Milli qadın bəzəkləri

Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm yer tutduğunu göstərir.

3000 il bundan əvvələ aid Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir.

Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır.

XIX yüzillikdə zinət şeyləri ən çox qızıl və gümüşdən hazırlanırdı. 1832-ci ildə yalnız Şamaxıda 40 nəfərdən çox zərgər olmuşdur. Bunlardan əlavə qiymətli daşlardan: zümrüd, firuzə, yaqut, almaz, mirvari, kəhrəba və s. istifadə olunurdu. Zərgərlik mə'mulatları forma e'tibarı ilə çox müxtəlifdir və mürəkkəb kompozisiyaya malikdir. Həmin mə'mulatların əsas hissələrini çoxləçəkli güllər, ulduzlar, aypara, butalar təşkil edir.

Azərbaycan zərgərlik sənətində tətbiq edilən üsullardan biri də xalq arasında «qarasavad» və ya «savad» adlanır. Adından göründüyü kimi savad qara rəngə malik olub, əsasən gümüş üzərində tətbiq edilir. Qızılda isə savad nadir hallarda işlənir.

Qadın bəzəklərini bir neçə növə ayırmaq olar: qulaq bəzəkləri, baş bəzəkləri, boyun bəzəkləri, döş bəzəkləri, bilək bəzəkləri, barmaq bəzəkləri və libaslara bənd edilən bəzəklər.

gumuş kəmər Azərbaycana məxsus zərgərlik nümunələri isə dünyanın bir çox muzeylərində saxlanılır. Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Ermitaj (Sankt-Peterburq), Kiyev Qərb və Şərq İncəsənəti Muzeyi, Luvr (Paris), Viktoriya və Albert Muzeyi (London), Metropoliten-muzey (Nyu-York), Topqapı Muzeyi, Türk və İslam Əsərləri Muzeyi (İstanbul) Azərbaycanın zərgərlik məmulatlarının toplandığı ən zəngin muzeylərdir.

Ötən əsrin 20-ci illərindən sonra Azərbaycanda çoxlu sayda zərgərlik müəssisələri təşkil edilib, Bakıda isə zərgərlik fabriki fəaliyyətə başlayıb. Ölkəmizdə hazırlanan zərgərlik məmulatları dəfələrlə xarici ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilib. 1950-60-cı illərdə Bakı zərgərlik fabrikində Qərb üslubunda hazırlanan qızıl və gümüş zinət əşyaları müasirləşdirilərək yeni formalara salınıb. Həmin dövrdə fabrikin texnoloji cəhətdən inkişafı da diqqət mərkəzində olub. Həmin dövrdə zərgərlik fabrikində peşəkar ustalar yetişib ki, onlar da bu incə xalq sənətini texnoloji istehsalda təkmilləşdirərək inkişaf etdiriblər.

Öz ətrafına birinci dərəcəli ustaları toplayan Bakı zərgərlik fabriki 1950-ci illərdən başlayaraq öz formasına və bəzəyinə görə müxtəlif olan qadın bəzək məmulatlarından başqa məişət əşyaları da çay və desert qaşıqları, stəkan altlıqları, qədəhlər, piyalələr və s. kütləvi istehsalına başlayıb. Bakı zərgərlik fabrikində qəlibkarlıq, şəbəkəçilik və yeni üsullarla yaradılmış məmulat istehsalının vaxtaşırı kamilləşməsi bu sənətin getdikcə inkişafına təsir göstərib. Müasir dövrdə zərgərlik keçmişin ənənələrini davam etdirərək forma və məzmunca zənginləşib.