Mozilla Foundation (moz://a kimi üslublaşdırılıb) — açıq mənbəli "Mozilla" layihəsini dəstəkləmək və kollektiv şəkildə idarə etmək üçün mövcud olan ABŞ qeyri-kommersiya təşkilatı. 2003-cü ilin iyul ayında qurulan təşkilat inkişaf prosesini idarə edən siyasətləri müəyyən edir, əsas infrastrukturu idarə edir, "Mozilla" ticarət nişanlarına və müəllif hüquqlarına nəzarət edir. Onun iki vergi tutulan törəmə müəssisəsi var: bir çox "Mozilla" tərtibatçısını işə götürən və "Mozilla Firefox" veb-brauzerinin buraxılışlarını koordinasiya edən "Mozilla Corporation", "Mozilla Thunderbird" e-poçt müştərisi üzərində işləmək və onun buraxılışlarını əlaqələndirmək üçün tərtibatçıları işə götürən "MZLA Technologies Corporation". "Mozilla Foundation" təşkilatı "Netscape"ə bağlı "Mozilla Organization" tərəfindən təsis edilmişdir. Təşkilat hazırda ABŞ-nin Kaliforniya ştatının Mauntin-Vyu şəhərindəki Silikon vadisində yerləşir.
Mozilla Foundation | |
---|---|
Növü | 501(c)(3) təşkilatı[d][1] |
Yaranma tarixi | 15 iyul 2003 |
Mərkəzi | |
foundation.mozilla.org | |
Vikianbarda əlaqəli mediafayllar |
"Mozilla Foundation" özünü "İnternetdə açıqlığı, innovasiyanı və iştirakçılığı dəstəkləyən qeyri-kommersiya təşkilatı" kimi təsvir edir.[2] Təşkilat "Mozilla"nın "internetin ictimai rifah, eləcə də həyatın kommersiya aspektlərinə fayda verməyə davam etməsi üçün vacib olduğuna inandığı" 10 prinsipi sadalayan "Mozilla" manifestini rəhbər tutur.[3]
"Netscape" 23 fevral 1998-ci ildə "Mozilla Application Suite" dəstinin işlənib hazırlanmasını əlaqələndirmək üçün "Mozilla Organization" təşkilatını yaratmışdır.[4][5] Sonradan AOL "Mozilla Organization"da rolunu kəskin şəkildə azaltmışdır. "Mozilla"nın "Netscape" olmadan varlığını davam etdirməsini təmin etmək üçün 15 iyul 2003-cü ildə "Mozilla Foundation" fəaliyyətə başlamışdır. AOL "Mozilla Foundation"ın ilkin mərhələdə formalaşdırılmasında kömək olmuş, avadanlıq və əqli mülkiyyəti təşkilata ötürmüş, keçidə kömək etmək üçün mövcudluğunun ilk üç ayında üç nəfərlik bir komanda işlətmiş və iki il ərzində fonda 2 milyon dollar ianə etmişdir.[6]