Nəcəf Qəhrəmanov

Nəcəf Qəhrəmanov (tam adı: Nəcəf Tofiq oğlu Qəhrəmanov; 25 yanvar 1946, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor.[1]

Nəcəf Qəhrəmanov
Nəcəf Tofiq oğlu Qəhrəmanov
Doğum tarixi (77 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı Professor
İş yeri AMEA-nın Polimer Materialları İnstitutu
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu

Həyatı[redaktə | mənbəni redaktə et]

Qəhrəmanov Nəcəf Tofiq oğlu 25 yanvar 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Bakı şəhərinin 189 saylı orta məktəbini, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini «Plastik kütlələrin emalı texnologiyası» ixtisası üzrə bitirərək Ümumittifaq Elmi-Tədqiqat «Olefinlər» institutunun polimer emalı laboratoriyasına işə qəbul olunmuşdur. N.T.Qəhrəmanov həmin institutda «Yüksəkmolekullu birləşmələr kimyası» ixtisası üzrə əyani aspiranturada təhsil almış və 1975-ci ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda elmlər namizədi dissertasiya işini müdafiə etmişdir. Dissertasiyada polietilenə heterogen şəraitdə calaq olunmuş poliakrilonitrilin sopolimerləşmə mexanizmi göstərilmişdir. İlk dəfə olaraq, calaq sopolimerləşmə prosesi polietilenin müxtəlif molekul kütləsi olan monomolekulyar fraksiyalar üzərində aparılmışdır. 1983-1989-cu illərdə “Kompozisiya materiallarının kimyəvi modifikasiyası” sektoruna, 1989-1994-ci illərdə isə “Polimerlərin kimyəvi modifikasiyası” laboratoriyasına rəhbərlik etmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Orta təzyiqli polietilenin quruluş və xassələri haqqında dəqiq məlumat almaq məqsədilə ilk dəfə olaraq polietilenin ifrat dar fraksiyası səviyyəsində (molekul kütləsi 3000-dən 1.000.000 qədər) nümunələrin tərkibi, quruluşu, fiziki-kimyəvi və fiziki-mexaniki xassələri tədqiq edilmişdir. Alınan nəticələrə əsaslanaraq polietilenin quruluş və xassələri arasında qarşılıqlı əlaqənin öyrənilməsi istiqamətində geniş tədqiqatlar aparmış və alınan nəticələrin ətraflı nəzəri təsviri vermişdir.

N.T.Qəhrəmanov tərəfindən oksidləşmənin və UB-şualanmanın polimerlərin qocalma prosesinə təsiri istiqamətində aparılmış elmi-tədqiqat işləri nətiəsində sübut edilmişdir ki, qocalma prosesi polimerlərin molekul kütləsinin paylanmasına böyük təsir göstərir və kövrəkliyin artmasına səbəb olur. Müəyyən edilmişdir ki, UB-şualanmanın təsiri nəticəsində birinci növbədə molekul kütləsi yüksək olan makromolekullar parçalanır və bu da aşağı molekul kütləli fraksiyaların artmasına səbəb olur. Bu istiqamətdə N.T.Qəhrəmanovun 2007-ci ildə “Старение и стабилизация полимеров” mövzusunda monoqrafiyası çap edilmişdir.

SSRİ EA Kimyəvi Fizika institutunun və Moskvanın D.İ.Mendeleyev adına Kimya-Texnologiya İnstitutunun alimləri ilə "birgəpolimerləşmə zamanı doldurulmuş" polietilenin alınması ilə əlaqədar elmi işlər aparılmışdır. Tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, tərkibində 80%-ə qədər mineral doldurucusu olan polietilen kompozitlərini də bu üsulla sintez etmək mümkündür. Müəyyən edilmişdir ki, polimer materiallarının əsasında alınan konstruksiya məmulatları yüksək fiziki-mexaniki xassələri ilə seçilirlər.

1988-ci ildə N.T.Qəhrəmanov Moskvanın D.İ.Mendeleev adına Kimya-Texnologiya institutunda «Yüksəkmolekullu birləşmələr kimyası» ixtisası üzrə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. İlk dəfə olaraq sistemli tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, homogen şəraitdə «peroksid-amin» inisiator kompleksindən istifadə etməklə calaq birgəpolimerləşmə prosesini «kompleks-radikal» mexanizmi ilə həyata keçirmək mümkündür. Başqa calaq birgəpolimerləşmə proseslərindən fərqli olaraq müəyyən edilmişdir ki, «kompleks-radikal» birgəpolimerləşmə prosesində istifadə olunan monomerlərin homopolimerləri əmələ gəlmir. Bu isə calaq birgəpolimerlərdə «quruluş-xassə» qarşılıqlı əlaqənin yeni yanaşmalarla izah olunmasına imkan vermişdır.

Aparılan tədqiqatlar nəticəsində yeni tipli doldurulmuş polimerlər - «calaq olunma zamanı doldurulmuş» birgəpolimerlərin sintezi aparılmışdır. Birgəpolimerləşmə zamanı (in situ) mineral, ya da polimer doldurucunu reaktora daxil edərkən hissəciklər polimer «kürkü» ilə örtürülür. Bundan əlavə, müəyyən edilmişdir ki, poliolefinə polyar monomerlərin calaq olunması onun dolduruculara qarşı adgeziyasını xeyli artırır və kompozitlərin istismar xassələrinin yaxşılaşmasına səbəb olur. Calaq birgəpolimerlər ilə «quruluş-xassə» istiqamətində aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq aşkar etmişdir ki, calaq zəncirlərinin uzunluğu onların fiziki-kimyəvi və fiziki-mexaniki xassələrinə seçici təsir edir. Calaq birgəpolimerlərin istehsalını sənaye miqyasında yaratmaq üçün SSSR-nin Neft-Kimya Sənayesi Nazirliyi tərəfindən «Texnoloji iqtisadi rəqəmlər», «Texnoloji reqlament» təsdiq edilmişdir və Ufa şəhərində ildə 3000 ton gücü olan qurgunun tikilməsinə sərəncam verilmişdir.

2005-ci ildə N.T.Qəhrəmanovun «Polimerlərin kimyəvi modifikasityası» mövzusunda monoqrafiyası çap edilmişdir. N.T.Qəhrəmanov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzində yüksək möhkəmliyə və istiliyə davamlı polimer materialların işlənib hazırlanması və onların əsasında xüsusi təyinatlı polimer məmulatların alınması istiqamətində Dövlət əhəmiyyətli geniş elmi tədqiqat işləri aparmışdır. Yüksək dispersliyə malik doldurucuları, nanohissəcikləri polimerlərə qatmaqla müəyyən etmişdir ki, onların fiziki-mexaniki xassələri xeyli yüksəlir.

2007-ci ildə N.T.Qəhrəmanov AAK tərəfindən «Yüksəkmolekullu birləşmələr kimyası» ixtisası üzrə professor adına layıq görülür.

Neft-Kimya Prosesləri İnstitutunda N.T.Qəhrəmanovun rəhbərliyi ilə aparılan tədqiqat işləri stirol polimerlərin sintezinə yönəlmişdir. Aşkar olunub ki, kompleks-radikal mexanizmi ilə alınan zərbəyə davamlı polistirolun və akrilonitril-ataktik polipropilenstirol birgəpolimerinin xassələri sənayedə alınan stirol polimerin xassələrindən üstündür.

2014-ci ilin may ayından bu günə kimi N.T.Qəhrəmanov AMEA-nın Polimer Materialları İnstitutunda laboratoriya rəhbəri vəzifəsində işləyir. PMİ-nin yeni strukturunda “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı” laboratoriyası əvvəllər (1976-2014 illər) İnstitutun “Metalların korroziyadan polimerlərlə mühafizəsi” adı ilə fəaliyyət göstərmiş laboratoriyasının bazasında yaradılmışdır. 2014-cü ilin may ayından kimya elmləri doktoru, professor N.T.Qəhrəmanovun rəhbərliyi ilə laboratoriyanın elmi-istiqaməti əsaslı genişlənib və sənayenin müxtəlif sahələrində tətbiq etmək üçün yüksək keyfiyyətə malik polimer kompozisiya materialların alınmasına və tətqiqinə yönəlmişdir.

Onun pəhbərliyi altında Polimer Materialları İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları ilə birgə su və torpaq səthindən agır metalların və neft məhsullarının təmizlənməsi üçün yeni tip köpüklənmiş polimer sorbentlərin alınması, tədqiqi və tətbiqi istiqamətində geniş elmi-tədqiqat işləri aparılır. Sübut olunmuşdur ki, bu sorbentlər ağır metallar və neft məhsullarına qarşı sorbsiya prosesi yüksək seçiciliyi ilə fərqlənir.

N.T.Qəhrəmanovun rəhbərlik etdiyi laboratoriya Rusiyanın D.İ.Mendeleyev adına Kimya-Texnologiya Universiteti və Belarusiya Milli Elmlər Akademiyasının Metal-Polimer Sistemləri İnstitutu ilə birgə nanoquruluşlu polimerlərin alınması, emalı, tətqiqi və tətbiqi istiqamətində geniş elmi-tədqiqat işləri aparır.

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Polimerlərin molekulyar-kütlə paylanmasına qocalma prosesinin təsiri tədqiq edilmişdir. Polietilenin monodisper fraksiyalarının molekul kütləsindən asılı olaraq xassələrinin qanunauyğunluğu təyin edilib.

Müxtəlif xarici faktorların təsiri nəticəsində polietilenin destruksiya prosesində iştirak edən əsas molekulyar fraksiyalar müəyyən edilmişdir.

SSSR-inin Elmlər Akademiyasının Kimya-Fizika İnstitutu ilə birgə polimerizasiya zamanı doldurulmuş polimer kompozisiyalarının alınma texnologiyası işlənib hazırlanmışdır.

İlk dəfə olaraq poliolefin və akril monomerləri əsasında calaqla-doldurulmuş kompozisiya materiallarının alınma texnologiyasının elmi əsasları işlənib hazırlanmışdır: xüsusi markalı polimer kompozisiyalarının istehsalı üçün texnoloji reqlament təsdiq edilmişdir.

Kompleks-radikal prosesi zamanı poliolefin ilə akril monomerlərin calaq sopolimerləşməsinın kinetik modeli işlənib hazırlanıbdır.

Yüksək möhkəmliyə və istiliyə davamlılığı olan yeni tip polimer komozisiyaları alınıb və texnikanın müxtəlif xüsusi sahələrin istiqamətlərində öz praktiki tətbiqini tapmışdılar.

Bir-birinə uyğunlaşa bilməyən polimerlərin əsasında mexaniki-kimyəvi sintez prosesi zamanı reaktor-ekstruderdə “monotrem” texnologiyanın prinsipial xüsusiyyətləri müəyyən edilmişdir.

Kompozisiya materiallarının quruluş və fiziki-mexaniki xassələrinə tərkibində olan müxtəlif tip kompatibilizatorların və polimer qarışıqlarının nisbətinin təsiri tıdqiq edilmişdir.

Polimer qarışıqları əsasında köpüklənmiş polimerlərin alınma texnologiyası işlənib hazırlanmışdır.

Quru və su səthindən neft və neft məhsullarının təmizlənməsi üçün yüksək effektli köpüklənmiş sorbentlər alınmışdır.

Elmi tədqiqatları[redaktə | mənbəni redaktə et]

Prof. N.T.Qəhrəmanov 380-ə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 47 patent və müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun 77 elmi əsəri xaricdə dərc olunub. Prof. N.T.Qəhrəmanovun elmi rəhbərliyi ilə 1 elmlər doktoru və 9 elmlər namizədi dissertasiyalarını uğurla müdafiə etmişdilər.

Elmi – təşkilati fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 2015-2018-ci illər ərzində Polimer Materialları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü və Seminarın sədridir.

Elmi əsərlərinin adları[redaktə | mənbəni redaktə et]

  1. Polivinilxlorid, nitril kauçuku və ABS sopolimeri qarışığı əsasında alınmış köpüklənmiş polimerlərin sorbsiya xüsusiyyətləri.
  2. Poliamid, poliuretan və ABS sopolimeri əsasında polimer qarışıqlarının texnoloji uyğunlaşmasının problemləri və həlli.
  3. Məkan quruluşlu polimer kompozisiyaların mexaniki-kimyəvi sintezi və tədqiqi.
  4. Müxtəlif tip polimer kompozisiya materiallarinın xassələrini və uyğunlaşmasını yaxşılaşdırmaq üçün yeni yanaşmalar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.

Mənbə[redaktə | mənbəni redaktə et]

Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.91–94.