Məşədi Cəmil Əmirov

Məşədi Cəmil Əmiraslan oğlu Əmirov (1875, Şuşa1928, Gəncə) — Azərbaycan tarzəni, bəstəkar, musiqi xadimi.

Məşədi Cəmil Əmirov
Ümumi məlumatlar
Doğum adı Məşədi Cəmil Əmiraslan oğlu Əmirov
Doğum tarixi 1875
Doğum yeri
Vəfat tarixi 1928
Vəfat yeri
Həyat yoldaşı
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Janr muğam
Musiqi aləti tar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşada anadan olmuş və ilk təhsilini mədrəsədə almışdı. Onun uşaqlığı və gənclik illəri ehtiyac içində keçmişdir. 12 yaşında ikən atası Kərbəlayi Əmiraslan bəyi itirən Məşədi Cəmil Şuşanın Torpaq meydanında bişmiş noxud satmağa başlayır və buna görə də təhsilini yarımçıq dayandırır. Məşədi Yaxşı xanım oğlunu bir dərzinin yanına şagird qoyur. Məşədi Cəmil tezliklə Şuşada bir dərzi kimi məşhurlaşır.[2]

1911-ci ildə musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. İki ilə yaxın İstanbulda yaşayır və təhsil alır. Məşədi Cəmil Türkiyədə Azərbaycan musiqisinin qızğın təbliğatçısı kimi çıxış edir. Türkiyəlilər tarı sinədə çalmağı ilk dəfə Məşədi Cəmildə görürlər. Türkiyənin "Şəhbal" jurnalı Məşədi Cəmil və Azərbaycan musiqisi haqqında böyük bir məqalə yazıb Məşədi Cəmilin tarla şəklini dərc edir.[3]

Gəncəyə döndükdən sonra şəhərdə musiqi məktəbi açmaq istəyən Məşədi Cəmilə Çar Rusiyası icazə vermir. Lakin Cəmil Əmirov muğam kursu açır. Seyid Şuşinski, Bülbülü, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürrəhman FərəcovMusa Şuşinski kimi sənətkarlar bu kursdan faydalanır.[4] SSRİ qurulduqdan sonra 1921-ci ildə Məşədi Cəmil Gəncədə dram truppası yaradır. Truppa iki ilə yaxın bir müddətdə Gəncə, Şəki, Qazax mahallarında musiqili dramlar, opera tamaşaları ilə çıxış etmişdir.[5]

1923-cü ildə isə uzun mübarizədən sonra Məşədi Cəmil, nəhayət ki, Gəncədə musiqi məktəbi açmaq üçün icazə alır və elə ilk ildə məktəbə 39 tələbə qəbul edilir. Məşədi Cəmilin oğlu Fikrət Əmirov, Qənbər Hüseynli, Telman Hacıyev və başqaları bu məktəbin yetirmələridir. Bundan əlavə o, məktəbdə tardan dərs demiş, həm də xalq çalğı alətlərindən ibarət orkestrə rəhbərlik etmişdir. Sonralar bu məktəb böyüyərək 1928-1929-cu tədris ilində musiqi texnikumuna çevrilmişdi.[6]

Məşədi Cəmil Əmirov 1928-ci ildə Gəncədə vəfat etmiş və bu şəhərdə də dəfn olunmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Məşədi Cəmil Əmirov qanunda ifa edir. Yelizavetpol (Gəncə). 1915.

M.C.Əmirovun ilk tar müəllimi Armenak adlı tarzən olmuşdur. Dövrün bir çox sənətkarları kimi Məşədi Cəmil də böyük musiqişünas Nəvvabdan klassik Azərbaycan muğamlarının sirlərini öyrənir. Məşədi Cəmil Şuşa məclislərində ilk dəfə Qaragöz Zülfüqarla çalıb-oxumağa başlayır. Onun musiqiçi kimi yetişməsində Mir Möhsün Nəvvabın musiqi məclislərinin böyük rolu olmuşdur. 1907-ci ildə Məşədi Cəmil o dövrdə Qafqazın ən böyük mədəni mərkəzlərindən biri olan Gəncə şəhərinə köçür. Məşədi Cəmil Gəncə məclislərində Məşədi Məhəmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Musa Şuşinskini, sonralar isə BülbülüSeyid Şuşinskini müşayiət edir.[7] Gəncədə yaşadığı müddət ərzində tədricən qarmon, kamança, skripkapianoda ifa etməyi də öyrənmişdi.

1910-cu ildə Cəmil Əmirov bir qrup musiqiçi ilə Riqa şəhərindəki "Qrammofon" şirkətinə dəvət olunur. Burada o, bir sıra muğam və xalq mahnılarını vala yazdırır.[8]

Məşədi Cəmil Azərbaycan musiqisinin bir çox sahələrində hərtərəfli fəaliyyət göstərməklə teatr sənətinin inkişafında da mühüm rol oynamışdır. O, Şuşada və Gəncədə olarkən Üzeyir Hacıbəyovun operaoperettalarında "Məcnun", "Zeyd", "Kərəm", "Rza bəy" və başqa rolları müvəffəqiyyətlə oynamış, teatr orkestrlərinə dirijorluq etmişdir.[9]

Məşədi Cəmil həm də Azərbaycan musiqi tarixində muğamları ilk nota salanlardandır. O, 1912-ci ildə Heyratı muğamını nota salıb "Şəhbal" jurnalında nəşr etdirir. 1913-cü ildə Gəncəyə dönən Məşədi Cəmil özü ilə qanunud da gətirir. 1915-ci ildə uzun çalışmadan sonra Məşədi Cəmil "Seyfəl-mülk" operasını yazır və əsəri səhnələşdirmək üçün bir çox sənətkarları Gəncəyə dəvət edir.[10] Operanın qəhrəmanlarından olan "gənc Səadət xanım" rolunu oynamaq üçün incə səsli bir qız lazım idi, lakin ifaçı tapılmırdı. Nəhayət, Bülbülü bu rolu oynamaq üçün razılaşır. Opera Gəncədə iki dəfə oynanıldıqdan sonra Tiflisə dəvət alır və 1916-ci il 3 iyunda Tiflis Kozyanin teatrında səhnələşdirilir. Operanın quruluşçu rejissoru Sidqi Ruhulla olur. Tiflis səfərindən sonra opera İrəvanda səhnələşdirilir.[4]

Məşədi Cəmil Əmirov 1923-cü ildə "Namuslu qız" operettasını yazır və bu əsər də Gəncədə uğurla tamaşaya qoyulur. 1924-cü ildə «Namuslu qız» operettası ayrıca kitabça şəklində çap edilərək Azərbaycanın bir çox yerlərinə göndərilir. Operetta Şuşada, Ağdaşda, Şəkidə, Bərdədə, Zaqatalada, AğdamdaTiflisdə tamaşaya qoyulur.[11]

  1. 1 2 Azərbaycanca Vikipediya. 2002.
  2. Шушински, 1985. səh. 180
  3. Шушински, 1985. səh. 182
  4. 1 2 Шушински, 1985. səh. 184
  5. Шушински, 1985. səh. 185
  6. "Амиров Мешади Джамиль Амираслан оглы". mugam.musigi-dunya.az (rus). 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-05.
  7. Шушински, 1985. səh. 181
  8. "Məşədi Cəmil - Cəmil Kərbəlayi Əmiraslan oğlu Əmirov". mugamradio.az (az.). 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-05.
  9. Шушински, 1985. səh. 183
  10. "Musiqimizin parlaq adlarından biri - Məşədi Cəmil". anl.az (az.). 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-05.
  11. Шушински, 1985. səh. 186