Mail Amanov

Mail Vəli oğlu Amanov (1938[1], Nüvədi, Meğri rayonu2007[1]) — professor, Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru.

Mail Amanov
Amanov Mail Vəli oğlu
Doğum tarixi 1938[1]
Doğum yeri
Vəfat tarixi 2007[1]
Milliyyəti azərbaycanlı
Elm sahəsi üzümçülük
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor

Mail Amanov 15 iyun 1938-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Megri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Meyvəçilik, Tərəvəzçilik və Üzümçülük" fakültəsinə qəbul olunmuşdur. İnstitutu müvəffəqiyyətlə başa vuraraq öz doğma kəndi olan Nüvədi "Qırmızı Sərhəd" kolxozunda 1960-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1963-cü ilin sentyabr ayında Bakı şəhərində Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun aspiranturasına qəbul olmuşdur.

1964–1979-cu illərdə Nüvədi kənd "Qırmızı Sərhəd" kolxozunun idarə heyətinin sədri vəzifəsində işləmişdir. 1969-cu ilin may ayında İrəvan Kənd Təsərrüfatı İnstitutunda Üzümçülük ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

1975–1980-ci illərdə partiya komitəsinin katibi, 1985-ci ildən 1991-ci ilə qədər Nüvədi kənd Kolxozu İdarə Heyətinin sədri olmuşdur. 1985-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir. 1985-ci ildə Ermənistan Ali Sovetinin deputatı seçilmişdir.

1988-ci ilin noyabr ayında Ermənistan Respublikası Ali Sovetinin Sessiyasında yeganə azərbaycanlı kimi iştirak etmişdir. Sessiyada Arkadi Volskinin və baş katib Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı yeritdikləri qərəzli düşmənçilik siyasətinin canlı şahidi olmuşdur.

1989-cu ilin oktyabr ayının 10-da Megri rayonunda 5 nəfər kolxoz üzvü ilə erməni daşnakları tərəfindən girov götürülmüşdür. 1988–1991-ci illər ərzində Nüvədi kəndini tərk etməyib erməni daşnaklarına qarşı mərdliklə mübarizə aparmışdır.

1995-ci ilin iyul ayından 2007-ci ilə qədər Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru vəzifəsində çalışmışdır. İnstitutun direktoru vəzifəsində işlədiyi dövr ərzində Respublikada Üzümçülüyün inkişaf etdirilməsi istiqamətində dəyərli tədqiqatlar aparmışdır. O, respublika iqtisadiyyatının strateji sahəsi olan üzümçülüyün və onun emalı sənayesinin 2002–2010-cu illər üçün inkişaf konsepsiyasını işləyib hazırlamışdır.

M. V. Amanov Azərbaycanda üzüm genofondunun toplanmasına və qorunub saxlanmasına böyük diqqət yetirirdi. Məhz onun təşəbbüsü ilə 2002–2003-cü illərdə 15 hektar sahədə 310 yerli və gətirilmə üzüm sortundan ampelorafik kolleksiya bağı salınmışdır. Həmin kolleksiya genofondun qorunması baxımından dünyəvi əhəmiyyətə malik bir fonddur.

İnstituta rəhbərlik etdiyi illərdə AzETÜŞİ yeni yaradılan seleksiya sortlarına və aparılan digər elmi-tədqiqat işlərinə görə 1998-ci ildə Madrid şəhərində yerləşən Ticarət Liderləri Klubu tərəfindən "Keyfiyyətə görə" XXVII — Beynəlxalq prizə, 2002-ci ildə isə Meksikanın Milli Marketinq İnstitutu tərəfindən "Almaz Ulduz" beynəlxalq mükafata layiq görülmüşdür.

Mail Amanov 2002-ci ildə Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü seçilmişdir.

2007-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və uzun illərin elmi axtarışları nəticəsində Azərbaycanda yabanı üzümün indiyə qədər məlum olmayan yeni iki növ müxtəlifliyini müəyyən etmişdir.

Yer kürəsinin dördüncü daş dövründən Respublikanın Talış dağlarında məskunlaşmış Vitis Labrusca L. üzüm növünün vətəninin Amerika qitəsi ilə yanaşı, həm də Azərbaycanın olması ideyasını elmi araşdırmalar və dəlillərlə sübuta yetirmişdir.

M. V. Amanovun rəhbərliyi altında İnstitutda şərab və likorların yeni istehsal texnologiyaları və resepturaları hazırlanmışdır. "Abşeron-şərab" Səhmdar Cəmiyyəti həmin resepturalar əsasında müxtəlif çeşiddə likor istehsal edir. Bu elmi tapıntılar üzümün vətənlərindən biri olan Azərbaycan üçün böyük elmi əhəmiyyətli məsələlərdən biridir.

M. V. Amanovun üzümün genofondu üzrə apardığı elmi-tədqiqatlar Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutunun (İPQRİ) alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.

O, 184-dən çox elmi əsərin, o cümlədən bir monoqrafiya, 1 buklet, 1 məcmuə və 34 kitabçanın müəllifidir.

Mail Amanovun xatirəsi insanlığın ən yüksək zirvəsində olan bir şəxsiyyət kimi yaddaşımızda həmişəlik qalacaq və qəlbimizdə əbədi yaşayacaqdır.