Mozalan kinojurnalı 1970-ci ildə təsis edilmişdir.[1]
1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir.[1]
1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir.[1]
1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar.[1]
1971-79 illərdə rüblük, 1980-ci ildən isə ildə 8 nömrəsi buraxılmışdır.[2]
2007-2014-cü illərdə kinojurnalın baş redaktoru yazıçı-ssenarist Orxan Fikrətoğlu olub.[3]
2008-ci ildə "Mozalan" studiyası İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb.[4]
2021-ci ilin yanvar ayında Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunmuşdur. Beləliklə “Mozalan” satirik kinojurnalı uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanmağa başlamışdır. Videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir. İlk buraxılışı 12 aprel 2021-ci ildə Azərbaycan Televiziyasında yayımlanmışdır.[5]
İndiyə qədər təxminən 200 nömrə istehsal edilmişdir. Hər nömrədə isə 3-4 süjet var. Bunlar bədii, sənədli və hətta cizgi süjetlərdir. Kinojurnal "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılmışdır. Məqsəd Azərbaycandakı neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir. Anidən müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı çatışmazlıq və problemləri lentə almaq, bütün respublikanı xəbərdar etmək "mozalançı"ların əsas iş üsullarından idi.