Meltzer Komitəsi (ing. Meltzer Commission) — 1998-ci ildə ABŞ Konqresi tərəfindən yaradılmış Beynəlxalq Maliyyə Qurumları üzrə Məsləhətçi Komitənin qısa adıdır. Rəhbəri olmuş Allan Meltzerin adı ilə çağrılır.
Meltzer Komitəsinin məqsədi BVF və DB kimi dünya miqyaslı iqtisadi təşkilatlara ABŞ dövlətinin ayırdığı vəsaitin hədər gedib-getmədiyini üzə çıxarmaq və onların fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürməkdir. Komitənin verdiyi ən mühüm tövsiyələrdən biri BVF və DB arasında aydın əmək bölgüsünü bərpa edib təkrarlanan funksiyaları aradan götürməkdir. Bu baxımdan BVF-nin orta və uzun müddətə borc verməsini dayandırmaq və bunu yalnız DB-nın regional qollarının öhdəsinə buraxmaq məsləhət görülür. BVF isə son çarə kreditoru olaraq yalnız maliyyə sabitliyi baxımından əvvəlcədən müəyyən olunmuş şərtləri ödəyən ölkələrə qısamüddətli kreditlər ayırmalıdır. Həmçinin, Fondun kreditləri bazar qiymətlərindən xeyli yüksək faiz dərəcəsi ilə verilməlidir ki, ona doğrudan da son çarə kimi müraciət olunsun. Beləcə,BVF dünya maliyyə sabitliyini qoruyan və üzvü olan ölkələrdə sağlam fiskal siyasəti təbliğ edən “daha kiçik bir qurum” şəklinə düşər. DB-nin isə öz növbəsində “Dünya İnkişaf Agentliyinə” çevrilərək yoxsul ölkələrə borc verməkdənsə, səylərini texniki yardım və yoxsulluğu azaltma qrantlarının verilməsinə yönəltməsi lazım bilinir. Borcvermə də daxil olmaqla qalan funksiyaları regional inkişaf bankları yerinə yetirməlidir. Komitəyə görə, DB regional inkişaf banklarının arzuolunar səviyyədə olmadığı Afrika və bəzi Orta Şərq ölkələrinə xüsusi diqqət ayırmalıdır. Komitənin Beynəlxalq Hesablaşmalar Bankı və Dünya Ticarət Təşkilatı ilə bağlı daha kiçik miqyaslı tövsiyələri vardır. Meltzer Komitəsinin tövsiyələrinə münasibət birmənalı deyildir.Çox vaxt bu fikir bildirənin siyasi mənsubiyyətindən asılı olur.Belə ki, Komitənin tərkibində çoxluq təşkil edən konservativ görüşlü alimlərin respublikaçılar mövqeyindən, liberalların isə demokratların mövqeyindən çıxış etdikləri qəbul olunur.