Bu məqalənin giriş hissəsi çox qısadır. |
Bu məqalədəki nümunələr və perspektivlər mövzuya dünya miqyasında baxışı əks etdirməyə bilər. |
Yaşayış minimumu — minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma.[1]
Bu anlayış 5 oktyabr 2004-cü il tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Adıçəkilən qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir.
Yaşayış minimumunun müəyyən edilməsi ölkənin sosial siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Odur ki, yaşayış minimumunun məbləğinin müəyyən edilməsi zamanı Azərbaycan Respublikası vətəndaşlarına layiq minimum həyat səviyyəsinin təmin edilməsi imkanları nəzərə alınmalıdır.
Qanunvericiliyin izahından görünür ki, yaşayış minimumunun minimum istehlak səbəti və icbarı ödənişlər olmaqla 2 tərkib hissəsi vardır. Minimum istehlak səbətinin anlayışı və məzmunu qismən də olsa bizə aydındır. Yuxarıda qeyd olunan qanuna görə, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bundan başqa "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı vardır ki, bəhs olunan səbətin tərkibi haqqında informasiya verir. Lakin yaşayış minimumu haqqında qanunda yaşayış minimumunun digər tərkib hissəsi olan icbari ödənişlərin nə anlayışı, nə də tərkibi barədə konkret müddəalar əks olunub. Beləliklə, yaşayış minimumunun məbləğinin hesablanması zamanı nəzərə alınan icbari ödənişlərin nələrdən ibarət olduğu qeyri-müəyyən qalır. Güman etmək olar ki, buraya fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, daşınmaz əmlakın icbari sığortası, icbari tibbi sığorta haqqı kimi ödənişlər daxildir.
Yaşayış minimumunun hüquqi tənzimlənməsini həyata keçirən "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda yaşayış minimumunun hansı məqsədlərlə istifadə olunması müəyyən edilmişdir:
İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır. Qanunvericiliyin tələbinə görə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir və rəsmi dövlət nəşrlərində dərc olunur.[1]
Belə ki, 5 oktyabr 2004-cü il tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək Azərbaycanda minimum istehlak büdcəsi anlayışından istifadə olunurdu. "Minimum istehlak büdcəsi haqqında" 14 oktyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, minimum istehlak büdcəsi cəmiyyət tərəfindən onun indiki inkişaf dövründə mümkün olan minimum səviyyə kimi qəbul edilmiş həddən aşağı olmayan səviyyədə insanın əsas fizioloji və sosial-mədəni tələbatının ödənilməsini təmin edəcək istehlak mallarının və xidmətlərin dəyərini əks etdirir. Qüvvədən düşmüş bu qanunda indiki qanunvericilikdən fərqli olaraq istehlak səbətinə mədəni-maarif, müalicə və istirahət üçün xərclər də nəzərdə tutulmuşdu ki, bu da insanların ehtiyaclarını daha dəqiq əks etdirirdi.[2]
İlk dəfə 1992-ci ildə "İstehlak səbətinin və minimum istehlak büdcəsinin təsdiq edilməsi barədə" Qərarla Milli Məclis adambaşına minimum istehlak büdcəsinin 3552,25 rubl məbləğində dəyərini təsdiq edir.[3]
Qanuna görə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Belə ki, əvvəlki qanunda aztəminatlılıq və yoxsulluq bərabər tutulurdusa, yeni qanunda yoxsulluq anlayışı öz əksini tapmadı. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda yoxsulluğun aradan qaldırılması üçün çoxsaylı tədbirlər görülmüşdür ki, bunlar arasında 2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı və 2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramını xüsusilə vurğulamaq lazımdır.
2003–2005-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramında ölkədəki mövcud vəziyyət təhlil olunaraq qeyd edilir ki, görülən işlərə və əldə edilən nəticələrə baxmayaraq, hələlik ölkədə iqtisadiyyatın yüksək inkişaf səviyyəsini və əhalinin beynəlxalq standartlara uyğun həyat tərzini təmin etmək mümkün olmamışdır: əhalinin bir hissəsinin məşğulluq problemi həll edilməmiş, minimum əmək haqqının məbləği vətəndaşların minimum yaşayış səviyəsini təmin edən səviyyəyə çatdırılmamış, yoxsulluğu doğuran bir sıra amillər tam aradan qaldırılmamışdır.
Azərbaycan keçmiş 15 sovet respublikası arasında mərkəzdən dotasiya almayan iki respublikadan (digəri Rusiya) biri olmasına baxmayaraq, həyat səviyyəsinə görə, həmin respublikalar arasında 10-cu yeri tuturdu. 1990-cı ildə Azərbaycanda orta aylıq əmək haqqının səviyyəsi Sovet İttifaqı üzrə müvafiq göstəricidən 30%, Baltikyanı ölkələrlə müqayisədə isə 50% aşağı idi. 1990-cı ilin rəsmi statistikası əhalinin 35%-nin adambaşına gəlirinin yaşayış minimumundan aşağı olduğunu göstərir.
2001-ci ildə Dövlət Statistika Komitəsi ETM-i (Ev Təsərrüfatlarının Müayinəsi) keçirməyə başlamış və bu sorğunun ilkin nəticələrindən ölkədə yoxsulluğun qiymətləndirilməsi üçün istifadə olunmuşdur. Yoxsulluq səviyyələrinin təhlili aparılarkən rifah göstəricisi kimi adambaşına düşən istehlak xərclərinin həcmi götürülmüş və iki növ yoxsulluq həddindən istifadə olunmuşdur. Birinci hədd mütləq yoxsulluq həddi olmaqla adambaşına aylıq 120,000 AZM (25.8 ABD (dollar nəzərdə tutulur)) təşkil edir. Bu hədd gündəlik 2,200 kilokalori qida qəbulunu təmin edən minimum ərzaq istehlakı səbətinin dəyərinə əsaslanır. Minimum istehlak səbətində ərzağın çəkisi 70% həcmində götürülmüşdür. Bu, ETM-də əldə edilən nəticələrə uyğun olaraq, ev təsərrüfatlarının istehlak xərclərinin strukturundakı ərzağın mövcud xüsusi çəkisinə uyğundur. Bu yoxsulluq həddindən istifadə edərkən, 2001-ci ildə, bütün ölkə üçün yoxsulluq səviyyəsinin 49% təşkil etdiyi müəyyən edilmişdir. Yoxsulluğun ikinci həddi nisbi həddir və adambaşına orta istehlak xərclərinin səviyyəsinin 60%-i həddində müəyyən edilmişdir. Bu da, 2001-ci il üçün 72,000 AZM (15.5 ABD) təşkil etmişdir. Bu həddən istifadə edərkən yoxsulluq həddinin 17% olduğu müəyyənləşdirilmişdir. İkinci yoxsulluq həddindən ölkədə ən yoxsul təbəqənin səviyyəsini müəyyən etmək üçün istifadə oluna bilər.[4]
Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilmişdir. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılmış və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etmişdir.
2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | |
Yoxsulluq həddi, manat | 35 | 35,8 | 38,8 | 42,6 | 58 | 64 |
Yoxsulluq səviyyəsi, faizlə | 46,7 | 44,7 | 40,2 | 29,3 | 20,8 | 15,8 |
İqtisadçı Toğrul Vəliyev yoxsulluğun yaşayış minimumu və ehtiyac meyarı ilə əlaqəsini tədqiq edərək aşağıdakı göstəriciləri əldə etmişdir:
İl | Yaşayış minimumu | DSK tərəfindən hesablanan yoxsulluq həddi | Ən yoxsul, yaşayış minimumunun 60% qismində | Ehtiyac meyarı | Ev təsərrüfatlarında adambaşına düşən gəlirlər (ETM) | Ən aşağı desil üzrə adambaşına düşən gəlirlər |
2007 | 64,0 | 64,0 | 38,4 | 40,0 | 88,1 | m/y |
2008 | 70,0 | 78,6 | 42,0 | 55,0 | 108,9 | m/y |
2009 | 84,0 | 89,5 | 50,4 | 60,0 | 125,0 | m/y |
2010 | 87,0 | 98,7 | 52,2 | 65,0 | 144,2 | m/y |
2011 | 95,0 | 107,2 | 57,0 | 75,0 | 166,0 | 109,2 |
2012 | 108,0 | 119,3 | 64,8 | 84,0 | 190,9 | 127,4 |
2013 | 116,0 | 125,2 | 69,6 | 93,0 | 214,7 | 141,5 |
2014 | 125,0 | 129,6 | 75,0 | 100,0 | 230,0 | 157,3 |
2015 | 131,0 | 135,6 | 78,6 | 105,0 | 240,5 | 156,5 |
2016 | 136,0 | 148,5 | 81,6 | 105,0 | 257,8 | 158,0 |
2017 | 155,0 | 165,7 | 93,0 | 116,0 | 268,4 | 160,4 |
2018 | 173,0 | 175,2 | 103,8 | 130,0 | 276,0 | 153,6 |
2019 | 180,0 | 185,5 | 108,0 | 143,0 | 292,6 | 160,4 |
2020 | 190,0 | 194,9 | 114,0 | 160,0 | 291,4 | 158,7 |
Bu göstəricilərdən aydın olur ki, yoxsulluq həddi yaşayış minimumundan yuxarı həddə olub. Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ildə yoxsulluq həddi 204,7 manatdan 229,6 manata yüksəlib.[7] Bu isə o anlama gəlir ki, 2022-ci ildə də yaşayış minimumu yenə yoxsulluq həddindən aşağıdır. Belə ki, 2022-ci il üçün yaşayış minimumu 210 manat hesablanmışdı.
"Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar ixtisassız əməklə məşğul olan işçilərinə əməkhaqqını minimum əməkhaqqı məbləğindən az olmayaraq ödəməlidir. Ölkə üzrə əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin məbləğinin yaşayış minimumuna nisbəti hər il Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Uzun müddət Azərbaycanda yaşayış minimumunun məbləği minimum əməkhaqqından və ehtiyac meyarından yüksək olmuşdur. Minimum əməkhaqqının minimum yaşayışı təmin edə bilməməsi əhalinin yoxsulluq səviyyəsinin artmasına səbəb olan başlıca amillərdən biri idi. 2004-cü ildə adıçəkilən Qanun qəbul olunanda Azərbaycan Respublikasında minimum əməkhaqqı və ehtiyac meyarının həddinin mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməsi nəzərdə tutulmuşdu. Lakin uzun illər həmin hədəfə çatılmamış və 2008–2015-ci illər üçün Dövlət Proqramında minimum əməkhaqqının məbləğinin mütəmadi olaraq artırılacağı və 2011-ci ildən ölkə üzrə yaşayış minimumu səviyyəsini üstələmək şərtilə müəyyənləşdiriləcəyi vəd edilmişdi.[5] Lakin 2011-ci ildə bu vəd yerinə yetirilmədi. Daha sonra "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında" 29 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə minimum əməkhaqqının və ehtiyac meyarının məbləğinin yüksəldilməsi yenidən hədəf kimi müəyyən edildi. Konsepsiyaya görə, işləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativ orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görülməli idi.[8]
Yaşayış minimumu haqqında Qanunda yaşayış minimumunun əmək haqqının minimum məbləğinin və pensiyaların baza hissəsinin müəyyən edilməsinin əsasını təşkil etdiyi vurğulansa da, bu hüquqi baxımdan icbari bağlılığı nəzərdə tutmur. Məsələn Rusiya Əmək Məcəlləsində göstərilir ki, əmək haqqının minimum səviyyəsi yaşayış minimumundan aşağı müəyyən edilə bilməz.[9]
2019-cu ilin mart və sentyabr aylarında əməkhaqları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan iki sosial paketin icra edilməsi nəticəsində minimum əməkhaqqı səviyyəsi 130 manatdan 250 manata qaldırılmaqla ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı, hətta onu keçdi.[10]
Ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə mühüm əhəmiyyət kəsb edən ehtiyac meyarı da uzun illər yaşayış minimumunun məbləğindən aşağı olmuşdur. 2004-cü ildə qoyulmuş hədəfə nəhayət 2023-cü ildə çatmaq mümkün olmuşdur. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında" 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunları ilə ilk dəfə yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşmiş və hər ikisi 246 manat təşkil etmişdir.[11][12]
Ehtiyac meyarı göstəricisinin yaşayış minimumuna yaxınlaşdırılması və çatdırılması ünvanlı dövlət sosial yardımının məbləğinin artması yolu ilə həm effektliliyin yüksəlməsinə şərait yaradır, həm də sözügedən yardıma həqiqi ehtiyacı olan kontingenti dəqiq müəyyən etməyə daha çox imkanlar açır.[10]
Yaşayış minimumunun məbləği həm də uşaqlara görə ödənilən alimentin məbləğinə də təsir göstərir. 2023-cü il üçün uşaqların yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır.[13] Odur ki, bir uşaq üçün alimentin məbləği də müvafiq olaraq 220 manat təşkil edir.
DSK-nın rəqəmlərinə görə, Azərbaycandakı tələbələrin 173 min 474-ü əyani təhsil alır. Bu o deməkdir ki, ölkədəki tələbələrin təxminən 82 faizi əyani, 18 faizi qiyabi təhsil alanlardır. Onların 87 min 575 nəfəri təqaüd alır. Bu baxımdan aydın olur ki, Azərbaycandakı bütün tələbələrin 42 faizinin, əyani təhsil alanlarınsa 51 faizə yaxınının təqaüdü var. Hər iki tələbədən biri də dövlətdən ödəniş əldə etmir. Bu ilin yanvarından bəri Azərbaycanda bakalavr təhsili alan tələbələrin maksimum təqaüd məbləği 175 manatdır. Akademik göstəriciləri 91–100 bal arası olan tələbələr bu qədər təqaüd ala bilər. Akademik göstəriciləri 71-dən çox olan tələbələrə 145 manat, 51-dən yüksək olanlara isə 100 manat təqaüd ödənilir. Bu il Azərbaycanda yaşayış minimumu 246 manatdırsa, deməli, hazırda ən yüksək tələbə təqaüdü belə yaşayış minimumundan 30 faiz azdır. Bu baxımdan, tələbələrin yalnız təqaüd hesabına minimum ehtiyaclarını ödəməsi imkansızdır.[14]
"Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununun yaşayış minimumunun təyinatı adlanan 2-ci maddəsində onun hansı məqsədlərlə istifadə olunduğu qeyd edilmişdir. Həmin məqsədlərdən biri yaşayış minimumunun fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında istifadə olunmasıdır. Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, həmin gəlirin 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir.[15] Aylıq gəlirin 200 manatlıq hissəsinin vergidən azad olunması məzmununda Vergi Məcəlləsinə edilmiş dəyişiklik fiziki şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılması yönündə atılmış addım olaraq dəyişikliyin edildiyi dövrün ölkə üzrə yaşayış minimumunun məbləğindən daha yuxarı məbləğdə hissənin vergidən azad olunması ilə yaşayış minimumu haqqında qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Lakin 2022-ci ildən etibarən ölkə üzrə yaşayış minimumunun 210 manat olması ilə Məcəlləyə edilmiş həmin dəyişiklik fiziki şəxslərin maddi vəziyyətini ağırlaşdırmağa başlamışdır. Bu da yaşayış minimumu haqqında qanunla Vergi Məcəlləsi arasında uyğunsuzluğa gətirib çıxarır.
Fiziki şəxslərin aylıq gəlirindən vergidən azad olunan hissə ilə bağlı Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər baş vermişdir:
Nədən | Hansı hissədən | Nə qədər | Hansı tarixdən | |
---|---|---|---|---|
1. | aylıq gəlirdən | şərti maliyyə vahidinin 200 mislinədək | şərti maliyyə vahidinin 30 misli | 01.01.2006 |
2. | –– | 200 manatadək | 30 manat | 01.01.2007 |
3. | –– | –– | minimum əmək haqqının 1 misli | 01.01.2008 |
4. | fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə)
hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirdən |
–– | –– | 01.01.2010 |
5. | –– | –– | əmək qabiliyyətli əhali üçün ölkə üzrə
yaşayış minimumunun 1 misli |
01.01.2013 |
6. | –– | 250 manatadək | –– | 01.09.2013 |
7. | –– | 2500 manatadək | ölkə üzrə yaşayış minimumunun 1 misli | 01.01.2016 |
8. | –– | –– | 200 manat | 01.01.2019 |
Azərbaycanda yaşayış minimumunun məbləği 4 qrup üzrə müəyyən olunur. Bunlardan ilki ümumi ölkə üzrə, digərləri isə əhalinin aşağıdakı əsas sosial-demoqrafik qrupları üzrədir:
Burada uşaqlar qrupuna 15 yaşa qədər uşaqların aid edilmə səbəbi Əmək Məcəlləsinə əsasən 15 yaşından etibarən uşaqların işə götürülə bilməsi, yəni əmək qabiliyyətli hesab olunmasıdır.
Yaşayış minimumunun məbləği, bir qayda olaraq, hər ilin sonlarında növbəti il üçün qanun şəklində qəbul edilir və növbəti ilin yanvarın 1-indən qüvvəyə minir. Azərbaycanda yaşayış minimumunun 2007-ci ildən etibarən illər üzrə dinamikası aşağıda göstərilib:
İl | Ölkə üzrə | Əmək qabiliyyətli əhali üçün | Pensiyaçılar üçün | Uşaqlar üçün |
---|---|---|---|---|
2007 | 64 | 70 | 49,7 | 52,4 |
2008 | 70 | 79 | 55 | 59 |
2009 | 84 | 92 | 65 | 69 |
2010 | 87 | 96 | 68 | 72 |
2011 | 95 | 102 | 72 | 76 |
2012 | 108 | 116 | 84 | 87 |
2013 | 116 | 125 | 94 | 93 |
2014 | 125 | 136 | 103 | 103 |
2015 | 131 | 140 | 108 | 108 |
2016 | 136 | 146 | 115 | 117 |
2017 | 155 | 164,5 | 130,2 | 136,6 |
2018 | 173 | 183 | 144 | 154 |
2019 | 180 | 191 | 149 | 160 |
2020 | 190 | 201 | 157 | 170 |
2021 | 196 | 207 | 162 | 175 |
2022 | 210 | 220 | 176 | 193 |
2023 | 246 | 261 | 199 | 220 |
2024 | 270 | 287 | 222 | 235 |
Sonuncu dəfə 5 dekabr 2023-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.[18]