Mirzə Atakişiyev

Mirzə Şükür oğlu Atakişiyev (10 oktyabr 1949, Xoləzəy Alxaslı, Kəlbəcər rayonu29 iyun 1992, Papravənd, Ağdam rayonu) — I Qarabağ müharibəsi Şəhidi. SSRİ DİN Ufa xüsusi təyinatlı hərbi məktəbinin məzunu, Azərbaycan Respublikasının DİN İİİ-nin işçisi, daxili xidmət mayoru, Ağdam rayonu Paprəvənd kəndi, 1 saylı köçürmə kaloniyası rəsinin növbətçi köməkçisi. Ermənilərin kaloniyaya hücumu nəticəsində məhbusları xilas edərək təkbətək döyüşdə şəhid olmuşdur.

Mirzə Atakişiyev
Mirzə şükür oğlu Atakişiyev
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1949(1949-10-10)
Doğum yeri
Vəfat tarixi 29 iyun 1992(1992-06-29) (42 yaşında)
Vəfat yeri
Dəfn yeri Şahbulaq ,Ağdam, Azərbaycan
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı

Mirzə Şükür oğlu Atakişiyev 10 oktyabr 1949-cu ildə Kəlbəcər rayonunun Xoləzəy kəndində qulluqçu ailəsində anadan olmuşdur. 4 yaşında anasını, 13 yaşında atasını itirərək bacısı Məleykənin himayəsində böyüyümüşdür. 1957–1967-ci illərdə Kəlbəcər şəhəri 1 saylı tam orta məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu illərdə əxlaqına, məktəb daxili intizam qaydalarına əməl etməsinə görə "nümunəvi əxlaqına görə" məktəb rəhbərliyi tərəfindən şəxsi işinə xüsusi qeydlər edilirdi. Orta məktəbi bitirdikdə kamal atestatında da fənlərdən aldığı qiymətlərlə yanaşı "əla əxlaqı" sözləri qeyd edilmişdir[1].

Mirzə Atakişiyev orta məktəbi bitirdikdən sonra 1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. İnstitutda oxuduğu illərdə daima fikirlərini məşğul edən bir arzu onun rahatlığını pozurdu. Gənc yaşlarında vəzifə başında həlak olmuş əmisi polis kapitanı Müslüm İsgəndərovun yolu ilə gedərək, kapitan olmaq arzusu ilə yaşayırdı. Bu arzusu təfəkkürünə o dərəcədə hakim olmuşdur ki, bacısı Məleykənin gözüyaşlı qalacağını düşünmədən, ailəyə xəbər vermədən Bakı şəhərində yerləşən hərbi komissarlığa gedərək əsgəri xidmətə getmək istəyi ilə ərizə yazdı. İnstitutun III kursunda təhsil almasına baxmayaraq tələbəlik illərini əsgər həyatı ilə dəyişdi. 1971-ci ildə SSRİ Silahlı qüvvələrinin sıralarına daxil oldu və Həştərxan şəhərindəki hərbi hissəyə gəldi. Bir müddətdən sonra İnstitutdan bacısı Məleykəyə vurulmuş teleqramda Mirzə Atakişiyevin bir aydır dərsə gəlmədiyi bildirilirdi. Bacısının həyat yoldaşı, Mirzəni oğlu kimi sevib böyüdən İdris Verdiyev Bakıya gəldi. Müəllimləri, tələbə yoldaşları, otaq yoldaşları ilə görüşdü, lakin Mirzə haqqında heç bir məlumat əldə edə bilmədi. Nəhayət, Kəlbəcərə geri döndü. Kəlbəcər rayonu hərbi komissarlığından məlumat aldı ki, Mirzə Həştərxanda əsgəri xidmətdədir və Həştərxanda yerləşən hərbi hissə rəhbərliyi onun sənədlərini tələb edir. Mirzənin sənədlərini Həştərxandakı hərbi hissəyə göndərdilər. Ailə aldığı xəbərdən nigarançılıqdan qurtarmış olsa da, Mirzənin 3 il təhsil aldıqdan sonra İnstitutu tərk etdiyi ilə barışa bilmirdilər.

Mirzə Atakişiyev 2 il əsgəri xidmətdə də özünü intizamlı əsgər kimi göstərib hərbi hissə rəhbərliyinin hörmətini qazandı. SSRİ DİN-nin Ufa şəhəri xüsusi təyinatlı hərbi məktəbinin elanını görən kimi Hərbi hissə komandirinə ərizə ilə müraciət etdərək, hərbi təhsil almaq arzusunda olduğunu bildirdi. Müraciəti rəhbərlik tərəfindən qəbul olundu və 1973-cü ildə hərbi təhsil almaq üçün Başqırdıstan Respublikasının Ufa şəhərinə göndərildi. Təhsil aldığı müddətdə təlim-tərbiyə sahəsində nümunəvi olması ilə ad qazandı. Paralel olaraq 13 noyabr 1975 – 19 may 1976-cı ildə Ufada sürücülük məktəbində də təhsil alaraq avtomobil, mototsikl, moped sürmək üzrə mütəxəssis vəsiqəsi aldı. 1976-cı ildə Ufa xüsusi təyinatlı məktəbində təhsilini bitirərək Leytenant rütbəsi ilə Həştərxana, hərbi hissəyə geri döndü. Hərbi hissədə xidmətini başa vurdu və peşəsi üzrə işləməyə başladı.

1977-ci ilin yanvar ayında Mirzə Atakişiyev məzuniyyətə çıxaraq Kəlbəcərə gəldi. 14 fevral 1977-ci ildə özünün seçdiyi orta təhsilli qızla, Məhluqə Əsgərova ilə ailə qurdu. Məzunuyyəti vaxtı bitdikdən sonra Məhluqəni də götürüb Həştərxana geri döndü. 4 aprel 1978-ci ildə oğlu İlqar dünyaya gəldi və gəlişi ilə atasız böyüyən Mirzə Atakişiyevin qəlbinə, evinə sevinc gətirdi. 1979-cu ildə SSRİ DİN-nə ərizə ilə müraciət edərək ailəli olmasını və Azərbaycanda xidmət etmək istədiyini bildirdi. Ərizəsinə əsasən Mirzə Atakişiyev Azərbaycan SSR-nin DİN-nin sərəncamına göndərildi və Ağdam rayonunun Papravənd kəndində yerləşən 1 saylı İslah Əmək Düşərgəsində kaloniya rəisinin növbətçi köməkçisi təyin edildi. Ailəsi ilə birlikdə Ağdam şəhərinə köçdü. 1979-cu ilin iyul ayında oğlu Məzahir, 14 mart 1982-ci ildə oğlu Nicat dünyaya göz açaraq, ailəyə sevinc bəxş etdi. 1982-ci ilin iyununa qədər Ağdam şəhərində yaşadılar. 1982-ci ilin yayında Ağdam rayonunun Şahbulaq kəndində torpaq sahəsi alıb ev tikdi və Şahbulağa köçdü. 1 oktyabr 1988-ci ildə ailənin sonbeşiyi olan qızı İlahə anadan oldu.

26 fevral 1992-ci il Xocalı faciəsindən sonra koloniyanın zabitləri özlərini və məhbusları mühafizə etmək üçün 2 avtomat silah əldə etdilər. 8 may 1992-ci ildə ermənilər Şuşa şəhərini işğal etdi. Həmin gecə Mirzə Atakişiyevin Sumqayıtda yaşayan bacısı qızının həyat yoldaşı Məhəmmədin televiziyada "Xəbərlər" proqramından Şuşanın işğal olunmasını eşidərkən, dözməyərək rəhmətə getməsi xəbərini aldı, lakin Kəlbəcər-Ağdərə abtomobil yolu bağlı olduğundan Kəlbəcərə gəlib dəfndə iştirak edə bilmədi. 28 iyun 1992-ci ildə Mirzə Atakişiyev zabit yoldaşından xahiş etdi və onun yerinə gecə növbədə qaldı. O gecə 42 məhbusdan və kapitan Mirzə Atakişiyevdən başqa koloniyada heç kəs yox idi. Səhər saat 6.00-da durub koloniyanın ətrafını müşahidə etməyə başaldı. Sübh vaxtı qatı duman çökmüşdü. Ətrafı diqqətlə nəzərdən keçirdi və dumanın içərisi ilə irəliləyən erməni yaraqlılarını sezdi. Tələsik baraka qaçdı və qapını açıb məhbuslara qalxmaq və tələsik Ağdama tərəf qaçmaq əmrini verdi. Hövlanak yuxudan oyanan məhbuslar geyinməyə macal tapmadılar və çölə yüyürdülər. Özü isə seyfin qapısını açıb oradakı 2 avtomatı və sənədləri götürüb çölə tullandı. Avtomatın birini məhbuslardan kiməsə vermək istəsə də, məhbuslar istifadə edə bilmədiklərini bildirdilər[2].

Məhbuslardan biri qapıdakı kurzovik maşının kabinəsini açıb minmək istədikdə ilk güllə ona dəydi və məhbus yerə yıxılaraq taxılın içinə süründü. Mirzə Atakişiyev məhbuslara taxılın içinə girib qaçmaqlarına göstəriş verdi. Özü də taxılın içinə girib avtomatı əlinə alıb gözləmə mövqeyində dayandı. Yaralı məhbus ondan bir neçə addım kənarda qan içində taxılın içinə uzanmışdı. Yaralı məhbus Mirzə Atakişiyevin döyüşə hazırlaşdığını görüb dedi:

" “Mirzə müəllim qaçın!” Mirzə Atakişiyev qəzəblə: “Ermənilərin qabağından nə vaxta qədər qaçacağıq.” "

Ağdamın könüllü batalyonunun komandiri Allahverdi Bağırovun başçılığı ilə döyüşçülər köməyə gələndə ermənilər koloniyanın malqarasını aparmışdılar. Taxıl zəmisini araşdıran döyüşçülər yaralı məhbusu və mayor Mirzə Atakişiyevin hələ də isti olan cansız nəşini tapdılar. Yarıoturaq vəziyyətdə gözləri səmaya dikilib qalmışdı. Qoltuğundan sürüşən sənədlər yerə tökülmüşdü. Alnının sağ tərəfindən vurularaq snayper gülləsi ilə qətlə yetirilmişdi. 29 iyun 1992-ci ildə 43 yaşlı mayor Mirzə Atakişiyev Ağdam rayonunun Şahbulaq kəndinin şəhidlər xiyabanında dəfn olundu. Dəfndə ölümün pəncəsindən xilas etdiyi məhbuslar da iştirak etməyi özlərinə borc bildilər. Mayor Mirzə Atakişiyevi oğlu kimi sevən İdris Verdiyev atalıq borcunu son dəfə yerinə yetirmək üçün "Taxılmamış mayor paqonu" adlı kitab yazıb nəşr etdirdi.

Ağdam rayonunun Papravənd kəndində yerləşən 1 saylı İslah Əmək Düşərgəsində kaloniya rəisinin növbətçi köməkçisi vəzifəsində işləməyə başlayan Mirzə Atakişiyev elə ilk gündən özünü intizamlı işçi kimi göstərdi. Rəhbərliyin hörmətini qazandı. Eyni zamanda tabeliyində olan şəxslərə qayğı ilə yanaşması hər kəsin qəlbində özünə qarşı sevgi hissiləri yaratmasına səbəb oldu. Düşərgədəki dustaqların hamısı ixtisasca sürücülər idilər. Abtomobil qəzaları nəticəsində müxtəlif illərdə azadlıqdan məhrum olunmuş şəxslər idilər. Mirzə Atakişiyev dustaq olmalarına, qazadlıqdan məhrum olmalarına baxmayaraq, hər kəsə insan gözü ilə baxmağı və onlarla münasibətdə insani davranışlar sərgiləməyi adətə çevirmişdi. Dustaqlar Mirzə Atakişiyevin insani münasibətlərini gördükcə ona qarşı hörmətləri artırdı. İki dəfə "Qüsursuz xidmətə görə" medalları ilə təltif olundu[3].

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1988-ci il Qarabağ hadisələri başladı və Ağdam rayonunun da dincliyi pozuldu. Yavaş-yavaş Respublikada hakimiyyət böhranı yaranmağa başlayırdı və Ağdamda hadisələrin təsiri özünün göstərirdi. Koloniya Ağdərə rayonundan 2 kilometrlik bir məsafədə yerləşirdi. Koloniyanın böyük ərazidə taxıl zəmisi və 200 baş qaramalı vardı. Dustaqlar əkinçilik və heyvandarlıq işləri ilə məşğul olurdular. Yaxınlıqdakı 7 saylı koloniyanın isə əkin sahələri və qoyunçuluq təsərrüfatı vardı. Əvvəllər hər iki kolonu Ağdam rayon daxili işlər şöbəsinin əməkdaşları mühafizə edirdilər. 1990–1991-ci illərdə 42 məhbusu olan koloniyanı mühafizə edən əməkdaşların sayı günbəgün azaldı və nəhayət tamamilə mühafizəsiz qaldı. 25 noyabr 1991-ci ildə Mirzə Atakişiyev koloniyanın mühafizəsi barədə dəfələrlə Azərbaycan Respublikasının DİN-ə, Baş İdarəyə, Ağdam rayonu DİŞ-nə müraciət etdi. Mühafizə göndərmək əvəzinə koloniya rəisinə bir tabel silahı verməklə kifayətləndilər. 1991-ci ilin noyabr ayında ermənilər Ağdərədən hücum edərək 7 saylı koloniyanın 250 baş qoyununu apardı və çobanı girov götürdü. Hadisələrin bu cürə cərəyan etməsi Mirzə Atakişiyevi narahat edirdi. Yəqin ertmişdi ki, növbəti basqın onların koloniyasına olacaqdır. Rəsmi idarələrdən əlacı kəsildiyindən “Azadlıq” qəzetinə vəziyyətlə əlaqədar məktub göndərdi. Məktubunda yazırdı: "…Biz zabitlər və məhkumlar əliyalın növbə çəkirik. Ermənilər tərəfindən nə vaxt girov götürüləcəyimizi, qətlə yetiriləcəyimizi gözləyirik. Əgər ermənilər bizdən və ya məhkumlardan öldürsə və ya girov aparsa, bütün məsuliyyət DİN-nin rəhbərliyinin üzərinə düşəcəkdir…" "Azadlıq" qəzeti Mirzə Atakişiyevin məktubunu həlak olandan 9 ay sonra sonra ixtisarla 29 avqust 1992-ci ildə 6-cı səhifədə dərc etdi.

  • "10 il qüsursuz xidmətə görə" medalı
  • "15 il qüsursuz xidmətə görə" medalı
  1. Əntiqə Rəşid. "Müqəddəs yolun yolçuları: Kapitan Mirzə Atakişiyev zirvəsi..." (az.). http://atesh.az/. 2020.06.29. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-27.
  2. Əntiqə Rəşid. "https://www.adalet.az/w190414" (az.). www.adalet.az. 2020.06.30. (#cite_web_url); (#accessdate_missing_url)
  3. Mirvari Verdiyeva ADPU-nun dosenti, fəlsəfə doktoru. "Mayor Mirzə Atakişiyev ermənilərlə təkbətək döyüşdə şəhid olsa da, yağılara qalib gəlmişdi..." (az.). www.kalbajar.com. 18 noyabr 2018. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  • İdris Verdiyev. Taxılmamış mayor paqonu. Bakı: “Qorqud”. 1998. səh. 128.