Nəriman Məmmədov (tam adı: Nəriman Rəhim oğlu Məmmədov, 10 may 1936, Miskinli, Şəmkir rayonu, AzSSR) — Azərbaycanlı texnika elmləri doktoru, professor.[1]
Nəriman Məmmədov | |
---|---|
azərb. Nəriman Rəhim oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Miskinli, Şəmkir rayonu, AzSSR |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu |
10 may 1936-cı ildə Şəmkir rayonunun Miskinli kəndində anadan olmuşdur.
1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Kənd təssərüfatı proseslərinin mexanikləşdirilməsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və 1964-cü ilədək Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır.
1965–1968-ci illərdə Moskva şəhərində yerləşən Dövlət Ümumittifaq Elmi-Tədqiqat Maşın-Traktor parkının Təmiri və İstismarı İnstitutunda aspiranturada oxumuş və oranı müvəffəqiyyətlə bitirərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1968-ci ilin mart ayında ümumittifaq bölgüsü əsasında Minsk şəhərində yerləşən Ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq və Quşçuluq Ferma və Komplekslərinin Maşın və Avadanlıqlarının Quraşdırılması, İstismarı və Təmiri İnstitutunda şöbə müdiri vəzifəsinə göndərilmiş və həmin vəzifədə 1980-ci ilin mart ayına qədər işləmişdir.[2]
1972–1980-ci illərdə SSRİ "Dövlətkəndtexnika" Komitəsinin kənd təsərrüfatı obyektlərinin maşın və avadanlıqlarının yığılması və quraşdırılması üzrə Baş texnoloqu vəzifəsini icra etmişdir. Bu dövrdə doktorluq dissertasiyasını başa çatdırmış və müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almişdır.
1980–1981-ci illərdə Azərbaycana dəvət olunmuş və "Azərkəndtexlayihə" İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
1982-ci ilin yanvar ayından 1986-cı ilin yanvar ayınadək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsində bölmə müdiri, şöbə müdirinin müavini, 1986–1987-ci illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Sədrinin müavini, 1988–1990-ci illərdə Azərbaycan KP Yevlax şəhər komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Aqrar-Sənaye Komitəsinin Elektromexanikləşdirmə Tresti müdirinin müavini vəzifələrində çalışmışdır.
1993–1996-ci illərdə Azərbaycan Texniki Universitetinin "Metrologiya və standartlaşdırma" kafedrasının professoru işləmiş, 1996-cı ilin sentyabr ayından Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Standartlaşdırma və sertifikasiya kafedrasında, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetində çalışıb.
Hazırda Standartalşdırma və sertifikasiya kafedrasının məsləhətçi-professorudur.
240-dan çox elmi əsərlərin, o cümlədən 5 ixtiranın, 7 monoqrafiyanın, 4 dövlət və sahə standarının, 12 dərslik və dərs vəsaitinin, 10 metodiki göstərişin, 19 tədris proqramının, 51 elmi-istehsalat xarakterli kitabın, albom və broşuraların və 130-dan çox elmi məqalənin müəllifidir. Bu əsərlərdən 154-ü Moskva və Minsk şəhərlərində, qalanları isə Bakı şəhərində nəşr olunmuşdur.
2007-ci ildən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Yeyinti məhsullarının standartlaşdırması üzrə Texniki Komitənin Sədr müavinidir.[2] 2010-cu ildən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür.[1]
Ailəlidir, iki övladı var.