Mirzə Ələkbər Sabir

Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; 30 may 1862, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası12 (25) iyul 1911, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası) — Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadimmüəllim.[1]

Mirzə Ələkbər Sabir
Doğum adı Ələkbər Zeynalabdin oğlu Tahirzadə
Təxəllüsü Sabir
Doğum tarixi 30 may 1862(1862-05-30)
Doğum yeri
Vəfat tarixi 12 (25) iyul 1911 (49 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Qaraciyər sirrozu
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Milliyyəti Azərbaycan türkü
Həyat yoldaşı Büllurnisə xanım Tahirzadə
Fəaliyyəti şair, tənqidçi, ictimai xadim
Fəaliyyət illəri 1903–1911
Janrlar realizm, lirika, satira
İlk əsəri Tutdum orucu İrəmazanda
Tanınmış əsəri
Vikimənbənin loqosu Mirzə Ələkbər Sabir Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə onu mollaxanaya qoymuşdu.

M. Ə. Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Mirzə Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayırdı:[2]

" Gördüm neçə dəstə tazə güllər,
Bağlanmış idi giyah ilən tər.
"

Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə, Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş, hətta bir dəfə şeir dəftərini də cırıbmış. Mirzə Ələkbər Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxır, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və başqa Xorasan şəhərlərini gəzir. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olurdu.

1902-ci ildə baş vermiş dəhşətli Şamaxı zəlzələsi zamanı Sabirin evi də dağılmışdı.

Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.

Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir və Əbdürrəhman Tofiq Əfəndizadə

XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin o zaman Sabirə mənəvi cəhətdən böyük kömək etmişdi. Onlar Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub təhlil və müzakirə edirdilər.

XX əsrin əvvəllərindən başlayaraq M. Ə. Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-rus" qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yarandı.

1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət İrşad qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir.

Həmin ilin sentyabr ayında Sabir "Ümid" məktəbini açmağa müvəffəq olur.[3] Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə Zənbur jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı "Nicat" məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"ə də yazmaqda davam edir.

1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin o buna razı olmur. O, Şamaxıya qayıdır.

Abbas Səhhət şagirdləri ilə Sabirin məzarının başında

"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər.

Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H. İ. Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: …Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım.

1911-ci il iyulun 25-də (köhnə təqvimlə 12-də) M. Ə. Sabir vəfat edir. Şairin məzarı Şamaxıda "Yeddi Guşə"dədir.

Haqqında olan əsərlər

[redaktə | mənbəni redaktə et]
Mirzə Ələkbər Sabirin 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1958).
  • Mirzə İbrahimov. Böyük şairimiz Sabir. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1962, 38 səh.
  • Cəfər Xəndan. Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1962, 436 səh.
  • Abbas Zamanov. Müasirləri Sabir haqqında. Bakı: Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1962, 323 səh.
  • Abbas Zamanov. Sabir gülür. Bakı: Gənclik, 1981, 260 səh.
  • Bəxtiyar Vahabzadə. Ağlar-güləyən. Bakı, 1962, 21 səh.

Haqqında olan filmlər

[redaktə | mənbəni redaktə et]

1962-ci ildə Muxtar Dadaşov tərəfindən Mirzə Ələkbər Sabirin anadan olmasının 100 illiyinə Sabir adlı qısametrajlı sənədli film həsr edilmişdir.

  1. САБИР // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 242.
  2. "HƏYAT VƏ YARADICILIĞI". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.
  3. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 294.
  • Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]