Maqdalena Ventura əri və oğlu ilə

Maddalena Ventura əri və oğlu ilə (isp. Maddalena Ventura con il marito e il figlio) və ya Saqqallı qadın (isp. Donna barbuta) — Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində (196 × 127) portret janrında çəkilmiş rəsm əsəridir. Əsər Madriddəki Prado muzeyinin kolleksiyasında saxlanılır. Təsvir edilən obyektin qeyri-adiliyinə görə portret XVII əsr Avropa rəssamlığının ən nadir nümunələrindən biri hesab edilir.[1][2]

Maddalena Ventura əri və oğlu ilə
isp. Maddalena Ventura con il marito e il figlio
Rəssam Xose de Ribera
Tarixi 1631
Üslubu qrup portreti[d]
Texnikası yağlı boya və kətan
Ölçüləri 212 sm × 144 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Prado muzeyi
Saytı artble.com/artists/jusep…
fundacionmedinaceli.org/…
wga.hu/html/r/ribera/1/b…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsviri[redaktə | mənbəni redaktə et]

Rəsmdə üzü sıx saqqalla örtülmüş və döşündən körpəsini əmizdirən qadın təsvir edilmişdir. Sol tərəfdə zəif işıq altında onun həyat yoldaşı təsvir edilmişdir. Sənədli iş xarakteri daşıyan bu əsərdə saqqal və kişi üz cizgilərinə malik qeyri-adi qadının mümkün qədər realistik təsviri yaradılmışdır. Buna görə də əsas qəhrəman ailəsi, o cümlədən həyat yoldaşı və yeni doğulmuş körpəsi ilə birlikdə təsvir edilmişdir.[3] Rəsmdə uşağı əmizdirən böyük döş və qadın geyimi yeganə qadınlıq göstəriciləridir.[4]

Qaranlıq otaqda tam boy ölçüsündə təsvir edilmiş fiqurlar birbaşa izləyiciyə baxırlar. Karravacco stilində işıq-kölgə effektlərinə üstünlük verildiyi əsərdə işıq yanız xüsusi detalları işıqlandırmaq üçün istifadə edilmişdir. Müəllif cütlüyü çox realistik üslubda təsvir etməklə, eyni zamanda onlara hörmətini də ifadə edir. Xanımın dərisində zaman əlamətləri və qırışlar dəqiqliklə göstərilmiş, o cümlədən onun geyiminin hazırlandığı parçalar və döşlüyü çox realistik təsvir edilmişdir. Kişi və qadının məzlum üz ifadəsi izləyicidə gülüş yox hörmət hissi oyadır.[4]

Personajların sağ tərəfində üzərində latın dilində yazı olan iki daş vardır. Daş üzərinə qadınlıq atributları olan kirmən və yun ip personajın əsl kimliyini büruzə verir.[4]

Tarixi[redaktə | mənbəni redaktə et]

Portretdə təsvir edilən ailənin sağ tərəfində iki daş blok üzərində yazılmış latın dilində uzun epiqrafdan portretdəki obtektlərin tarixçəsini öyrənmək mümkündür[5]:

Kitabədən məlum olur ki, təsvir edilmiş əsas şəxs İtaliyadakı Akkumoli şəhərinin sakini olmuş Maddalena Venturadır; həyat yoldaşı Feliçeyə üç övlad bəxş etməsindən sonra, 37 yaşında Maddalenanın sıx saqqalı çıxmağa başlayır, 52 yaşı olduqda – 1631-ci ildə isə vitse-kral onu Neapola dəvət edərək "təbiətin böyük möcüzəsi" kimi qəbul edir.

Epiqrafda bildirilir ki, portret Neapol vitse-kralı Fernando Afan de Ribera tərəfindən yeni Apelles adlandırılan Məsih ordeninə layiq görülmüş "ispaniyalı Xose de Ribera"ya sifariş edilmişdi. Rəsm üzərində onun tarixi 16 fevral 1631-ci il kimi göstərilmişdir.[2][4]

Rəsmin işlənməsi isə Venesiya səfirinin 11 fevral 1631-ci ildə yazdığı məktubunda təsvir edilmişdi. Neapol kralının sarayına səfərini təsvir edən səfir yazır:

" Vitse-kralın sarayında məşhur rəssam Abruççodan olan evli və çoxuşaqlı qadının portretini çəkirdi. Onun tamamilə kişi üzünə oxşayan siması saqqalla örtülmüşdü. Vitse-kral onu mənə ecazkar bir hadisə kimi təqdim etdi.[6] "

Oxşar əsərlər[redaktə | mənbəni redaktə et]

Maddalena Venturanın portreti hirsutizmdən əziyyət çəkən qadınların təsvir edildiyi azsaylı rəsm əsərlərindən biridir. Digər oxşar əsər "Barbuda de Penyaranda" kimi tanınan Briqida de los Riosun portretidir. Əlli yaşlı qadın olan Briqida sıx saqqallıdır və saç seyrəkləşmişdir. 1590-cı ildə İspaniya rəssamı Xuan Sançes Kotan tərəfindən çəkilmiş portret hazırda Madriddəki Prado muzeyində saxlanılır.[5][7][8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mancini, cit., p. 110.
  2. 1 2 "The Bearded Woman" (ingilis). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2018.
  3. Alcuni autori considerano il bambino l'ultimo nato della coppia. Secondo altre fonti è difficile che il bambino sia figlio di Maddalena dal momento che al momento del ritratto la donna aveva 52 anni."Magdalena Ventura". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2018."The Bearded Woman" (ingilis). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2018.
  4. 1 2 3 4 "Jusepe da Ribera. Donna Barbuta". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2018.
  5. 1 2 >"Magdalena Ventura". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2018.
  6. "La mujer barbuda" (ispan). 2018-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2018.
  7. "Juan Sánchez Cotán e l'irsutismo". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2018.
  8. museodelprado.es (redaktor). "Brígida del Río, the Bearded Lady of Peñaranda" (ingilis). 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2018.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Giorgia Mancini, Ribera, Milano, Rizzoli, 2004.