Paşayev İlqar Əliabas oğlu (İlqar Fəhmi; 1975, Bakı) — şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.
İlqar Fəhmi | |
---|---|
İlqar Əli-Abbas oğlu Paşayev | |
Doğum tarixi | 1975 |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair |
Mükafatları | |
ilqarfehmi.tk | |
İlqar Fəhmi Vikimənbədə |
İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib.
1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) "Axırıncı dayanacaq" (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb.
2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.
Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.[1]
Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.
Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.
Uzun illər AYB-nin "Ulduz" jurnalında işləyib. Bir müddət Xəzər Universitetində "Creative Writing" (Yaradıcı yazı) fənnindən dərs deyib.
Hal - hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasında çalışır və Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasında Televiziya serialının ssenarisi fənnindən dərs deyir.
Hazırda Azərbaycan Yazıçılar Birliyinin Yaradiciliq məsələləri üzrə katibi vəzifəsində çalışır[2].
2014-cü ildən Azərbaycan Dövlət Televiziyasında yayimlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcı-redaktorudur.
2017-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə Dövlət televiziyasında hazirlanan Muğam-televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildə isə layihənin icraçı direktoru təyin edilib.[3]
Son illərdə pyesləri ardıcıl şəkildə ölkə teatrlarında səhnələşdirilib:
2016 - cı ildə - “Son reportaj” pyesi. Əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən Mingəçevir Dövlət Dram teatrında;
2019 - cu ildə - “Mənəm, mən” pyesi. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tərəfindən Dövlət Yuğ teatrında;
2020 - ci ildə - “İsgəndərə yeni namə” pyesi. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tərəfindən Akademik Milli Dram teatrında;
2023 - cü ildə - “Balaca kişilər” pyesi. Əməkdar artist Nicat Kazımov tərəfindən Dövlət Gənc Tamaşaçılar teatrında səhnələşdirilmişdir.