Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Minaxanım Əli Ağa qızı Mürsəlova (10 avqust 1932, Bakı) — azərbaycanlı alim, kimya elmləri doktoru.
Minaxanım Əli Ağa qızı Mürsəlova | |
---|---|
Doğum tarixi | 10 avqust 1932 (91 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ, Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Təhsili | |
Mükafatları |
Minaxanım Əli Ağa qızı Mürsəlova 1932-ci il avqustun 10-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1950-ci ildə Bakı şəhər 46 saylı orta məktəbi gümüş medalla bitirdikdən sonra, həmin ildə Azərbaycan Sənaye İnstitutunun (ASİ) neft-texnologiyası fakültəsinə daxil olmuşdur. 1955-ci ildə ASİ-ni neft və qaz ixtisası üzrə bitirdikdən sonra, 1955–1958-ci illərdə Yeni Bakı Neftayırma zavodunda operator və baş operator vəzifələrində işləmişdir.
1958–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda, Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və onun Sumqayıt Filialında kiçik və böyük elmi işçi vəzifələrində elmi fəaliyyətdə olmuşdur. 1974–1995-ci illərdə Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, laboratoriya müdiri və direktorun elmi işlər üzrə müavini vəzifəsində işləmişdir. 1995-ci ildən indiyə kimi "Dənizneftqazlayihə" Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda "Səthi-aktiv maddələr" laboratoriyasına rəhbərlik edir.
1965-ci ildə "Alkilbenzolsulfatlar və onların sinergetik kompozisiyalarının xassələrinə aktiv əlavələrin təsirinin tədqiqi" mövzusunda namizədlik, 1996-cı ildə isə "Neft, qaz kondensatı yataqları üçün çoxfunksiyalı parafin və duz çökmə inhibitorları" mövzusunda "Neft-kimyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
M.Ə. Mürsəlova asfalt-qatran-parafin, qeyri-üzvi duzların çökməsi, emulsiyaların əmələ gəlməsi və neft-kondensat xammalının hasilatı, yığılması, hazırlanması, nəqli və emalı sistemlərində qarşıya çıxan mürəkkəbləşmələrin qarşısının alınması kimi mühüm və aktual elmi-texniki məsələlərin həll edilməsi istiqamətində tədqiqatlar aparmışdır. Onun tərəfindən aparılan sistemli tədqiqatlar nəticəsində neft və qaz sənayesində çoxməqsədli yüksək təsir effektivliyinə malik inhibitorların yaradılmasının yeni istiqamətinin elmi əsasları müəyyən edilmişdir.
Onun rəhbərliyi altında yeni səthi-aktiv maddələr və onların əsasında tərkiblərin:
- ümumi və bakterisid aşınmadan qoruma təsirinə və depressor xüsusiyyətlərinə malik, karbohidrogenlərdə həll olan, ekoloji təmiz, çoxfunksiyalı parafin çökmə inhibitorlarının;
- tullantı sularında bioparçalanan, suda həll olan alkilarilsulfonatların;
- asfalt-qatran-parafin birləşmələri, duz və hidrat çökmələrinin qarşısını alan və neft hasilatının artımını, dəniz şəraitində mədən daxili nəql proseslərinin yaxşılaşdırılmasını təmin edən kompleks təsirli kompozisiya tərkibli inhibitorların;
- quyularda və boru kəmərlərində parafin çöküntülərini təmizləmək və qarşısını almaq üçün alçaq temperaturlarda qızdırılmadan istifadə edilə bilən tərkiblərin;
- yüksək kükürdlü parafinli qaz-kondensat yataqları üçün kompleks təsirli və öz göstəriciləri ilə ən yaxşı dünya analoqlarından geri qalmayan parafin çökmə və korroziya inhibitorlarının;
- tərkibində yüksək miqdarda bərk paratinlər olan qaz-kondensat sistemləri üçün ilk dəfə olaraq işlənib hazırlanmış yüksək effektivli parafinhidrat çökmə inhibitorlarının;
- dövri su sistemləri, buxar və su qızdırıcı qazanlar üçün duz çökmə inhibitorların və s. alınması üçün bir sıra proseslər yaradılmışdır.
Onun yaratdığı inhibitorlar respublikamızın, RF-nın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın və s. regionların yataqlarında yüksək iqtisadi səmərə ilə tətbiq edilmişdir.
M.Ə. Mürsəlovanın yuxarıda qeyd etdiyimiz elmi istiqamətlərdə apardığı elmi-tədqiqat işlərinin nəticələri 200 elmi əsərdə, o cümlədən bir neçə elmi icmalda və 40 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır.
O, dəfələrlə Beynəlxalq və Ümumittifaq konqres və konfranslarda, o cümlədən Moskvada keçirilən səthi-aktiv maddələrə dair beynəlxalq konqresdə məruzə ilə çıxış etmişdir. O, elmi-istehsalat sahəsindəki əməyinə görə "Azərbaycan neft və qaz sənayesinin əməkdar işçisi", "SSRİ ixtiraçısı", "SSRİ Qaz Sənaye Nazirliyinin ən yaxşı ixtiraçısı" adlarına layiq görülmüşdür. O, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin üç medalını almışdır.