Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti (rus. Федеральное государственное бюджетное образовательное учреждение высшего профессионального образования «Московский государственный университет приборостроения и информатики») — Rusiyada universitet; cihazqayırma, informasiya-ölçü və idarəetmə sistemləri, telekommunikasiya texnologiyaları, robot texnikası və digər maarifləndirici proqramlar üzrə Rusiya Federasiyasının aparıcı ali məktəblərindən biridir.
Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti ВЗМИ, МЗИМП, МГАПИ, МГУПИ | |
---|---|
55°47′38″ şm. e. 37°42′05″ ş. u.HGYO | |
Şüar | Federal State Budget Educational Institution of Higher Education |
Əsası qoyulub | 1936 |
Tip | Dövlət |
Rektor | Stanislav Kuc |
Tələbə sayı | 12 500 |
Müəllim sayı | 1 500 |
Şəhər | Moskva |
Ölkə | |
Ünvan | Stromınka küçəsi 20 (улица Стромынка 20) |
Sayt | mirea.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Hazırda tədris və elmi-tədqiqat proseslərinin, o cümlədən elmi bazanın sürətlə inkişaf etdiyi bu ali təhsil ocağında mühəndislər, proqramçılar, professorlar, Rusiya əməkdar elm xadimləri, dövlət mükafatları laureatları, Rusiya və beynəlxalq akademiyaların üzvləri çalışır və 16 min artıq tələbə təhsil alır. Tədris əyani, əyani-qiyabi (axşam), qiyabi və distant təhsil formaları üzrə aparılır.
Ali məktəbdə həmçinin universitetə qədər hazırlıq bölməsi, yuxarı sinif şagirdləri üçün pulsuz fizika-riyaziyyat məktəbi, orta peşə təhsili fakültəsi, ali məktəbdən sonrakı və əlavə təhsil, eyni zamanda ixtisasın artırılması və kadrların yenidən hazırlanması proqramları təşkil olunub.
Universitet tərkibində doqquz fakültə, Moskva şəhərində, Tver, Yaroslavl vilayətlərində və Stavropol kənarında 41 kafedra və 10 filial yaradılıb.
Ali məktəbin informatika fakültəsində ali riyaziyyat, tətbiqi riyaziyyat və informatika, fizika, fərdi kompüterlər və şəbəkələr, informasiyanın qorunması, idarə etmə və sistemlərin modelləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları, informasiya-idarəetmə sistemləri kafedraları yaradılıb.
Cihazqayırma fakültəsi cihazlar və informasiya ölçü sistemləri, metrologiya, sertifikatlaşdırma və diaqnostika, biotibb cihazları və kompüter texnologiyaları, elektrotexnika və elektronika, cihazqayırma, mikro və optoelektronikada innovasiya texnologiyaları, personal elektronika ixtisas istiqamətləri üzrə tədris həyata keçirilir.
Texnoloji informatika fakültəsində isə texnoloji informatika və maşınqayırma texnologiyası, təzyiqlə emal üzrə informasiya texnologiyaları, materialların birləşməsi texnologiyalarının informasiya təminatı, kompüter dizaynı, ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi, materialşünaslıq, material və örtü texnologiyaları, nəzəri mexanika, nanomateriallar, tətbiqi mexanika, mühəndislik və kompüter qrafiki, xüsusi avtomobillər və bort informasiya-idarəetmə sistemləri kafedraları fəaliyyət göstərir.
İdarəetmə və hüquq fakültəsinin dövlət hakimiyyəti orqanlarında təşkilatı-kadr işi, cinayət hüququ, proses və kriminalistika, idarəetmə, tarix, fəlsəfə, sosiologiya və mədəniyyət, xarici dillər, bədən tərbiyəsi və idman, dövlət və beynəlxalq hüquq, vətəndaş hüququ kafedralarında sadalanan ixtisas istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
İqtisadiyyat fakültəsində dünya iqtisadiyyatı, iqtisadi informasiya sistemləri, ticarət və marketinq tədqiqatları, mühasibat uçotu, maliyyə və audit sahələri üzrə mütəxəssislər yetişdirilir.
Universitetdə sadalanan fakültələrlə yanaşı qiyabi və distant təhsil, axşam, İT ixtisasın artırılması və orta peşə təhsili fakültələri fəaliyyət göstərir.
Universitetdə tədris prosesi ilə yanaşı elmi-tədqiqat fəaliyyəti yüksək səviyyədə qurulub. Ali təhsil ocağında "KASKAD" elmi-tədris mərkəzi, molekulyar akustika laboratoriyaları, Təhsil və Elm Nazirliyinin əsas informasiya-hesablama mərkəzi, elmi ağırlıqlı cihazqayırma laboratoriyaları, xüsusi cihazqayırma və elmi araşdırmalar mərkəzləri fəaliyyət göstərir.
Hazırda ali məktəbdə mexatron və dəqiq texnologiyalar — robot texnikası, lifli və inteqral optika, informasiya ölçü və informasiya idarəetmə sistemləri, informasiya, diaqnostika və idarəetmə emalının intellektual sistemləri, hesablama texnikasının riyazi və proqram təminatı, nanotexnologiyalar və nanomateriallar, cihazqayırma və maşınqayırmada yeni texnoloji proseslər — materiallar və avadanlıq, inteqrasiya edilmiş informasiya telekommunikasiya şəbəkələri və sistemləri, optoelektron cihazlar, lazer texnologiyaları, biotibb cihazqayırması, ictimai-iqtisadi tədqiqatlar, hüquqi tədqiqatlar, humanitar və ictimai elmlər üzrə elmi-tədqiqat işləri uğurla həyata keçirilir.
Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti tədris və elmi iş sahəsində Almaniya, Böyük Britaniya, Fransa, Finlandiya, Bolqarıstan, Polşa və digər ölkələrin ali təhsil ocaqları və elmi mərkəzləri ilə sıx əlaqələrə malikdir. Belə ki, ali məktəb Sofiya, Yuvyaskulya, Varnens Texniki və Berlin Texniki universitetləri ilə əməkdaşlıq müqavilələri bağlayıb.
Ali təhsil müəssisəsinin aparıcı professor və elmi işçiləri Avropa, Amerika və Asiya ölkələrində keçirilən beynəlxalq simpozium və konfranslarda aktiv iştirak edir, xarici ölkələrin bir sıra uiversitetlərində mühazirələr oxuyur və elmi mərkəzləri ilə birgə elmi işlər həyata keçirirlər.
Bu gün ali məktəb dinamik inkişaf edir. Belə ki, universitetdə struktur dəyişiklikləri reallaşdırılır, yeni, müasir kafedralar, laboratoriyalar və elmi mərkəzlər, tədris-elmi innovasiya kollektiv istifadənin mərkəzləri, sənaye parkı yaradılır.
Hal-hazırda maarifləndirici və elmi-tədqiqat fəaliyyəti sahəsində beynəlxalq korporasiyalarla 14 müqavilə imzalanıb. "FOXCONN Technology Groups", "X&V Sicherheitstechnik GmbH", "Microsoft" və başqa şirkətlərlə əməkdaşlıq edir.
Honkonq Elm və Texnologiya Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ali məktəbin tələbələri və aspirantları üçün aparıcı alimlər mühazirələr oxuyur və elmi seminarlar keçirir.
Eyni zamanda Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti Akademik Mübadilələrin Alman Xidməti (DAAD), Beynəlxalq Təhsil üzrə Amerika Şurası və digər bu kimi Avropa və Amerika fondlarının fərdi qrant proqramlarında iştirak edir. Ali məktəb əcnəbi vətəndaşlara fakültələrə və universitetin aspiranturasına daxil olma imkanını təqdim edir. Mütəmadi olaraq yarmarka, sərgi və konfranslarda iştirak etməklə beynəlxalq maarifləndirici bazarda ali məktəbin təqdimatı keçirilir. Universitetin əməkdaşları onların daxil olma anından diplomun alınmasına qədər əcnəbi tələbələri nəzarət edir və təhsil aldıqları dövrdə yaranan problemləri həll edirlər. Hazırda universitetin müxtəlif fakültələrində 200-dən çox xarici tələbə və aspirant təhsil alır.
Universitet zəngin elektron kitabxana bazasına malikdir. Ali məktəbin tələbələrinə və müəllim heyətinə "ELibrary.ru" jurnal və "Iqlib.ru" kitab elektron kitabxanalarına pulsuz giriş imkanı verilir.
ELibrary jurnal kitabxanasına giriş yalnız universitetin daxili şəbəkəsinə qoşulmuş kompüterlər vasitəsilə həyata keçirilir. Kitabxananın saytında heç bir əlavə qeydiyyat tələb olunmur.
"Iqlib.ru" kitabxanasına giriş isə elektron kitabxananın saytında ilkin qeydiyyatdan keçdikdən və istifadəçinin elektron açarı şəxsi kabinetinə daxil etməsindən sonra mümkündür.
Elektron açarı Moskva korpusunda təhsil alan tələbələr universitetin elmi-texniki kitabxanasından, filialların tələbələri isə müvafiq filialın tədris hissəsindən ala bilərlər.