Nəcəf Talıbov

Nəcəf Musa oğlu Talıbov (16 dekabr 1956, Qazax) — Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Azərbaycan Respublikasının “Fəxri auditor”u. 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvü, “Tərəqqi” medallı.[1]

Nəcəf Talıbov
Nəcəf Musa oğlu Talıbov
Doğum tarixi 16 dekabr 1956(1956-12-16) (67 yaş)
Doğum yeri
Təhsili Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Fəaliyyəti iqtisadçı

Nəcəf Talıbov 1956-cı il dekabrın 16-da Qazax şəhərində anadan olmuşdur. Əslən rayonun Ağköynək kəndindəndir. 1974-cü ildə Qazax şəhəri 1 nömrəli orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra 1978-1980-ci illərdə hərbi xidmət etmişdir. 1990-1994-cü illərdə Qazax rayonunun müdafiəsində hərbi əməliyyatlarda iştirak etmişdir.[1]

Xalq təsərrüfatının müxtəlif sahələrində baş mühasib və dövlət idarəetmə orqanlarında məsul vəzifələrdə çalışmışdır (1980-1999).

1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.

2005-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri vəzifəsində çalışır.

Auditorlar Palatası və bir sıra xarici ölkələrdə təşkil edilmiş seminarlarda, simpoziumlarda, konfranslarda iştirak etmiş və 20-dən çox sertifikatlar əldə etmişdir. Auditin aparılması və tənzimlənməsinə dair 50-dən çox sahəvi proqramın, metodik göstərişin, təlimat və qaydanın müəllifidir. «Audit» (2011), «Daxili audit» dərsliklərinin, "Audit. Qanunvericilik və normativ sənədlər" toplusunun ( 4-cü- 10-cu cildlər) və digər 20-dən çox nəşrin həmmüəllifi və tərtibçisidir.

29 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının “Fəxri auditor”u adına layiq görülmüşdür.

2020-ci ilin sentyabr ayında Gürcüstan Respublikasının “Fəxri auditor”u adına layiq görülmüşdür.

"Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların Milli İnstitu"nun (Rusiya Federasiyası) «За вклад в развитие НИПБ» (19 avqust 2011), "Заслуженный бухгалтер" (4 aprel 2016), "Заслуженный ревизор" (16 sentyabr 2021-ci il) medalları ilə təltif edilmişdir.

2016-cı il aprelin 4-də ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ağköynək kəndinin Talıbovlar soyundandır. Ulu babası Talıb Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır.

Ailəlidir. İki övladı var.

  1. 1 2 . [1] Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine Azərbaycan Respublikası Auditorlar Palatası  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • [2] Azərbaycan Respublikası Auditorlar Palatası  (az.)</ref>