Mahmud Zəncani -mənşəcə Azərbaycan türklərindən olan dilçi və ilahiyyat alimi.
MAHMUD ZƏNCANİ | |
---|---|
Şihabəddin Mahmud bin Əhməd bin Mahmud Əbu əl-MənaqibƏz-Zəncani | |
Doğum tarixi | |
Doğum yeri | Zəncan |
Vəfat tarixi | |
Vəfat yeri | Bağdad |
Fəaliyyəti | fəqih, qazı, dilçi, müfəssir, mühəddis, müəllim |
Gorkəmli alim Əz-Zəncani Mahmud bin Əhməd bin Mahmud Əbu əl-Mənaqib Şihabəddin 1177 (8)-ci ildə orta əsrlər Azərbaycanının elm mərkəzlərindən birində-Zəncan şəhərində anadan olmuşdur. Yaxşı təhsil almış və uzun müddət Bağdadda yaşamışdır. Burada o zaman bütün Şərqdə tanınan "Nizamiyyə" və "Müstənsiriyyə" mədrəsələrində dərs demişdir. Bir müddət hətta Bağdadın qazisi də olmuşudr. Mahmud Zəncani 81 yaşında 1258-ci ildə vəfat etmişdir.
Mahmud Zəncani Bağdadın və bütün ölkənin alimləri arasında böyük nüfuz sahibi idi. Məşhur ərəb tarixçisi Məhəmməd Zəhəbi onun haqqında yazırdı:
"Mahmud bilik dəryası idi."
O, şafii məzhəbi üzrə görkəmli ilahiyyatcı kimi "Quran"a şərh yazsa da tarixə ərəb dilinin qısa izahlı lüğətini tərtib etməsi ilə düşmüşdür."Tərvih əl-ərvah fi Təhzib əs Sihah" ("Ruhların təmizlənməsi və Sihahın düzəlməsi") adlanan bu əsər İsmayıl əl-Covhəri Farabinin məşhur lüğətinə şərh kimi yaranmışdı.
Orta əsrlərdə Şərqdə məşhur alimlərin geniş yayılmış əsərlərinə şərhlər yazmaq ənənə halını almışdı. Adətən, bu cür şərhlər müxtəlif məqsədlər daşıyırdı. Bəzən görkəmli alimlərin dərin elmi araşdırmaları əsasında kütləvi dərsliklər yaradılmasına, bəzən isə həmin əsərlərin ciddi təhlilinə xidmət edirdi. Ancaq hər iki halda şərhçilər məşhur alimlərin adlarından həm də oxucunun diqqətini öz əsərlərinə cəlb etməkdən ötrü istifadə edirdilər. Və bir qayda olaraq bu şərhlərdə müəlliflərin özlərinin də çoxsaylı fikir və ideyaları olurdu. Misal üçün Farabinin 40 mindən artıq söz və ifadəni əhatə edən lüğətinə müxtəlif ölkələrin ən məşhur alimləri, xüsusilə Əbu Səhl əl-Hərəvi, Əbül-Tasim əl-Bəsri, ibn Qatta, Tacəddin əl-Lüçəvi və başqaları tərəfindən şərhlər yazılmışdı.
Mahmud Zəncaniyə gəlincə, onun əsəri oz həcminə gorə Farabinin luğətindən kiçikdir və yalnız daha işlək və zamanın sınağından çıxmış sözləri əhatə edir. Burada həmçinin bəzi sözlərə düzəlişlər də yer tutub. Görünür, bu lüğətin tərtibində müəllimlik təcrübəsi onun köməyinə gəlmişdir. Belə ki, bir müddət sonra Mahmud "Tərvih əl ərvah"ın təlabatla ayaqlaşmadığını anlayaraq, lüğəti xeyli qısaldır, təgmilləşdirir və adını da dəyişib "Tənqih əl-Sihah" ("Sihahın yenidən nəzərdən keçirilməsi") qoyur. Bu əsərin XVIII yüzilliyə qədər müxtəlif əsrlərdə üzü köçürülən əlyazmalarının dünyanın bir çox kitabxanalarında qeydə alınması sübut edir ki, uzun əsrlər boyu həmin lüğət ərəb dilini öyrənənlər arasında populyar olmuşdur.