Milli mətbuat

Milli mətbuat— Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesinin inkişafıdır.

Azərbaycanın mətbuat tarixi Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzetinın nəşri ilə başlamış və qəzetin ilk sayının işıq üzü gördüyü gün − 22 İyul hazırda Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur[[1]].

Əkinçi qəzeti

[redaktə | mənbəni redaktə et]

"Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. Qəzetin fəaliyyəti Azərbaycanda maarifçiliyin əsasını möhkəmləndirmiş, millətin yeni qələm sahiblərinin − təfəkkürlü ziyalıların, neçə-neçə jurnalist nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərmişdir. "Əkinçi", eyni zamanda, qadın azadlığı və qadın təhsili məsələlərini təbliğ etmiş, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etmiş, dövrünün ictimai-siyasi, eləcə də bədii düşüncənin inkişafına böyük təkan vermişdir. Ən əsası da bütün bu ictimai azadlıq ideyaları milli dilimizdə − Azərbaycan dilində reallaşdırılmışdır. Beləliklə, maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması ilə "Əkinçi" özündən sonra bir sıra mətbu nəşrlərə cığır açmışdır.

"Əkinçi"nin ömrü

[redaktə | mənbəni redaktə et]

"Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin "Əkinçi"nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb[[2]].

"Kəşkül" qəzeti

[redaktə | mənbəni redaktə et]

1880–1891-ci illər arasında Cəlal Ünsüzadənin rəhbərliyi ilə çap olunmuş "Kəşkül" qəzeti, əsasən, Şərq despotizminin, geriliyin əlehyinə çıxmış, mədəni inkişafı təbliğ etmışdır.

"Kaspi" qəzeti

[redaktə | mənbəni redaktə et]

1881–1919-cu illərdə Bakıda rus dilində işıq üzü görən "Kaspi" qəzetinin əsas məqsədi milli mənlik şüurunun formalaşmasına yönəlik təhlillərin aparılması olmuşdur. Burada Azərbaycanın Avropaya, bütövlüklə dünya birliyinə inteqrasiyasının etibarlı əsaslar üzərində qurulması, XIX əsrin sonları XX əsrin əvvəllərində ölkədə siyasi dərnəklərin siyasi partiyalara çevrilməsi və onların geniş ideya siyasi fəaliyyətləri nəticəsində ictimai mədəni düşüncəyə siyasi ab-havanın daxil olması kimi məsələlər təşviq edilmişdir.

"Şərqi-Rus" qəzeti

[redaktə | mənbəni redaktə et]

1903-cü ildə Avropa və Mərkəzi Rusiya qəzet və jurnallarında fəaliyyət göstərən, jurnalistikanın Qərb standartlarına kifayət qədər bələd olan Məhəmməd ağa Şahtaxtlı "Şərqi-Rus" qəzetinin çapına nail olmuşdur. Tiflisdə fəaliyyətə başlayan, ictimai-siyasi, iqtisadi, elmi, ədəbi mövzulara yer verən qəzet ətrafına Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi maarifçiləri toplamaqla yeni nəsil jurnalistləri yetişdirmişdir.

"Molla Nəsrəddin" jurnalı"

[redaktə | mənbəni redaktə et]

"Şərqi-Rus"da çalışdığı müddətdə peşəkar jurnalist kimi yetişən Cəlil Məmmədquluzadə 1906-cı il aprel ayının 7-də Tiflisdə işıq üzü görən "Molla Nəsrəddin" jurnalı ilə milli mətbuatın inkişafında əlamətdar hadisəyə imza atmış və adını Azərbaycam mətbuat tarixinə qızıl hərflərlə yazmışdır. 1918-ci ilədək Tiflisdə nəşr edilən jurnal 1921-ci ildə Təbrizdə, 1921–1931-ci illərdə isə Bakıda çap olunmuşdur. "Molla Nəsrəddin" jurnalı müstəmləkəçilik siyasətini, cəhaləti, geriliyi, sosial ədalətsizliyi kəskin tənqid etmiş, qısa bir zamanda oxucu dairəsini genişləndirmiş, şöhrəti ilə Qafqazın hüdudlarını aşaraq bütün Rusiyaya, Türk dünyasına, Yaxın və Orta Şərqə yayılmışdır. Bütün təqib və təzyiqlərə baxmayaraq, 25 il müddətində fəaliyyət göstərən jurnalın nəşri müddətində formalaşan "Mollanəsrəddinçilik" ictimai-ədəbi hərəkatı Azərbaycan mətbuatının sonrakı inkişafına da böyük təsir göstərmişdir[[3]].

Milli mətbuatımızın inkişaf yolu

[redaktə | mənbəni redaktə et]

Milli mətbuatımızın 1993-cü ildən başlanan inkişaf yoluna qısa baxış belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdədir. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Təkcə onu demək kifayətdir ki, rəsmi statistikaya görə, ölkə əhalisinin 88 faizdən çoxu internet istifadəçisidir. Ölkəmizdə medianın inkişafına, jurnalistlərin sərbəst fəaliyyətinə, peşəkarlıqlarının artırılmasına böyük diqqət göstərilir. Azərbaycanda media sahəsində yaradılan şəraitə bəlkə də dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil.

"Heydər Əliyev İli" çərçivəsində milli mətbuatımızın keçdiyi inkişaf yolunu vərəqləyərkən bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dahi şəxsiyyətin ən böyük arzusu olan və hazırda tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında da mətbuat missiyasını uğurla yerinə yetirdi və bu gün dost, qardaş Türkiyə ilə birgə yaradılan Ortaq Media Platformasından bəhrələnərək postmünaqişə dövrünün reallıqlarının təbliği istiqamətində səylərini daha da artırır. Ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olunsa da ermənilərin havadarlarının dəstəyi ilə yalanları, əsassız təbliğatları hələ də davam edir. Dünyaya səs salan Azərbaycan-Türkiyə qardaşlığı mətbuat sahəsində də özünün aydın ifadəsini yaratmaqla informasiya mübarizəsinin uğurla davam etdirilməsini şərtləndirir. Hazırda qloballaşan dünyada maraqları təmin edən əsas platformalardan biri informasiya platformasıdır. Qlobal informasiya məkanında daha səmərəli platformaya sahib olmaq daha güclü olmaq deməkdir.

Göründüyü kimi, bütün hallarda Azərbaycanın inkişaf səviyyəsini göstərən azad mətbuatın inkişafı prioritetdir. Tarixi Zəfərimizin reallıqları fonunda mətbuatın qarşısında dayanan vəzifələr yeniləşməklə yanaşı, hədəflər, arzular da dəyişib. Üç il bundan öncə Milli Mətbuat Günündə həmkarlarımıza əsas arzularımız sırasında qələbə müjdəçiləri olmaları xüsusi yer tuturdu. Media nümayəndələri 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şanlı Qələbəmizlə bu arzularını reallığa çevirdilər. Artıq üç ilə yaxındır yazılı və elektron KİV-lərdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa quruculuq işləri və eyni zamanda, cənab İlham Əliyevin ötən il doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə tarixi ədalətə söykənərək səsləndirdiyi "Biz Qərbi Azərbaycana qayıdacağıq" çağırışına uyğun olaraq görülən işlər geniş işıqlandırılır.

Dəyərli və fədakar həmkarlarıma dövrün, zamanın tələblərinə uyğun olaraq dəyişən arzu və istəklərimizin əsasında növbəti ildə "Qərbi Azərbaycana qayıtdıq" müjdəsini xalqımıza çatdırmağı diləyirəm. Hər bir hədəf, arzu inkişafın davamlılığının təmin edilməsində əsas faktordur. Azərbaycanın hər bir uğuru reallıqlarının güzgüsü olan mətbuatı daha da təkmilləşməyə, yeniləşməyə çağırır[[4]].

Mətbuat sahəsində islahatlar

[redaktə | mənbəni redaktə et]

Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb[[5]].

İstinad siyahısı

[redaktə | mənbəni redaktə et]

[1] [2] [3]

  1. "Arxivlənmiş surət". 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-17.
  2. https://media.gov.az/metbuat-tariximiz/
  3. "Arxivlənmiş surət". 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-17.