Nəriman Əliyev (mikrobioloq)

Əliyev Nəriman Cəlil oğlu — professor

Əliyev Nəriman Cəlil oğlu
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Elmi adı professor
İş yeri
  • İrəvan Kənd Təsərrüfatı Texnikumu[d]
Təhsili

O, 1911-ci ildə Böyük Vedidə bir ailədə doğulmuşdur. Atası Cəlil vaxtilə Böyük Vedinin kattası olmuşdu. O, zəmanəsinin sayılan ziyalılarından biri idi.

Nəriman Əliyev ilk təhsilini Əli bəyin Böyük Vedidə təşkil etdiyi çoxsinifli məktəbdə alıb. 1929-cu ildə İrəvan şəhərindəki, Nəriman Nərimanov adına Türk Pedaqoji Texnikumunu yüksək göstəricilərlə başa vurduqdan sonra Böyük Vediyə qayıdan Nəriman, vaxtilə oxuduğu məktəbdə müəllim işləyir. Elə həmin il İrəvan şəhərinə dəvət alır, Həşim bəy adına 9 sinifli türk məktəbində, eyni vaxtda Azərbaycan dilində fəaliyyət göstərən Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyatdan dərs deyir.

1930-cu ildə İrəvandan Bakı şəhərinə ezam edilir. Elə həmin il Azərbaycan Tibb İnstitutunun rektoru Nadir Məmmədlini əvəz edən istedadlı həkim Əziz Əliyev Nərimanın qabiliyyətini, elmə tükənməz həvəsini, bacarığını görüb onu institutda saxlamağı qərara alır. Mikrobiologiya kafedrasının aspirantı olan Nəriman 1935-ci ildə Moskva Elmi-Tədqiqat Mikrobiologiya İnstitutuna göndərilir. 1937-ci ildə oranı əla qiymətlərlə bitirərək yenidən Bakıya qayıdır, Tibb İnstitutunda mikrobiologiya kafedrasında assistent işləməyə başlayır.

Vətənə xidməti

[redaktə | mənbəni redaktə et]

1941-ci ildə Böyük Vətən müharibəsi başlayır. Mir Cəfər Bağırov Təbrizə gedir, Sovet Ordusunun orada yerləşdirilən 15-ci süvari hərbi korpusunu yoxladıqdan sonra Bakıya qayıdır. Nəriman Əliyev də daxil olmaqla, bir qrup həkimi İrana göndərir. Korpusda ona kapitan rütbəsi verilir.

Nəriman Əliyev 1942-ci ildə İrandan Bakıya çağırılır. Mahaçqalada qəfil başlayan yoluxucu xəstəlik kütləvi ölümə səbəb olduğundan, onun qarşısını almaq üçün həkim qrupu yaradılır və Nəriman təcili Dağıstan paytaxtına göndərilir. Milliyyətcə yəhudi olan Kuras adlı həkimlə birlikdə Mahaçqalada yayılan xəstəliyin vəba olduöunu təyin edir. Gənc həkim dörd ay Mahaçqalada qalır və onun göstərişi ilə hazırlanan vaksinlər öz işini görür. Əliyev həkimlik borcunu layiqincə başa vurduqdan sonra, 1942-ci ilin ikinci yarısında Mahaçqaladan Bakıya qayıdır. Ona cəbhə üçün lazım olan bioloji preparatların hazırlanmasına rəhbərlik tapşırılır. Nəriman Əliyevin bilavasitə iştirakı ilə qanqrenaya qarşı preparat hazırlanır. Bu dərman Bakıdakı hərbi qospitallarda böyük şöhrət qazanır. Ayağından, qolundan güllə yarası alan preparat gecə-gündüz istehsal edilməyə başlayır. Böyük Vətən müharibəsi qurtardıqdan sonra Nəriman Əliyev Mikrobiologiya İnstitutunda şöbə müdiri işləyir, elmi işlə məşğul olur, dərs deməyə başlayır. 1948-ci ildə "Nafatalanın opticisim əmələ gəlməsi prosesində onun dinamikasına və orqanizmin reaktiv qabiliyyətinə təsiri" mövzusunda, 1969-ci ildə isə "Naftalanın təsir mexanizminə dair yeni eksperimental məlumatlar" möüzusunda doktorluq dissertasiyasını müdafiə edir.

1988-ci ilə qədər professor Nəriman Əliyev indiki Tibb Universitetində dekan müavini, dekan, kafedra müdiri vəzifələrində çalışmış, 30-a yaxın elmlər namizədi və doktor yetişdirmişdir.

Yazdığı dərsliklər

[redaktə | mənbəni redaktə et]

Nəriman Əliyev Azərbaycanda ilk dəfə ana dilimizdə "Tibbi mikrobiologiyanın əsasları" adlı dərslik yazmış, bakteriologiya üzrə dərslik yazmış, bakteriologiya və virusologiya üzrə dərs vəsaitləri çap etdirmiş, yeni patogen mikroblar, bioloji aktiv maddələr, eləcə də yeni-yeni metodlar işləyib hazırlamış, 51 müəlliflik şəhadətnaməsi almağa nail olmuşdur.

Elmdə etdiyi kəşflər

[redaktə | mənbəni redaktə et]

1988-ci ilə qədər professor Nəriman müəllim onlarla elmi məqalənin və dərsliyin, müxtəlif ixtiraların müəllifidir. Yeni biloji bakteriya növlərinin aşkara çıxarılmasıda N.Əliyevin adı ilə bağlıdır. Həmin aktiv maddələrdən, bioloji tapıntılardan kənd təsərrüfatında ət məhsullarının saxlanılmasında geniş istifadə edilir. Alimin kəşf etdiyi rubrin, nakordin, aurontin kimi yeni bioloji aktiv maddələr də dediklərimizə misal ola bilər. Əvəzsiz müalicə xassəsi olan Naftalan mazına əlavə edilən bitki yağlarının yeni xassələri də onun adə ilə bağlıdır. Ayrı-ayrı rənglərdə piqment yaradan mikroorqanizmlərin də kəşfi alimin axtarışlarının bəhrəsidir. Onun səyi ilə lentospiroz, serrasioz, madraminoz, keotroxoz, kanditoz xəstəlikləri aşkar edilmişdir.

Təltif olunduğu orden və medallar

[redaktə | mənbəni redaktə et]

1981-ci ildə anadan olmasının 70 illiyi ilə əlaqədar "Əməkdar Elm Xadimi" fəxri adına, Səhiyyə Nazirliyinin "Fəxri Fərman"ına və "Səhiyyə əlaçısı" adına layiq görülən professor Nəriman Əliyev mikrobiologiya sahəsində əldə etdiyi elmi nəticələrin müvəffəqiyyətinə görə "Müharibə, əmək, partiya veteranı", "Şöhrət", "Qırmızı Əmək Bayrağı" ordenləri, "Şərəfli əmək", "Qafqazın müdafiəsi" medalları ilə təltif edilmişdir.

Əməkdar elmi xadimi, professor Nəriman Cəlil oğlu Əliyev xidmətlərinə görə orden və medallarla təltif edilib.

Böyük alim, uzun və məzmunlu ömrünü Vətəninə, xalqına həsr edən dahi şəxsiyyət Nəriman müəllim 2004-cü ilin fevral ayının 28-də 93 yaşında dünyasını dəyişdi.

Pənahqızı T. "Dünya bir pəncərədir", Vedibasar qazeti № 24(211)

Kərimova H. "Hippokrat andı içmiş ailə kitabı", "Gənclik" nəşriyyatı, Bakı 2001, səh. 3–26