Maymayzu-ido

Qonokami məbədində yerləşən maymayzu-ido.

Maymayzu-ido (まいまいず井戸?, hərf. "ilbiz su quyusu")Yaponiyanın Musaşino regionuna xas olan qədim su quyusu növü. Bu su quyuları spiral formasında qazıldığı üçün bu cür adlanmışdır. Bənzər struktura İzu adalarında da təsadüf edilmişdir.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Maymayzu-ido" yapon dilinin Tama dialektindən tərcümədə "ilbiz su quyusu" deməkdir. Bu cür adlanmasının səbəbi quyunun spiral formasında qazılması və yuxarıdan ilbiz qabığına oxşamasıdır. Musaşino platosunun gilli toprağında şaquli formada quyu qazmaq topraq sürüşməsi təhlükəsinə səbəb olduğu üçün su quyuları spiral formasında qazılırdı. Maymayzu-idolar orta əsrlərdə Tokio və ətraf ərazilərin əsas içməli su mənbələrindən biri olmuşdur.[2]

Maymayzu-quyusu qazmaq üçün əvvəlcə yumşaq gil təbəqələrini dəf edərək spiral çuxur qazmaq və aşağıya uzanan cığır yaratmaq lazım idi. Bundan sonra ən dib nöqtədə suyu çıxarmaq üçün şaquli quyu qazılırdı. Prosesin çətinliyi səbəbilə orta əsrlərin əvvəllərində yaranmış "çətin qazılan quyu" (ほりかねの井, horikane-no-i?) ifadəsi Musaşino regionu ilə əlaqələndirilən epitet olmuşdur.[3]

Ome-Şinmaçi maymayzu quyusu

Ome şəhərinin Şinmaçi bölgəsində yerləşir və böyük maymayzu-idodur. Ome–Çiçibu yolundan keçən yolçular tərəfindən 400–500 il əvvəl qazıldığı güman olunur. Quyu 33 metr enində və 7 metr dərinliyindədir. Quyu ərazisi 1987-ci ildə aşkar olunmuş və tarixi əhəmiyyəti səbəbilə həmin il Oido parkında bərpa olunmuşdur.[2]

Qonokami maymayzu quyusu

Hamura şəhərində tikilmiş Qonokami məbədində yerləşir. XIII–XIV əsrlərdə qazıldığı güman olunsa da, yerli əfsanəyə görə 806–810-cu illərdə qazılmışdır. Yaxınlıqdakı kəndin içməli su ehtiyacını qarşılayan quyu 1741-ci ildə bərpa olunmuş və 1960-cı ilə qədər istifadə olunmağa davam etmişdir. Tarixi yer statusunu daşıyan bu maymayzu quyusunun eni 16 metr, dərinliyi 4,3 metrdir.[3]

  1. "Maimaizu Well". Tokio Metropolitan Hökuməti (ingiliscə). İstifadə tarixi: 11 fevral 2024.
  2. 1 2 "Great Well of Ōme-Shinmachi". Atlas Obscura (ingiliscə). 13 dekabr 2023. 11 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2024.
  3. 1 2 "Gonokami Maimaizu Well". Atlas Obscura (ingiliscə). 2 noyabr 2023. 11 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]