Mirzə Ələkbər Sabirin ev-muzeyi — Azərbaycanın satirik şairi, ictimai xadimi, filosofu və müəllimi, Mirzə Ələkbər Sabirə həsr olunmuş xatirə muzeyi. Muzeyin binası Şamaxıda, M. Ə. Sabirin yaşadığı evdə (qədim Şıxminas məhəlləsində) yerləşir. Muzey Azərbaycanın görkəmli şairi M. Ə. Sabir irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
Mirzə Ələkbər Sabirin ev-muzeyi | |
---|---|
Əsası qoyulub | 1962 |
Yenidən təşkil olunub | 1979 |
Ölkə | |
Yerləşir | Şamaxı, Azərbaycan |
Ünvan | Seyid Əzim Şirvani küçəsi |
Telefon | +994 20 265 34 63 |
İş rejimi | 09:00–18:00 |
40°38′02″ şm. e. 48°38′21″ ş. u.HGYO | |
sabirmuseum.az |
Muzey 1962-ci ildə şairin doğumunun 100 illiyi ilə münasibətilə yaradılmışdır. Muzey ikimərtəbəli binada yerləşir. Muzeyin köhnə binası bir mərtəbədən və 2 ekspozisiya zalıdan ibarət olmaqla yararsız vəziyyətdə idi. Bu bina 1978-ci ildə sökülərək yenidən qurulmuşdur. Yenidənqurma və bərpa işlərindən sonra muzey 1979-cu ildə yenidən ictimaiyyət üçün açılmışdır.[1] Muzey 2017-ci ilin sentyabr ayında divarının uçması nəticəsində bağlanıb və restavrasiyası məqsədi üçün sökülüb.[2]
Muzeyin ümumi sahəsi 293 m2-dir.[1] Onun 6 sərgi salonu[3] və 1 eyvanı vardır.[1] Birinci sərgi salonunda M. Ə. Sabirin uşaqlıq, təhsil illərinə, səyahətlərinə aid eksponatlar və şairin sabun bişirdiyi qazanın maketi nümayiş olunur. Digər salonlarda XIX–XX əsrlərə aid məişət əşyaları, muzeyə verilən hədiyyələr, M. Ə. Sabirin müasirlərinin şəkilləri, tədqiqatçılarının əsərləri, Molla Nəsrəddin jurnalının nümunələri və s. eksponatlar tamaşaçılara təqdim edilir.[4]