Min və Tsin imperatorları sərdabələri

Pekinin ətrafında Sərdabəyə gedən yol

Min və Tsin imperatorları sərdabələriÇinin dünya əhəmiyyətli abidələrindən biri

Minsyanlin sərdabəsi – Çju Yuy və onun arvadının məqbərəsidir. Çju Yuy Çju Tszyanşenin (Min sülaləsi imperatoru Syantszun) ikinci oğlu, Çju Xoytsunun (Tszyatszin adı ilə hakimiyyətdə olmuş Min sülaləsi imperatoru Şitszun) atası idi. Çju Yuy imperator olmamış və Tszyatszinin taxta oturmasından əvvəl ölmüşdür, amma ölümündən sonra onu "imperator Sinsyan" adlandırırdılar. Onun varisi – imperator Tszyatszin – ona Sinsyandi (imperator-əcdad Sinsyan), onun arvadına isə - Qunjuyxuan (imperatriça Qunjuy) deyə müraciət edirdi. Çju Yuy öz həyat yoldaşı ilə birlikdə Xubey əyalətinin Çjunsyan qəzasındakı Sunlinşan dağında ("Şam meşəsi") dəfn edilmişdir. Sərdabə Sunlin ("Şam") adını daşıyır, xalq arasında isə ona Syanlin deyirlər. Sərdabənini hündür divarı ilə əhatə olunmuş sahəsi – 136,47 ha-dır. Onun başqa adı – Xuançendir ("İmperatorlar qalası"). Sərdabənin tikintisi Çjede erasının 14-cü ilində (1519-cu il) başlamış, Tszyatszin erasının 19-cu ilində (1541-ci il) qurtarmışdır. Tikinti işləri 22 il davam etmişdir. Syanlin sərdabəsinin memarlıq üslubu Pekin ətrafındakı "Şisanlin" 13 məqbərə Kompleksi ilə oxşardı, bunula belə bir sıra xüsuiyyətlərə malikdir. Öz ölçülərinə görə o, 13 məqbərə kompleksindəki sərdabələrin hər birindən böyükdür. O, Mərkəzi Çinin cənub hissəsindəki yeganə Min sərdabəsidir. Onu 15 Min məqbərəsindən biri adlandırırlar. 1985-ci ildə Syanlin sərdabəsi respublika əhəmiyyətli tarixi abidələr siyahısına daxil edilmişdir. Tsindunlin sərdabələri Şanxayquan hərbi zastavasının mancurlar tərəfindən (Tsin sülaləsinin əsasını qoyanlar) zəbt edilməsindən sonra tikilən ilk sərdabədir. O, Pekindən 125 km şərqdə, Xebey əyalətinin Tszunxua şəhərinin Malanyuy rayonunda yerləşir. Kompleks 2500 kv. km sahəni tutur və iki hissədən ibarətdir: Xoulun və Tsyanyuy. Fenşuy kanonlarına görə məqbərənin ətrafındakı ərazi möcüzəli və müqəddəs hesab olunur. İnanca görə, oraya əjdaha (feodal dövründə, məlum olduğu kimi, imperator əjdahanın oğlu hesab edilirdi) uçub gəlir. Buradan Böyük Çin səddi Şaotszu və Ulin dağları ilə şimalda Çende şəhərinə, qərbdə Miyunya rayonuna və şərqdə Tszunxua rayonuna qədər uzanır. Sərdabələr gözəlliyinə görə valehedici yerlərdə yerləşir və meşə ilə örtülmüş dağlarla əhatə olunmuşdur. Məqbərələrin özü 48 kv.km sahəni tutur Tsyanyuyda – "Ətraf bağda" yerləşir. Bağın cənub tərəfindən Daxunmen ("Böyük qırmızı qapılar") və 20 km divar uzanır. Tsindunlinin tikintisinin başlanğıcı Şunçji dövrünün 18-ci ili göstərilir (1661-ci il). Kompleksdə imperatorların, imperatriçaların, imperator arvadlarının və şahzadələrin 14 məqbərəsi mövcuddur, onların sırasında – Syaolin sərdabəsi – Şanxayquan zastavasının fəthindən sonra birinci Tsin imperatoru Şunçjinin məqbərəsi, Tszinlin – ikinci imperator Kansinin sərdabəsi, Yuylin – dördüncü imperator Tsyanlunun məqbərəsi, Dinlin – yeddinci imperator Syanfenin sərdabəsi, Xueylin – səkkizinci imperator Tunçjinin məqbərəsi vardır. Bunlardan başqa, imperatriçalar Syaoçjuan, Syaoxuey, Syaoçjen (Tsian) və Syaotsinin (Tsısi) qəbirləri, kənizlərdən Tszinfey, Tszinşuanfey, Yuyfey, Dinfey və Xueyfeyin qəbirləri burada yerləşir. 1663-cü ildə imperator Şunçjinin sərdabəsinin tikintisi başa çatdığı dövrdən imperator Tunçjinin axırıncı arvadının dəfn olunduğu 1935-ci ilə qədərki 272 ildə burada 157 adam basdırılmışdır. Onların arasında 5 imperator, 15 qadın-imperatriça, 136 kəniz və şahzadə vardır. Gözoxşayan və möhtəşəm Yunnin dağları ilə əhatə olunmuş Tsinsilin kompleksi Pekindən 100 km-dən bir az artıq Xebey əyalətinin İ qəzasında yerləşmişdir. Məqbərələrin ümumi sahəsi və dəfn olunanların sayı burada Tsindunlindəkindən azdır. Tsinsilininin tikintisi Yunçjen erasının 8-ci ilində (1730-cu il) başlamışdır. Taylin sərdabəsi – Tsin sülaləsinin üçüncü imperatoru Yunçjenin məzarı, Çanlin – beşinci imperator Tszyatsinin məqbərəsi, Mulin – altıncı imperator Daoquanın qəbri, Çunlin – doqquzuncu imperator Quansyuyun məzarı, həmçinin imperatriçaların qəbirləri, Taydunlin – imperatriça Syaoşensyanın (imperator Tsyanlunun anası) məqbərəsi, imperatriça Syaoxejuyun (imperator Tszyatsinini həyat yoldaşı) yatdığı Çansilin, Mudunlin – Syotszinçenin (imperator Daoquanın kənizi) məzarı burada yerləşir. Kompleksdə digər 3 kəniz məqbərəsi, 4 imperiya əyanları nümayəndələrinin sərdabəsi vardır. Cəmi Tsinsilində 14 sərdabə vardır ki, burada 76 nəfər: 4 imperator, 9 imperatriça, 54 kəniz, eləcə də şahzadələr, nüfuzlu zadəganlar dəfn olunmuşdur. Onuncu və sonuncu imperator Syuantun üçün nəzərdə tutulmuş və tikintisi başa çatdırılmamış sərdabə də burada yerləşir. Çində monarxiya quruluşunun devrilməsi ilə sərdabələrin tikintisi işləri də dayandırılmışdır. 2000-ci ildə syanlin, Tsindunlin və Tsinsilin kompleksləri ümumdünya mədəni və təbii irsi Siyahısına salınmışdır.[1]

  1. Elcan Həbibzadə. Salam Çin. B.: "Nurlan", 2007.-174 səh

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]