Minimum istehlak səbəti

Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyən edilməsi üçün, ilk növbədə, minimum istehlak səbətinin tərkibinin formalaşdırılmasına ehtiyac vardır. Yaşayış minimumu və minimum istehlak səbətinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləmək üçün hazırda 2004-cü il 5 oktyabr tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu[1] qüvvədədir.

Adıçəkilən qanuna əsasən, minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri – ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır.

Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:

1) ərzaq mallarının minimum toplusu;

2) fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);

3) xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.).

Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə Nazirlər Kabineti tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.[1]

Minimum istehlak səbətinin tərkibi

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinin tərkibi formalaşdırılmış, həmin orqanın 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə də bu tərkib yeni redaksiyada əlavələrlə təsdiq edilmişdir. Qərara əsasən, yeni redaksiyada Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi aşağıdakı kimidir:

Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi[2]

1. Ərzaq məhsulları (kq-la illik)

Sıra

№-si

Əmək qabiliyyətli əhali Pensiyaçılar Uşaqlar

0–15 yaş

1. Çörək və çörək məhsulları (una çevirməklə) 136.8 107.9 100.5
2. Kartof 54.8 40.2 42.0
3. Tərəvəz və bostan məhsulları 97.2 85.2 100.7
4. Meyvə və giləmeyvə 38.0 32.0 76.0
5. Ət və ət məhsulları 32.9 25.6 29.6
6. Süd və süd məhsulları (südə çevirməklə) 223.6 233.8 258.6
7. Balıq və balıq məhsulları 7.7 6.8 8.0
8. Yumurta (ədəd) 150 100 183
9. Şəkər və qənnadı məmulatları 16.9 15.8 19.7
10. Bitki yağı, marqarin və digər piylər 10.9 8.4 7.0
11. Kərə yağı 7.0 5.8 6.0
12. Digər məhsullar 4.7 3.3 4.0

2. Qeyri-ərzaq malları

Sıra

№-si

Ölçü vahidi/

aşınma müddəti

Əmək qabiliyyətli əhali Pensiyaçılar Uşaqlar

0–15 yaş

1. Palto tipli üst geyimləri qrupu ədəd/il 3/8 3/9 3/2.6
2. Kostyum tipli üst geyimləri ədəd/il 9/4.2 8/4.8 12/2
3. Alt geyimləri ədəd/il 9/2.5 9/2.7 12/2
4. Corab məmulatları cüt/il 7/1.5 4.5/2 6/1.3
5. Baş geyimləri və xırdavat məmulatları ədəd/il 4/5 3/6.4 4/3
6. Ayaqqabı cüt/il 6/3.5 5/3.5 6/1.3
7. Məktəb-yazı ləvazimatları ədəd/il 3/1 3/1 41/1
8. Yataq ləvazimatları ədəd/il 11/7.1 11/7.1 11/7.1
9. Mədəni məişət və təsərrüfat malları ədəd/il 14/10.2 14/10.2 14/10.2
10. İlkin tələbat və sanitariya əşyaları, dərmanlar bir ayda qeyri-ərzaq mallarına sərf olunan xərclərə görə faizlə 10 10 10

3. Xidmətlər

Sıra

№-si

Xidmətlərin adı Ölçü vahidi İstehlakın həcmi (orta hesabla adambaşına bir ildə)
əmək qabiliyyətli əhali pensiyaçılar uşaqlar 0–15 yaş
1. Mənzil ümumi sahə m² 12 12 12
2. Mənzillərin qızdırılması ümumi sahə m² 12 12 12
3. İsti və soyuq su təchizatı ayda m³ 5 5 5
4. Kanalizasiya ayda m³ 5 5 5
5. Qaz təchizatı ayda m³ 21 21 21
6. Enerji təchizatı ayda kVt/s 50 50 50
7. Nəqliyyat xidmətləri bir ildə gediş 692 365 406
8. Rabitə* aylıq tarif - - -
9. İnternet xidmətləri** aylıq tarif - - -
10. Digər xidmətlər bir ayda xidmətlərə sərf olunan ümumi xərcə görə faizlə 15 15 15

* Azərbaycan Respublikasında aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən edilir.

**İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.

Ölkədə yaşayış minimumunun məbləği bir çox insanı qane etmir. Dəfələrlə yaşayış minimumunun məbləğinin və minimum istehlak səbətinin tərkibinin müəyyən edilməsi metodikası tənqid olunmuşdur.

Belə ki, qanunvericiliyə əsasən minimum istehlak səbətinin tərkibinə 3 ildə bir dəfə baxılmalıdır. Axırıncı dəfə 9 illik fasilədən sonra 2014-cü ildə Nazirlər Kabineti tərəfindən səbətin tərkibinə baxılaraq bir sıra dəyişikliklər edilib.[3] Bu isə o deməkdir ki, Nazirlər Kabineti qanunun tələblərinə riayət etmir.

Azərbaycanda 3 istehlak səbətində minimum istehlak üçün nəzərdə tutulan ərzaq, qeyri-ərzaq və xidmətlərin sayı 150 çeşid ətrafındadır. İnkişaf etmiş ölkələrdə həmin göstərici 300–350 civarındadır. Maraqlıdır ki, Nazirlər Kabinetinin istehlak səbətinin strukturu ilə bağlı qərarında mal qruplarının əmtəə strukturu açıqlanmır. Məsələn, "meyvə və giləmeyvə" üzrə illik istehlak bir nəfər üçün 38 kq müəyyən edilib. Amma konkret meyvə və giləmeyvə növlərinin adı və norması ilə bağlı qərarın əlavəsi ictimaiyyətdən gizli saxlanır.

Ekspertlərin fikrincə, başqa bir problem qida normalarının səviyyəsi ilə bağlıdır. Belə ki, bir nəfər üçün ət və ət istehlakı qonşu Rusiyada 58.6 kq, Azərbaycanda 32.9 kq, meyvə və giləmeyvə istehlakı Rusiyada 60 kq, Azərbaycanda 38 kq, balıq və balıq məhsulları Rusiyada 18.5 kq, Azərbaycanda 7.7 kq minimum norma kimi təsdiqlənib.[3]

Minimum istehlak səbətində malların və xidmətlərin həcmi verilsə də yaşayış minimumunun məbləğinin müəyyən edilməsi zamanı bu mal və xidmətlər üçün qiymətlərin nə qədər və nəyə əsasən müəyyənləşdirilməsi qaranlıq olaraq qalır.

Bundan əlavə, rabitə və internet xidmətlərinin istehlakının ölçülməsi metodikası günümüzün reallıqları ilə uyğun gəlmir. Çünki rabitə xidmətlərinə sərf olunan məbləğ 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi yolu ilə hesablanır. Anlaşılır ki, burada söhbət ev telefonu ilə rabitədən gedir. Lakin bu məbləğ mobil telefon rabitəsi əsas götürülərək hesablanmalıdır. İnternetdən istifadə haqqı isə gündə 1 saat istifadə əsas götürülməklə hesablanır. Lakin ölkədə internet xidmətləri, əsasən, aylıq sabit abunə haqqı ödənilməsi və ya internet trafik paketlərinin satın alınması yolu ilə təmin edilir.

İqtisadçı-alim Vüsalə Əhmədova yaşayış minimumunun hesablanması metodologiyası ilə razılaşmayaraq bildirir:

Almaniya və ABŞ kimi ölkələrdə minimum istehlak səbətinin böyük hissəsi xidmətlərə ayrılır. Məsələn, Almaniyada minimum istehlak səbətində ərzaq və qeyri-ərzaq mallarının hər biri 17%, xidmətlər isə 66% təşkil edir. ABŞ-də minimum istehlak səbətində ərzaq məhsulları 20,6%, qeyri-ərzaq malları 9,3%, xidmətlər 70,4% təşkil edir. Çində hər üç kateqoriya arasında tarazlıq qorunur, ərzaq məhsulları təxminən 38%, qeyri-ərzaq məhsulları 36% və xidmətlər 26% təşkil edir Yaşayış minimumunun hesablanması metodologiyasının az da olsa Avropa İttifaqı ölkələrinin göstəricilərinə uyğunlaşdırılması əhali arasında yoxsulluğun azaldılmasına, sağlamlıq səviyyəsinin və əmək potensialının yaxşılaşdırılmasına, əmək məhsuldarlığının və müvafiq olaraq əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və dövlətin iqtisadi inkişafının davamlı olmasına kömək edər. Xarici ölkələrin təcrübələrini nəzərə almaqla istehlak səbətinin strukturunda mütərəqqi dəyişikliklər etmək lazımdır. Sağlam həyat fəaliyyətinin minimum səviyyəsini təmin etmək üçün tələb olunan mal və xidmətlərin tərkibi doğru müəyyənləşdirilməlidir.[4]

İqtisadçı Qalib Toğrul məsələ ilə bağlı tənqidi fikirlərini belə əsaslandırıb:

Səbətə ərzaq, qeyri-ərzaq və xidmət məhsulları daxildir. Bizdəki istehlak səbəti yaxşı yaşamaq üçün deyil. Azərbaycanda müəyyən edilən istehlak səbəti Avropadakı istehlak səbətilə müqayisəyə gəlmir. Avropadakı istehlak səbətinə hətta teatr, gəzinti xərcləri də daxil edilib. Onlar gəzmək, istirahət etməyi insanın zəruri ehtiyacı hesab edir. Amma bizdə insanın ölməməsi üçün 1 ayda nə qədər ət, balıq, çörək və s. yeməlidirsə, onu hesablayırlar… …Yaxşı olardı ki, yaşayış minimumu aylıq hesablansın, istehlak səbətinin tərkibində dəyişiklik edilsin. Həm ərzaqların fizioloji miqdarı, həm ərzaq və qeyri-ərzağın çeşidi artırılsın. Yalnız real göstəricilər hesabına əmək haqqı yaxud sahələr, regionlar üzrə bunu hesablaya bilək. Çünki Bakıdakı həyat səviyyəsi ilə, regionlardakı həyat səviyyəsi eyni deyil. Məsələn, Rusiya kimi ölkələrdə regional istehlak səbəti də hesablanır. Düzdür, bizim ölkə o qədər böyük deyil, amma fərqlər var".[5]

  1. 1 2 "768-IIQ - Yaşayış minimumu haqqında". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
  2. "118 - Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında". 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
  3. 1 2 "Ekspert: "Yaşayış minimumu kimi, minimum istehlak səbəti də hər il yenilənməlidir"". İstifadə tarixi: 2023-11-30.
  4. "Nimdaş səbətimiz: 2 aya corab, 3 aya alt geyim, 8 ilə palto..." 2023-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
  5. "Azərbaycanlıların və avropalıların İSTEHLAK SƏBƏTİ..." İstifadə tarixi: 2023-11-30.