Morfologiya (yun. μορφή -forma, λόγος-elm) — Linqvistikada nitq hissələri və onların dəyişilmə qaydalarını öyrənir. Termin biologiyadan götürülüb, hal-hazırda da bu elmdə işlənməkdədir. Morfologiya termini dilçiliyə məşhur alman dilçisi, naturalizm dilçilik məktəbinin banisi A. Şlayxer tərəfindən gətirilib.[1]
Morfologiya qaydalarına dilin daxili strukturlarını izah edən sözlər daxildir. Morfologiya sözlərin iç quruluşundakı dil faktlarına bağlı qaydaları öyrənir. Morfologiya qrammatik əsas iki formasından (sintaksis) biri olub, sözün formalarını öyrənir. Morfologiyanın əsas mövzusu nitq hissələridir. Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Müasir dilçilikdə morfologiya dilin ayrıca səviyyəsi və dilçilik şöbəsi kimi qəbul edilir. Dilçiliyin ayrıca şöbəsi kimi morfologiyanın vahidi, əhatə dairəsi, burada öyrənilməli olan dil hadisələri haqqında müxtəlif fikirlər var. Bu fikirlərin əksəriyyəti subyektiv xarakter daşıyır. Bəzən morfologiya ayrıca dilçilik şöbəsi kimi inkar edilir, morfologiya məsələləri leksikanın, semantikanın, sintaksisin tərkib hissəsikimi qəbul edilir, morfosemantika, morfosintaksis kimi yeni terminlərdən istifadə olunur. Bu fikir müxtəlifliyini bir tərəfə qoyaraq, müasir dilçilikdə morfologiya haqqında mövcud olan iki başlıca fikri fərqləndirməyi zəruri hesab edirik: 1. Morfologiya nitq hissələri haqqında təlim kimi; 2. Morfologiya dilin mənalı kiçik vahidi olan morfem, morfem sinifləri haqqında təlim kimi. Morfologiya termini dilçiliyə XIX əsrdə gətirilsə də, morfologiya məsələlərinin öyrənilmə tarixi qədimdir. Hələ 2500 il bundan əvvəl özlərinə məxsus bir linqvistik təlim yaradan hind dilçiləri daha çox fonetika və morfologiya məsələlərini öyrənmişlər. İlk hind dilçilərindən olan Yaska sözləri dörd qrammatik sinfə, yəni nitq hissələrinə ayırmışdır: adlar, feillər, köməkçilər və önlüklər. Bu bölgü Panininin nəzmlə yazılmış, 3996 qrammatik sutradan(qaydadan-M. M) ibarət olan, gününmüzə qədər gəlib çatan məşhur "Səkkiz kitab" əsərində saxlanılmış, sanskrit dilinin materialları əsasında adların dəyişməsi, feillərin təsriflənməsi kifayət qədər ətraflı şəkildə öyrənilmişdir. Bu baxımdan morfologiyanın tarixi qədim dövr dilçiliyinə gedib çıxır, lakin o fikirlə də razılaşmalı oluruq ki, elmi morfologiyanın əsası XIX əsrdə qoyulmuş, XX əsrdə bu məsələ daha da inkişaf etdirilmişdir.
İsimlərin morfoloji təhlili:
İsim morfoloji təhlil zamanı aşağıdakı xüsusiyyətlərinə görə təhlil edilir:
1. Hansı suala cavab verir.
2. Kökü və ya başlanğıc forması müəyyənləşdirilir.
3. Quruluşca növü müəyyənləşdirilir.
4. Ümumi və ya xüsusi isim olması müəyyənləşdirilir.
5. Konkret və ya mücərrəd olması müəyyənləşdirilir.
6. Tək və ya cəm olması müəyyənləşdirilir.
7. Varsa, mənsubiyyət şəkilçisi göstərilir.
8. Halı müəyyənləşdirilir.
9. Cümlədəki vəzifəsi göstərilir.
Məsələn:
Əli məktəbdən evə qayıtdı — cümləsindəki isimlərin morfoloji təhlili:
Əli — kim?, başlanğıc formadadır, sadə isimdir, xüsusi isimdir, konkretdir, təkdədir, mənsubiyyət şəkilçisi yoxdur, adlıq haldadır, cümlədə mübtəda rolunda çıxış etmişdir.
Məktəbdən - haradan?, başlanğıc forması məktəb, sadədir, ümumi isimdir, konkretdir, təkdədir, mənsubiyyət şəkilçisi yoxdur, çıxışlıq haldadır, cümlədə yer zərfliyidir.
evə — haraya?, başlanğıc forması ev, sadədir, ümumi isimdir, konkretdir, təkdədir, mənsubiyyət şəkilçisi yoxdur, yönlük haldadır, cümlədə yer zərfliyidir.