Musa Şuşinski

Musa Fərhad oğlu Şuşinski — xanəndə, Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri.

Musa Şuşinski
Musa Fərhad oğlu Şuşinski
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Şuşa şəhəri
Vəfat tarixi
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi

O, 1893-cü ildə Şuşa şəhərində dabbaq Fərhad Məmi oğlunun ailəsində anadan olmuşdur. Fərhad kişi öz sənətini oğluna öyrətmək arzusu ilə onu şəhər məktəbinin ikinci sinfindən çıxarıb öz yanında işlətmişdi. Sonralar öz gənclik illərini xatırlayan Musa Şuşinski deyirdi: "Mən 20 yaşına qədər atamdan dabbaqlıq cənətini öyrənir, həm də dabbaqlıq edirdim. Bütün bunlara baxmayaraq mənim həvəsim musiqiçi olmaq idi. Mən gözümü açıb ilk dəfə məhəllə toylarında Cabbar Qaryağdıoğlunu, Keçəçi oğlu Məhəmmədi eşitmişəm. Onların gözəl oxumaları məni də xanəndəlik sənətinə sövq edirdi. Mən əvvəllər Cabbarın, Ələsgərin və Keçəçinin qrammafon vallarına saatlarla qulaq asar və dükanda dəri aşılayarkən öz-özümə zümzümə edərdim.

Bir gün dükanda heç kəs yox idi. Mən özüm üçün oxuyanda, demə, dayım xanəndə Məmmədqulu dükanın yanında durub mənim oxumağımı eşidirmiş. Bu hadisə mənim xanəndə olmağıma səbəb oldu. Dayım evdə bir qədər mənimlə məşğul olduqdan sonra məni də özü ilə toy məclislərinə aparmağa başladı. Mən ilk dəfə toyda məşhur tarzən Balaca Qrikor və kamançı Makiç ilə çıxış etmişəm.

Mən o vaxtları Cabbar Qaryağdıoğlunun qrammofon vallarından öyrəndiyim "Heyratı", "Kürdü" və "Arazbarı"nı, Keçəçidən "Bayatı-Qacarı"nı, Şəkili Ələsgərdən "Rahabı"nı oxuyardım. Sonra bir neçə vaxt məşhur qarmonçalan Abutalıb və Ağalar ilə şəhərin gəzməli yerlərində qurulan məclislərə gedərdim".

1912-ci ildə Musa "Qarğa" ləqəbi ilə məşhur olan qarmonçu Məşədi Müseyib ilə Gəncə şəhərinə gedir. Orada gənc xanəndə Məşədi Müseyibin vasitəsi ilə Əbdülbaqi (Bülbülcan), Malıbəyli Həmid, Məşədi Cəmil Əmirov kimi dövrünün görkəmli musiqiçiləri ilə dostluq əlaqəsi yaradır. Musa Şuşinskinin ustad xanəndə kimi inkişafında Malıbəyli Həmidin böyük xidməti olmuşdur.

Musa Şuşinski 1915-ci ilin sonuna kimi əvvəllər Məşədi Cəmil Əmirov, sonralar tarzən Mədrüs və kamançaçı şuşalı Böyükkişi ilə Gəncə, Qarabağ, Şəki mahallarında çalıb-çağırmışdı. Musanın məlahətli səsi, şirin guşaləri; boğazda qaynatmaları, həm də Həmidin yolu ilə oxumağı dinləyiciləri valeh edərmiş.

1932-ci ilin yayında Musa Şuşinski Üzeyir bəy Hacıbəyov tərəfindən Bakıya dəvət edilir. O zaman məşhur bəstəkarın rəhbərliyi ilə şəhərin Rote-Fane (indili Nizami adına) parkında "Şərq konsertləri" təşkil olunurdu. Həmin ilin iyul ayında Musa Şuşinski də Bakı tamaşaçıları qarşısında çıxış etmişdi"

Şərq muğamlarını və qədim el nəğmələrini böyük ustalıqla ifa edən xanəndə dinləyicilərin hörmətini qazandığından ikinci dəfə həmin ilin iyul ayında Müdafiə Evinin (indiki Dövlət Filarmoniyası) binasında tarzən Lazer Qabrnelyan və kamançaçı Armenak Şuşinskinin müşayiəti ilə "Bayatı-Şiraz", "Zabul", "Çahargah" muğamlarını özünəməxsus incəliklə oxumuşdur.

Musa Şuşinski klassik Azərbaycan xanəndələrinin gözəl ənənələrini davam etdirən sənətkarlarımızdan biri idi. O, milli musiqi mədəniyyətimizin tarixində şirin ləhcəli, incə guşəli bir sənətkar kimi məşhurdur. Onun muğamları ifa edərkən vurduğu incə guşəxanlıq Əbdülbaqi Zülalov, Cabbar Qaryağdıoğlu kimi böyük müğənnilərin nəzər-diqqətini cəlb etmişdi.

O, 1957-ci ildən ömrünün sonlarına kimi Gəncə Musiqi məktəbində səs sinfində müəllimlik etmiş, gənc xanəndələr nəslinin tərbiyəsi ilə məşğul olmuşdur.

Musa Şuşinski "Rast" və "Segah" kimi xalq arasında çox yayılmış muğamları ifa edərkən özünü Həmidin və İslamın ənənələrinin ən görkəmli davamçısı kimi göstərmişdir.

Musa Şuşinski 1971-ci il yanvar ayının 25-də Gəncə şəhərində vəfat etmişdir.

  • Firidun Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı,1985.