Mehracnamə — klassik ədəbiyyatda, xalq poeziyasında Məhəmməd peyğəmbərin merac səfəri ilə bağlı yazılmış şeirlərdir. Merac, mirac – "yüksəlmə", "qalxma" deməkdir. Leylət əl-Merac – Məhəmməd peyğəmbərin merac etdiyi gecə (Qəməri təqvimi ilə 7-ci ay – Rəcəbin 27-si) dini bayram kimi İslamda qeyd edilir. Ona Rəcəb bayramı deyilir. Dini rəvayətə görə, həmin gecə Məhəmməd peyğəmbər göyün üzü ilə Qüdsə əfsanəvi səyahət etmişdir. Oradan isə “nur pilləkəni” ilə qalxaraq Allahla görüşüb söhbət etmişdir.
Meraca bəzən “pilləkən gecəsi” də deyirlər. Şərq, eləcə də türk xalqlarının ədəbiyyatında məhz meracla bağlı şeirlər yaranmışdır ki, bu silsilədən yaranan nümunələri meracnamələr kimi bir anlamda təhlil etmişlər.
Yunis İmrənin “Ya Rəbbi Səttarül-Eyyub, səndən dilərəm ümmətim” və s. bu silsiləyə daxildir.
Merac mövzusu aşıq yaradıcılığında tez-tez xatırlanır. Məhəmməd peyğəmbərin meraca getməsinin təəssüratları (hansı atı minməsi, hansı gündə səfərə çıxması, kimlərlə rastlaşması və s.) müxtəlif aşıq deyişmələrində sorğu mövzusu olmuşdur.[1]