktəbdə alimin müəllim və şagird kollektivi ilə görüşü keçirilmişdir.[3]

Nərgiz Rüstəmlinin "Görkəmli riyaziyyatçı filosof, elm fədaisi" ("Respublika" qəzeti, 17 avqust 2006-cı il) məqaləsində də Maarif Əkbərovun həyat və yaradışılığından bəhs edilir və alimin işıqlı xatirəsi yada salınır.[4]

  • Qabil Seyidov. Riyaziyyatçı-filosof. "Kommunist" qəzeti, 23 may 1963
  • N.İbrahimov. Qiymətli kitabça. "Kommunist" qəzeti, 20 fevral 1968-ci il
  • Ə.Allahverdiyev. Maraqlı tədqiqat əsəri. "Bakı" qəzeti, 11 avqust 1972-ci il 4. F.Q.Maqsudov, M.H.Cavadov. Qiymətli dərs vəsaiti. "Kommunist" qəzeti, 8 iyul 1976-cı il
  • Bayram Qaralov. Oxunaqlı kitab. "Səs" qəzeti, 20 iyul 1993-cü il
  • İ.Əliyeva. Elmə həsr olunan ömür. (Maarif Əkbərovla müsahibə). "Yeni Azərbaycan" qəzeti, 1 iyul 1995-ci il
  • Məmməd Yaqubov. Mənalı həyat yolu. "Bakı Universiteti" qəzeti, 13 aprel 2000-ci il
  • Müzəffər Əsgərov. "Azərbaycanın ilk riyaziyyatçı-filosofu". "Ziyalı" qəzeti, 8-14 mart 2002-ci il
  • Etibar Əlişoğlu. Azərbaycanın ilk riyaziyyatçı-filosofu. "İdrak" qəzeti, 16 avqust 2003-cü il
  • S.Məmməd. Alimlə görüş. "Respublika" qəzeti, 15 mart 2005-ci il
  • Nərgiz Rüstəmli. Görkəmli riyaziyyatçı filosof, elm fədaisi. "Respublika" qəzeti, 17 avqust 2006-cı il
  1. "Təbiət elmləri bütövlükdə". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-11.
  2. Müzəffər Əsgərov. "Azərbaycanın ilk riyaziyyatçı-filosofu". "Ziyalı" qəzeti, 8-14 mart 2002-ci il
  3. S.Məmməd. Alimlə görüş. "Respublika" qəzeti, 15 mart 2005-ci il
  4. Nərgiz Rüstəmli. Görkəmli riyaziyyatçı filosof, elm fədaisi. "Respublika" qəzeti, 17 avqust 2006-cı il