Metrologiya — fiziki parametrlərin ölçülməsi, tələb olunan dəqiqliyin əldə edilməsi üçün istifadə edilən metod və vasitələr barədə elmdir. Eyni zamanda metrologiya — istehsal olunan məhsulların və proseslərin keyfiyyərinin əsasıdır. Elmi və texniki tərəqqinin inkişafı işində, istehlakçıların tələblərinə uyğun olan məhsulların layihələndirilməsində və effektiv istehsalında, həmçinin, uyğunsuzluqların aşkar edilməsi və qarşısının alınması prosesində hakim mövqe metrologiyaya məxsusdur.
Metrologiyanın əsas predmeti ölçmələr, onların vəhdəti və dəqiqliyidir. Qanunverici metrologiya dövlət tərəfindən müəyyənləşdirilmiş qaydalarla ölçmə vasitələrinin eyniliyini və ölçmələrin vəhdətini təmin edir. Nəzəri metrologiya bu elmin fundamental əsaslarını işləyib hazırlayır. Tətbiqi metrologiya nəzəri işləmələrin və qanunverici metrologiyanın müddəalarının praktiki tətbiqi məsələlərini işıqlandırır.