Doğum tarixi: 25 avqust 1771
Vəfat tarixi: 22 oktyabr 1829, Nəraq, İran
Dəfn olunduğu yer: İmam Əli (ə) hərəmi, Nəcəf, İraq
Valideynləri: Molla Muhəmməd Mehdi Nəraqi
Molla Əhməd Nəraqi 1185-ci hicri qəməri ilində Kaşan şəhərinin yaxınlığında yerləşən Nəraq məntəqəsində dünyaya göz açmışdır. O, din alimlərinin böyüklərindən olub fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmləi, ədəbiyyat və şeirdə dərin biliyə və məharətə sahib idi. Molla Əhməd Nəraqi zahid və təqvalı bir şəxs kimi şöhrət qazanmış və gözəl əxlaqı dillər əzbəri olmuşdur. Onun üçün fəzilət olaraq sadəcə bunu qeyd etmək kifayətdir ki, xatəmul-fuqəha Şeyx Mürtəza Ənsarinin ustadı olmuşdur.
Onun müxtəlif sahələrdəki dəyərli əsərləri hərtərəfli elminin göstəricisi olub həm öz zamanında, həm də sonrakı dövrlərdə alimlərn diqqət mərkəzində olmuşdur. Belə ki, "Urvə" əsərinin müəllifi olan böyük fəqih Seyyid Kazım Yəzdinin həmişə müraciət etdiyi 3 fiqh kitabından biri Mərhum Nəraqinin "Müstənəd" kitabı olub.
Nəraqi lətif ruha və və incə zövqə malik idi. Çoxlu irfani və əxlaqi şeirlər yazmış, "Divane əşar" və "Təqdis" iki divan şəklində çap olunmuşdur. Molla Əhməd Nəraqi öz təhsilinə əvvəlcə Kaşanda atasının yanıda başlamış, bir müddətdən sonra özü dərs verəcək səviyyəyə çatmışdı. Sonra İraqa gedərək Muhəmməd Baqir Vəhid Bəhbəhaninin dərslərindən bəhrələnir. Daha sonra müqəddəs Nəcəf şəhərində Seyyid Bəhrul-ulum və Şeyx Cəfər Nəcəfi Kaşiful-ğitanın, Kərbəlada isə Mirzə Muhəmməd Məhdi Musəvi Şəhristani və Seyid Əli Təbatəbainin şagirdi olmuş və məşhur qarilərdən biri kimi püxtələşərək Nəraqa qayıtmışdır.
Molla Əhməd Nəraqi özündən sonra 35 cildə qədər dəyərli əsər yadigar qoymuşdur. Onlardan "İctimaul-əmr və vən-nəhy", "Əsrarul-həcc", "Əl-xəzain", "Əl-qəza vəş-şəhadət", "Muşkilatul-ulum", "Vəsilətun-nicat", "Meracus-səadət" və "Təzkirətul-əhbab" əsərlərinin adını çəkmək olar. Nəraqi Kaşan və onun ətrafında yayılan vəba epidemiyası nəticəsində 1345-ci hicri-qəməri ilində Nəraqda dünyaya köçmüş, Nəcəfdə həzrət Əlinin (ə) hərəmində, atasının yanında dəfn olunmuşdur. "Rauzatul-cənnat" əsərinin müəllifi Nəraqinin şagirdlərinin bəzilərinin dilindən onun yüksək məqamını göstərən bir hadisəni nəql edir. O, yazır: "Mərhum Nəraqinin cənazəsini Nəcəfi-əşrəfə apardığımız vaxt yolda havanın həddən artıq isti olmasına görə pis qoxu verməsindən qorxduq. Cənazə yerə qoyulmuşdu, qarilər də onun ətrafında Quran oxumaqla məşğul idilər. Mən vəziyyəti araşdırmaq üçün cənazənin yaxınlığına getdim. Lakin xalis müşk ətrinin qoxusuna bənzər gözəl qoxudan başqa heç nə hiss etmədim. Bu gözəl qoxu onu qəbrə qoyanadək davam etdi. Belə ki, onun mübarək bədənində qətiyyən bir dəyişiklik baş vermədi".
"Rauzatul-cənnat" əsərinin müəllifi Müdərris Təbrizi öz ustadından nəql edir: "Ustadım Seyyid Əhməd Xosrovşahi nəql edir ki, atası Seyyid Muhəmməd Xosrovşahinin cənazəsini Nəcəfə apardıqları vaxt atasına ehtiram əlaməti olaraq cənazəni qəbrə qoymaq üçün özü qəbrə daxil olur. Bu vaxt Molla Məhdi və Molla Əhməd Nəraqinin, ata və oğulun cənazələrində heç bir dəyişikliyin olmadığını görür. Zamanın ötüb keçməsinə baxmayaraq cənazələrin olduğu kimi qalması onların pak həyat tərzi və ixlaslı dinin xidmətlərinin nəticəsi kimi qiymətləndirilməlidir".