Nüsnüs piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində orta əsrlərə aid ziyarətgah.
Nüsnüs piri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Ordubad rayonunun Nüsnüs kəndi |
Tikilmə tarixi | 4 avqust 1326 |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Kəndin qərbində, nisbətən hündür ərazidə inşa edilmiş, tarixi-memarlıq abidəsi kimi diqqəti cəlb edən məscid binasının birinci mərtəbəsində yerləşir. Məscidin həyətindəki sadə quruluşlu məzarda kimin dəfn olunduğu barədə dəqiq məlumat yoxdur. Onun Dahyanus (Dağ Yunus) dövrünə, Əshabi-Kəhflə eyni tarixə aid olduğu da söylənilir.
Məscidin mərkəzində hündürlüyü təxminən 5 metr olan daş sütun var. Rəvayətə görə, o bir neçə dəfə dağıdılmış, lakin yenidən peyda olmuşdur. Pirin giriş qapısı Ordubad ərazisində geniş yayılmış möhkəm qoz ağacı materialından hazırlanmışdır. Onun hündürlüyü 1,5 metr, eni isə 1 metrdir.
Qapının üzərində süls xətti ilə ərəb dilində doqquz sətirlik kitabə həkk edilmişdir.[1]
Kitabə haqqında ilk dəfə rus diplomatı və şərqşünası N.V.Xanıkov məlumat vermişdir. O, kitabəni oxumuş və fran sız caya çevirərək Parisdə nəşr etdirmişdir. Kitabənin mətnindən aydın olur ki, məscid Elxani hökmdarı Əbu Səid Bahadır xanın (Olcaytu Məhəmməd Xudabəndənin oğlu) dövründə (1316-1335) Atabəyin candarı Sədr bin Sarim bin Səncər bin Aytəkinin əli ilə bina edimişdir. Tikinti işləri 4 ramazan 726-cı ildə, miladi tarixi ilə 4 avqust 1326-cı ildə başa çatmışdır. Pir və onun üzərindəki məscid 1992-1993-cü illərdə kənd camaatının təşəbbüsü və vəsaiti ilə təmir edilmiş, divarlarda Quran ayələri və dini xarakterli kəlamlar yazılmış, müqəddəs yerlərin şəkilləri çəkilmişdir.[2]