Mete xaqan, Mete Şanyü və ya Mete xan (qədim Çin mənbələrində Mao-tun və ya Modun Şanyu olaraq da adlandırılır) (çin. 冒頓單于[1]; E.ə. 234-e.ə. 174) — Böyük Hun İmperiyasının ikinci Tenqri Qutu (şanyüsü). Bəzi tarixçilər onu Oğuz xan hesab edir.
Mete xaqan | |
---|---|
E.ə. 209 – E.ə. 174 | |
Əvvəlki | Teoman Tanhu |
Sonrakı | Laoşan xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e.ə. 234 |
Vəfat tarixi | e.ə. 174 |
Milliyyəti | Hun Türkü |
Fəaliyyəti | siyasətçi |
Atası | Tuman |
Uşağı | |
Ailəsi | Şanyü |
Böyük Çin tarixçisi Sima Syan yazır ki, hunlar öz uzun tarixləri ərzində dəfələrlə gah güclənib yekdil, vahid səltənət yaratmış, gah zəifləyib ayrı-ayrı qəbilələrə parçalanmışlar.
Hunların Çin İmperiyası ilə müharibələri o qədər gərgin, o qədər fəlakətli olmuşdur ki, bütün bunlara birdəfəlik son qoymaq üçün imperator Sin Şi Xuandi Çinin şimal sərhədləri boyu 4000 kilometr uzunluğunda, 4 metr enində və 10 metr hündürlüyündə sədd çəkdirmək əmri vermişdir. Həmin sədd bu günə kimi durur. Əslində, bu Çin xalqının zəhmətkeşliyi ilə bərabər Hun cəngavərlərinin qəhrəmanlığına qoyulan abidədir.
E.ə. 220-ci ildə Çin İmperiyasına, hətta digər qonşularına belə xərac verən Hun xaqanı Teomanın heç yuxusuna da girməzdi ki, evində yenicə dünyaya gələn körpə nəinki, yaxın-uzaq qonşularından, hətta böyük Çin İmperiyasının özündən xərac alacaq.[2]
Metenin digər qadından olan doğma qırmızıyanaq qardaşı da vardı. Təəccüblü olsa da Teoman böyük oğlu Meteni deyil, onu taxt-tac varisi etmək istəyirdi. Buman Meteni Yueçjilərə girov göndərib sonra da onların üstünə hücum etmək istəyirdi ki, düşmənlər Meteni öldürsünlər. Lakin bunu hiss edən Metenin at belində əsirlikdən qaçıb gəldiyini görən Buman ona on min atlı bağışlayıb uzaq əyalətlərdən birinə vali göndərir.
Onun düşmən qəbilə və tayfaları ilə, yaxın və uzaq xalqlarla mübarizəsi e.ə 202-ci ilə kimi davam edir. Mənbələrə görə o 26 xalqı birləşdirib konfederasiyaya qatır.
Nəhayət şərqin ən güclü, mütəşəkkil və döyüşkən ordusuna və möhkəm dövlət strukturuna hökmranlıq edən Mete Çinin hücumuna məruz qalır. Çində bu zaman hakimiyyətə yeni gəlmiş Xan sülaləsi ağalıq edirdi. Bu o qədər güclü səltənət idi ki, hətta indiyə kimi çinlilər özlərini həmin sülalənin adıyla, yəni xan milləti adlandırır. Bu sülalənin başçısı keçmiş çay qayıqçısı Lyu Banq idi. Mete Peteng müharibəsində imperatoru pusquya salır. 7 gün ac-susuz mühasirədə qalan imperator məcbur olub sülh bağlayır. Sülhün şərtlərinə əsasən imperatorun qızı həmişə hun imperatoru ilə evlənəcəkdi.
Mete xaqan bundan sonra Çini sakit buraxsa da, hun tayfa başçıları hələ də hücumlara davam edirdilər. O, bundan sonra bir daha qılınca əl atmadı. Çünki ona baş əyməyən bir xalq qalmamışdı. Mete e.ə. 174-cü ildə vəfat etdi. Onun səltənəti düz üç yüz il — daxili qırğınlar ölkəni dağıdana qədər yaşadı.
Dunxu tayfaları ilə münasibətlərin dinc yolla tənzimlənməsinin tərəfdarı olan Mete xaqan onların torpaq istəklərinin yolverilməz olduğunu dərk edərək nüfuzlu saray məmurları, ordu başçıları, ağsaqqallar arasında məsləhətləşmələr aparır. Məsləhətləşmələr zamanı torpaq məsələsi ilə bağlı bir sıra ziddiyyətli məqamlar üzə çıxır. Ağsaqqallar xaqana yararsız torpaq sahələri uğrunda qan tökülməsinin yol verilməzliyini vurğulayaraq xaqanı bu işdən vaz keçməyə çağırırlar. Lakin Mete xaqan onların bu təkliflərindən qəzəblənərək bildirir: "Torpaq dövlətin təməlidir, torpaq millətindir və babalarımız onu qan axıtmaqla qoruyublar. Millətin malını isə heç kimə vermərəm. Torpaq istəyənlərin bircə cavabı var: onlarla savaşa girmək. Ona görə də mən əmrimi verirəm: hazırlaşın, düşmən üzərinə gedirik".[3] Belə ki, ilk olaraq böyük hun sərkərdəsi Mete xaqan tərəfindən həyata keçirilən islahatlar da bir növ Törənin möhkəmləndirilməsinə yönəldilmişdi. Mete xaqanın həyata keçirdiyi islahatlar o vaxta qədər mövcud olmuş ənənəvi xalq qanunlarının bir növ rəsmiləşdirilmiş və təkmilləşdirilmiş forması idi. Törə adlandırılan ənənəvi xalq qanunları xüsusilə xalq təfəkkürünə əsaslanan ibtidai qaydalar toplusu idi. Mete xaqan isə bəhs olunan Törə qanunlarını rəsmi dövlət qanunları səviyyəsinə qaldırdı və bu adət-ənənələrin zamanın aramsız həmlələrindən və unutqanlığından bir növ xilas etmiş oldu. Xüsusilə Mete xaqanın idarəçilik sisteminin təkmilləşdirilməsi sahəsində atdığı addımlar birbaşa Törəyə əsaslanırdı. O, idarəçilik sistemində yeni vəzifə bölgüsünü müəyyənləşdirdi. Belə ki, dövlətin həm şərq, həm də qərb bölgəsində şanyüdən sonra gələn ən yüksək vəzifə cuki knyaz idi. Adətən, Şərqdəki cuki knyaz şanyünün varisi olurdu. İkinci böyük vəzifə luli knyaz idi. Üçüncü yüksək vəzifə baş sərkərdəyə aid edilirdi. Daha sonrakı pillələrdə böyük duyu və beşinci pillədə isə böyük danhu vəzifəsi müəyyənləşdirilmişdi. Həm şərq, həm də qərb bölgəsinində bütün bu vəzifələr şanyü olan soydan çıxmış əyanların əlində idi və irsi bölgəsi var idi. Vəzifə pilləkənində irəlilədikcə həmin zadəganlar vəzifəsinə uyğun bölgə alırdı.[4] Qədim bozqır qanunlarına görə imperiya iki yerə şərq və qərb bölgələrinə ayrılırdı. İmperiyanın qərb bölgəsi tarduş, şərq bölgəsi isə tölis adlanırdı. Tölis və tarduşlara rəhbərlik edən şəxslər tuqi titulu daşıyırdı. Luanti sülaləsindən olan bütün kişilər tuqi (şahzadə) adlanırdı. Vəzifə bölgüsü ilə yanaşı əsilzadə soyların növbə ilə imperiyanı idarə etməsi haqqında məlumatlar da olduqca maraqlıdır. Bu haqda N.Biçurin yazır: "Mete dövründə 24 soydan üçü (Xuyan, Lan, Süybu) əsilzadə soylar hesab olunurdu. Şanyünün aid olduğu soy Luanti soyadını daşıyırdı. Şanyü yalnız bu üç soydan qız ala bilərdi. Deməli, dövlət aparatındakı yüksək vəzifələr bu soyların — zadəgan əyanların əlində idi. Nəzərə alanda ki, vəzifələr irsi idi, bunun nə demək olduğu aydın olur. Çin mənbələrinin verdiyi məlumata görə, Hun İmperiyasında baş hakim yalnız Süybu soyundan olurdu.
Bəzən tarixşünaslıqda Mete xaqan Hun İmperiyası daxilində qanunlar müəllifi kimi qeyd olunur. Əslində bu fikir kökündən yanlışdır. Mete xaqan ölkə ərazisində minilliklər boyu tətbiq olunan və o dövrə qədər qorunub saxlanılan adət və ənənələr toplusunu müasir dillə desək konstitusiya formasına sala bildi və bir növ qanunların hamisi rolunda çıxış etdi. Mete xan dövlət quruculuğu, iqtisadi, hərbi, ailə-məişət və hüquq sahəsində o dövr üçün vacib, mütərəqqi islahatlar həyata keçirmişdir. Tətbiq olunan yeni qanunlara əsasən silahı lüzumsuz yerə qınından çıxaran adam edam edilməli, oğurluq edən şəxsin nəslinin bütün əmlakı müsadirə olunmalı, yol verilmiş kiçik cinayətlərə görə adamın sifətinə çapıq nişanəsi vurulmalı, andını pozan, satqınlıq edən, ordu xidmətindən boyun qaçıran, fərarilik edən, dövlət sirlərini yayan adamlar edam olunmalı idi.
SƏLƏF Tuman |
Mao Tun E.ə. 234 - E.ə. 174 |
XƏLƏF Laoşan |