Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti

Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet.

Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti
Xəritə
55°40′14″ şm. e. 37°28′57″ ş. u.
Əsası qoyulub 1947
Tip dövlət ali məktəbi
Tələbə sayı 21.501
Ölkə
Ünvan Rusiya, Moskva şəhəri
Sayt mirea.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır.

Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu.

Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir.

Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür.

Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.

1964-cü il böyük alim və təşkilatçı N.N.Evtixievin institutun rektoru təyin edilməsi ilə ali təhsil müəssisəsində bir çox sahələrdə genişmiqyaslı işlər daha da vüsət alır. Həmin dövrdə institutda Moskva şəhərinin müdafiə sənayesi müəssisələri üçün radiotexnika, elektronika, kibernetika və hesablama texnikası üzrə mühəndis kadrlarının hazırlığı yüksək peşəkarlıqla həyata keçirilirdi.

Artıq ali məktəbin müasir profili təyin edilmiş və zəngin strukturu formalaşdırılmışdı. 1967-ci il, 30 iyun tarixində hökumət qətnaməsi ilə Ümumittifaq Qiyabi Energetika İnstitutu elektronika, radio sənayesi, maşınqayırma, cihazqayırma, avtomatlaşdırma vasitələri və idarəetmə sistemləri sahələri üçün yüksək ixtisaslı mühəndis kadrlarının hazırlığı məqsədilə nəzərdə tutularaq Moskva Radiotexnikanın, Elektronikanın və Avtomatlaşdırma İnstitutu adlandırılır.

İlk fəaliyyət dövrlərində ali məktəb heç bir əraziyə malik deyildi, Moskva Energetika İnstitutunun korpuslarından birində yerləşirdi.

B.Zdes birinci tədris korpusu 1976-cı ildə istifadəyə verilir. Ümumilikdə tikinti 1980-ci illərdə sona çatıb. Hazırda institutun tədris sahəsi 6 korpusu əhatə edir.

1993-cü ilin 22 noyabr tarixində Ali Təhsil üzrə Rusiya Federasiyası Dövlət Komitəsinin əmri ilə Moskva Radiotexnika, Elektronikanın və Avtomatlaşdırma İnstitutuna texniki universitet statusu verilir.

Həmin dövrdən etibarən ali məktəb yeni inkişaf mərhələsinə qədəm qoyur. Xüsusilə də beynəlxalq əlaqələrin qurulması istiqamətində bir sıra uğurlar əldə olunur. Beynəlxalq əməkdaşlığın yüksək səviyyədə qurulması və inkişaf etdirilməsi müasir texniki ali məktəb kimi Moskva Radiotexnika, Elektronika və Avtomatlaşdırma Universitetinin fəaliyyətində prioritet elan edilir. Bu iş aparıcı xarici universitetlərlə birgə elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi ilə yanaşı müxtəlif proqramlar, o cümlədən elmi cəhətdən-praktik seminarların və konfransların keçirilməsi, müəllim və tələbə mübadiləsi çərçivəsində davam etdirilir. Hal-hazırda universitet Fransa, Almaniya, İsveç, İrlandiya, Avstriya, İsveçrə, İtaliya, İsveç, Böyük Britaniya, İspaniya, Çexiya, Tayvan, İtaliya, Yaponiya, ABŞ, Koreya, Vyetnam, Qırğızıstan, və digər ölkələrin nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir. Təsadüfi deyil ki, son illərdə universitetdə bir neçə birgə elmi-tədris bölmələr yaradılıb və uğurla fəaliyyət göstərir.

Təhsil strukturu

[redaktə | mənbəni redaktə et]

Hazırda ali məktəbdə 6 əsas fakültə fəaliyyət göstərir:

  • İnformasiya texnologiyaları fakültəsi 2008-ci ildə yaradılıb. Strukturuna hesablama maşınları və sistemləri fakültəsi, kompüter texnologiyaları və informasiya texnologiyaları axşam fakültələri daxildir. Hazırda fakültə tərkibində 7 daxili və 12 baza kafedrası fəaliyyət göstərir. İnformasiya texnologiyaları fakültəsi korporativ informasiya sistemlərininin hazırlanması və istismarı, avtomatlaşdırılmış planlaşdırma sistemlərinin tətbiqi, telekommunikasiya şəbəkələrinin, qurğuların və xüsusi təyinatlı sistem vasitələrinin layihələndirilməsi, tətbiqi proqram təminatının hazırlanması və digər ixtisaslar üzrə mütəxəssis yetişdirir. Bununla yanaşı fakültədə informasiya, hesablama və telekommunikasiya sistemləri üzrə elmi araşdırmalar həyata keçirilir.
  • Kibernetika fakültəsi 1972-ci ilin yanvarında faəliyyətə başlayıb. Fakültədə tədris prosesi 7 daxili və 10 baza kafedrası vasitəsilə həyata keçirilir. Bu kafedralarda 61 elmlər doktoru və 115 elmlər namizədi çalışır. Fakültədə intellektual texniki sistemlər, informasiya texnologiyaları, resurslar və sistemlər, telekommunikasiya texnologiyaları, şəbəkələr və sistemlər, süni intellektin idarə etmə sistemləri, robot-texnika sistemləri, tibbi-bioloji informasiya emalının diaqnostik sistemləri, gəmi inşaatında, aviasiya texnikasında və kosmik komplekslərdə avtomatlaşdırma sistemləri üçün riyazi proqram təminatı, informasiya resurslarının idarəetməsinin həyata keçirilməsi elmi istiqamətləri tədris olunur.
  • Radiotexnika və telekommunikasiya sistemlərinin fakültəsi 1967-ci ildə "Radiotexnika" ixsisası üzrə fəaliyyət göstərməyə başlayıb. Fakültə ölkənin müdafiə-sənaye kompleksi müəssisələri üçün radiotexnika və telekommunikasiya sahəsi üzrə peşəkar kadrlar hazırlayır. Həmçinin, sözügedən fakültə qeyd olunan sahələr üzrə ölkənin nüfuzlu elmi-tədqiqat mərkəzi hesab olunur.
  • İqtisadiyyat və idarəetmə fakültəsi 1999-cu ildə yaradılıb. Hal-hazırda fakültədə 600-dən çox tələbə təhsil alır. Burada peşəkar müəllimlər, həmçinin 10-dan çox professor və 40 dosent tədris prosesini həyata keçirir. Fakültənin tərkibinə İnnovasiya və Kompüter Texnologiyalarının Biznesi Beynəlxalq Ali Məktəbi daxildir. Fakültədə əlavə təhsil proqramları da inkişaf etdirilir. Həmçinin "Microsoft" şirkəti ilə əməkdaşlıq nəticəsində "Microsoft Dynamics AX" biznes həlləri əsasında dinləyicilərin hazırlığı keçirilir.
  • Elektronika fakültəsi 1971-ci ildə təşkil edilib. Fakültədə tədris prosesi 13 daxili və 9 baza kafedrası vasitəsilə yerinə yetirilir. Burada 8 dövlət mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının 5 üzvü, 75 professor və 148 dosent fəaliyyət göstərir. Elektronika fakültəsində yeni yarımkeçirici, optik, maqnit, akustik qurğuların hazırlanması, mikro və nano elektronika, telekommunikasiya sistemləri üçün elektron avadanlıq layihələndirilməsi, informasiya və idarə etmə emalı və digər sahələr tədris olunur.
  • Beynəlxalq informatika fakültəsi 1990-cı ilin sentyabrında fəaliyyətə başlayıb. Hal-hazırda fakültə bakalavrların hazırlığı sahəsində 20 istiqamət üzrə xarici vətəndaşların təlimini həyata keçirir. Burada 20-dən çox ölkənin gəncləri təhsil alır. Əcnəbilər yerli tələbələrlə bərabər hüquqlara malikdirlər. Onlar ali məktəbin mədəni tədbirlərində, universitet, şəhər və beynəlxalq tələbə olimpiadalarında fəal iştirak edirlər.
  1. 1 2 Directory of Open Access Journals. 2003.