Nəqli cümlə — obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir (nəqli sözü ərəb mənşəli "naqil" sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındadır). Nəqli cümlələr vasitəsilə yalnız gördüyümüz, müşahidə etdiyimiz fakt və hadisələr haqqında deyil, başqasından eşitdiyimiz, oxuduğumuz, bir çox hallarda mifoloji təfəkkürlə bağlı hadisələr haqqında da başqalarına məlumat verir və ya başqalarından məlumat alırıq.
Nəqli cümlələr söz sırası və intonasiyanın köməyi ilə formalaşır. Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən, nəqli cümlə vasitəsilə ifadə edirlər.
Nəqli cümlələrdə adətən mübtəda "məlum olan"ı — temanı, xəbər isə "yeni"ni bildirir. Ona görə də bu cür cümlələr ədəbi dilin normal söz sırasını nümayiş etdirir. Müxtəsər nəqli cümlələrdə qayda üzrə əvvəlcə mübtəda, sonra xəbər, geniş nəqli cümlələrdə isə əvvəl mübtəda, sonra xəbər zonası işlənir.
Nəqli cümlə adi tonla deyilir. Sonda əsasən nöqtə, qoşa nöqtə və ya üç nöqtə qoyulur.
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |