Mahmud Qara oğlu Allahverdiyev (15 may 1930, İmirhəsən, Bolnisi, Gürcüstan SSR, SSRİ – 2 dekabr 1999) — teatr tənqidçisi, ədəbiyyatşünas, 1985-ci ildən Azərbaycan Yazıçılar birliyinin üzvü, sənətşünaslıq doktoru (1991), professor (1985).
Mahmud Allahverdiyev | |
---|---|
Mahmud Qara oğlu Allahverdiyev | |
Doğum tarixi | |
Doğum yeri | İmirhəsən, Bolnisi, Gürcüstan SSR |
Vəfat tarixi | (68 yaşında) |
Mükafatları |
1931-ci ilin mayın 15-də Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi, qonşu Faxralı, Arıxlı kəndlərində orta məktəbi bitirmişdir (1950). Bir müddət kolxozda işlədikdən sonra Bakı Dövlət Teatr İnstitutunda təhsil almışdır. Bu dövrdə Nizami təqaüdçüsü olmaqla yanaşı, fəal ictimaiyyətçi-tələbə kimi tanınmış, institut həmkarlar təşkilatının katibi olmuşdur. M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrında aktyor işləmişdir (1955-1962). Eyni zamanda teatr institutunda teatr tarixindən mühazirə oxumuşdur.[1]
Ədəbi fəaliyyətə 1963-cü ildə "Azərbaycan kommunisti" jurnalında çap olunan nitq mədəniyyəti haqqında məqaləsi ilə başlamışdır. Dövri mətbuatda müasir milli teatr və dramaturgiya problemlərinə dair məqalələrlə vaxtaşırı çıxış etmişdir. "Müasir aktyor yaradıcılığı Ələsgər Ələkbərov" mövzusunda namizədlik (1966), "Azərbaycan xalq teatrının kökləri, növləri və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Moskvada "Nauka" nəşriyyatının buraxdığı "SSRİ folklor teatrı" (1985) kitabının müəlliflərindən biridir. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda teatr və kino şöbəsinin aspirantı olmuşdur (1962-1965). Sonra həmi şöbədə kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir (1965-1972). M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr tarixi kafedrasında dosent (1972-1978), kafedra müdiri (1978-1993), həm də institutda tədris və elmi işlər üzrə prorektor olmuşdur (1982-1993). Türkiyədə İstanbul şəhərindəki Memar Sinan Universitetinin teatr və musiqi bölümündə Azərbaycan və rus teatr tarixindən mühazirə oxumuşdur. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1959) və "Əməkdə fərqlənməyə görə" medalı (1981) ilə təltif edilmişdir.[1]
1999-cu il, dekabrın 2-də vəfat etmişdir.