Marionet — oyunçu tərəfindən saplarla idarə olunan bəndli kukla. Saplar kuklanın ayrı-ayrı bəndlərinə bağlanır. Əvvəllər belə kuklalar ağacdan hazırlanırdı. Onun başı cökə ağacından hazırlanırdı, çünki bu hissədə daha incə səth strukturuna ehtiyac vardı. Hal-hazırda mövzudan asılı olaraq müxtəlif materiallardan istifadə olunur: bərk və yumşaq köpük, lateks, kağız və ya ağac qarışığı və s.
Əl kuklaları ilə müqayisədə burada fiqur bütöv təsvir oluna və hərəkət etdirilə bilir. Bundan əlavə oyunçu tam gizli şəkildə kuklanı idarə etmək imkanına malikdir. Belə ki, tamaşaçılar üçün yalnız hərəkətdə olan fiqur görünür. Bu XIX əsrdə yeni bir teatr üslubunun yaranmasına gətirib çıxarmışdır. Moda, teatr səhnəsi və operanın çox vaxt marionet səhnəsində nümayişi yayılmışdır. Marionet kuklalar ipdən asıldıqları üçün yırğalanma və ağırlıq qanununa tabe olaraq tətbiq oluna bilirlər. Yəni onların qucaqlaşması, bir-birinə qarşı güclü, qarşılıqlı hərəkətdə olmaları mümkün deyil. Digər tərəfdən onların sərbəst hərəkət edə bilmələri aktyorların bacarmadıqları oyunları icra etməyə şərait yaradır.
Marionet formalı bəndli kuklalar hələ Antik dövründə mövcud idilər. Qədim Misirdə və Yunanıstanda Noyrospatma adlanan fiqurlar geniş yayılmışırlar. Peşəkar oyunçular öz kuklaları ilə gündəlik çörək pulu qazanırdılar.
"Marionet" sözünün orta əsrlərdə Mariyanı əks elətdirən kuklaların adından gəldiyi güman edilir. Çox vaxt kiçik kuklalara "Mariya" sözünün kiçildici şəkildə işlədilirdi. Venesiyada qədim mexaniki kuklaların Milad bayramı və digər dini bayramalar ərəfəsində düzəldilib satılması yuxarıdakı ehitmalı gücləndirir. Qədim kitabların bəzilərində isə bunun italyan əsilli ixtiraçının adı ilə bağlı olması göstərilir.