Minoru Honda

Minoru Honda (本田 実, Honda Minoru?, 26 fevral 1913, Tottori prefekturası26 avqust 1990, Kuraşiki, Okayama prefekturası)Yaponiya astronomu. O, kometa ovçusu kimi tanınmış və 1940–68-ci illərdə 12 kometa kəşf etmişdir.

Minoru Honda
yap. 本田実
Doğum tarixi 26 fevral 1913(1913-02-26)
Doğum yeri
Vəfat tarixi 26 avqust 1990(1990-08-26) (77 yaşında)
Vəfat yeri
Fəaliyyəti astronom

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Minoru Honda 1913-cü ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur.[1] İbtidai məktəbi bitirdikdən və 2 illik uzadılmış təhsil aldıqdan sonra valideynləri ilə birlikdə fermer kimi işləməyə başlamışdır.[1] Lakin məktəb illərindən etibarən astronomiyaya maraq göstərən Honda 1927-ci ildə 28 millimetrlik linzalarla ilk teleskopunu düzəltmişdir.[2] Honda 17 yaşına çatanda Şiqeru Kandanın kometalar haqqında kitablarını oxumuş və hələ də Yaponiyada kometa kəşf olunmadığını öyrənmişdir.[2] O, dərhal kometa kəşf etməyə qərar vermiş və ulduz xəritəsi olmadan müşahidələrə başlamışdır.[2]

1937-ci ildə Honda Şərq Astronomiya Cəmiyyətinin qurucusu olan İssey Yamamoto tərəfindən işə götürülmüş və o, Hiroşimada Zodiak İşığı rəsədxanasında işləməyə başlamışdır.[2] 1941-ci ilin aprelində Kuraşiki rəsədxanasında astronom Şiqeki Obayaşinin yerini tutmuşdur.[2]

1941-ci ilin iyulunda Honda Yaponiya ordusunun əsgəri kimi müharibəyə cəlb olunmuş və Çinin şimal-şərqinə, daha sonra isə Sinqapura göndərilmişdir.[2] Honda hərbi xidməti zamanı da özü ilə monokulyar gəzdirmiş və ulduzları müşahidə etmişdir.[2] Sinqapurda əldə etdiyi 8 santimetrlik linza ilə teleskop düzəltmişdir.[2]

Honda 1965-ci ildə Kuraşikidə iki bağçanın direktoru olmuş və növbəti illərdə işıq çirkliliyi səbəbilə astronomik müşahidələrinə son vermişdir.[2] 1981-ci ildə Kuraşikinin 30 kilometr şimalında kiçik rəsədxana tikdirmiş və ölənə qədər rəsədxanı 1451 dəfə ziyarət etmişdir.[2]

Honda 1940-cı ilin oktyabrında şərti adı C/1940 S1 olan kometa kəşf etmişdir.[2] Bu kometa 3 gün əvvəl Okayama prefekturasında yerləşən Kuraşiki rəsədxanasında Okabayaşi tərəfindən müşahidə olunduğu üçün ona Okabayaşi–Honda adı verilmişdir.[2] 1941-ci ilin yanvarında isə şərti adı C/1941 B1 (Frend–Riiz–Honda) olan kometa aşkar etmişdir.[2] Sinqapurda düzəltdiyi teleskop vasitəsilə 1947-ci ilin mayında kometa kəşf etmişdir.[2] Lakin kəşf etdiyi kometanın əslində daha əvvəl kəşf olunmuş Qriqq–Skellerup kometası olduğu məlum olmuşdur.[2] Buna baxmayaraq, Hondanın kəşfi Yaponiya qəzetlərində yayımlanmışdır.[2]

Honda 1946-cı ilin mayında Kuraşiki rəsədxanasına qayıtmış və 1947-ci ilin noyabrında şərti adı C/1947 V1 (Honda) olan kometa kəşf etmişdir.[2] Həmin dövrdə Yaponiya ABŞ işğalı altında olduğu üçün yaponlar xarici ölkələrlə ancaq poçtla əlaqə saxlaya bilirdilər.[2] Tokio Astronomiya Rəsədxanasının direktorunun xahişindən sonra Hondanın kəşfi barədə Beynəlxalq Astronomiya İttifaqına məlumat verilmişdir.[2]

Honda müharibədən sonra bir çox kometa kəşf etməyə davam etmişdir: C/1948 L1 (Honda–Bernaskoni), 45P/Honda–Mrkos–Paydusakova, C/1953 G1 (Mrkos–Honda), C/1955 O1 (Honda), C/1962 H1 (Honda), C/1964 L1 (Tomita–Qerber–Honda), C/1968 H1 (Tago–Honda–Yamamoto), C/1968 N1 (Honda) və C/1968 Q2 (Honda).[2] Hondanın kəşfləri Yaponiyada bir çox şəxsin kometa axtarması üçün ilham mənbəyi olmuşdur.[2] Kaoru İkeyaTsutomu Seki onunla məsləhələşdikdən sonra kometalar kəşf etmişdirlər.[2]

Honda 1960-cı ilin fevralında novaların fotoqrafik müşahidələrinə başlamışdır.[2] İlk uğurlu kəşfini 1970-ci ilin fevralında, sonuncusunu isə 1987-ci ilin yanvarında gerçəkləşdirmişdir.[2] Onlardan birini 1975-ci ilin avqustunda çılpaq gözlə kəşf etmişdir.[2]

  • Biographical Encyclopedia of Astronomers (ingiliscə). Springer. 2007. səh. 522–523. ISBN 9780387304007. İstifadə tarixi: 20 sentyabr 2022.