Milli Konsensius Höküməti (ərəbcə: حكومة الوفاق الوطني), Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında bəzi ölkələrin dəstəyi ilə Liviya Siyasi Konsensiusu çərçivəsində qurulmuş hökumətdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, yekdilliklə Milli Konsensus Hökümətini Liviyanın qanuni idarəçisinə çevirəcək Liviya Siyasi Konsensiusunu qəbul etmiş və Milli Konsensus Höküməti, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Liviyada qanuni güc olaraq qəbul edilmişdir.
Milli Konsensus Hökumətinin ilk kabinet iclası 2 yanvar 2016-cı il tarixində Tunisdə keçirilmişdir. Bu kabinet iclasından sonra 18 nazirin adları açıqlanmış və hökumət rəsmi olaraq elan edilmişdir. 30 Mart 2016-cı ildə Fayiz Sərrac, yanındakı 6 dövlət məmuru ilə birlikdə vəzifəsini təhvil almaq üçün paytaxt Tripoliyə gəlmiş və 31 Mart 2016-cı ildə vəzifəsini rəsmi olaraq təhvil almışdır. Sərracın vəzifəsini almasından sonra Nümayəndələr Palatası Milli Konsensus Hökümətini tanımadığını elan etmişdir. Bu münaqişə vətəndaş müharibəsini qızışdırdı. Bir çox ölkə bu iki güc arasında vasitəçi olmağa çalışmış və iki gücün ortaq hökumət qurması üçün danışıqlar aparılmışdır.
Ölkələr bu danışıqların uğursuz olması səbəbindən bir tərəf seçməyə məcbur oldular. Misir, Liviyanın şərqindəki terrorçu hesab etdiyi terror təşkilatlarının güclənməsini istəmədiyini elan edərək və Nümayəndələr Palatasına bağlı Liviya Milli Ordusunu dəstəklədiyini açıqlamışdır. Rusiya, Müəmmar Qəddafinin devrilməsinə qarşı olsa da, Liviyaya müdaxiləyə veto qoymamışdır və Qəddafinin devrilməsindən sonra Liviyanı bu vəziyyətə gətirən gücün NATO olduğu fikrini müdafiə etmiş və bu gün Liviyada güclü bir mərkəzi idarəetmə sistemi qurmaq istəyi ilə hərəkət etdiyini söyləyərək Nümayəndələr Palatasının yanında olduğunu bildirmişdir. Amerika Birləşmiş Ştatları Milli Konsensus Hökümətini rəsmi hökumət olaraq tanıyır. Türkiyə isə Milli Konsensius Hökuməti ilə əlaqələrini inkişaf etdirmiş və Liviyadakı qanuni hakimiyyətin Milli Konsensius Höküməti olduğunu bildirmişdir. Xəlifə Həftara sadiq qoşunların Tripoliyə hücumlarının başlamasından dərhal sonra, Türkiyə Milli Konsensius Hökumətinə həm siyasi, həm də hərbi dəstək vermişdir.
Milli Konsensus Hökuməti ilə Nümayəndələr Palatası arasında ziddiyyətlər hal-hazırda da davam edir.