Nəsibə Hüseynova

Nəsibə Hüseynova Ağa İsmayıl qızı (25 yanvar 1926, Bakı) — Azərbaycan pediatrı, tibb elmləri doktoru (1969), professor (1970), Səhiyyə əlaçısı (1984), Əmək veteranı (1986), Əməkdar həkim (1990). [1][2]

Nəsibə Hüseynova
Nəsibə Ağa İsmayıl qızı Hüseynova
Doğum tarixi (98 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti həkim
Mükafatları "Tərəqqi" medalı

Nəsibə Hüseynova 25 yanvar 1926-cı ildə Bakı şəhərində Azərbaycan dili müəllimləri olan Ağa İsmayıl və Həvva Hüseynovların ailəsində anadan olmuşdur. O, 1943-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, 1948-ci ildə Moskva şəhərinin N. İ. Piroqov adına Tibb İnstitutunu bitirmişdir.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nəsibə Hüseynova 1948-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun Uşaq xəstəliklərinin propedevtikası kafedrasının kliniki ordinatoru vəzifəsini icra etmişdir. Daha sonra 1950-1951-ci illərdə Laçın şəhərindəki qadın və uşaq məsləhətxanasının müdiri vəzifəsində çalışmışdır. 1955–1959-cu illərdə Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda əvvəlcə baş elmi işçi, sonra şöbə müdiri olaraq fəaliyyət göstərmişdir.[1]

Nəsibə Hüseynova 1959-cu ildən ATU-nin Hospital pediatriya kafedrasının dosenti, 1970-ci ildən etibarən isə həmin kafedranın professorudur.[1]

1959–1961-ci illərdə SSRİ dövləti tərəfindən İraqa ezam olunmuş və orada müharibə şəraitində səhiyyə müşaviri işləmişdir. Bu şərəfli həkim işinə görə Nəsibə Hüseynova İraq hökuməti və Azərbaycan SSR-nin Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə Fəxri fərmanla təltif olunmuşdur.[1]

1970–1992-ci illərdə ATU-nin Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının müdiri olmuş, 1992-ci ildən hal-hazıradək həmin kafedranın professoru vəzifəsində çalışır.[1]

1971–1976-cı illərdə Bakı şəhərində baş pediator vəzifəsini icra etmişdir. 1970-1991-ci illərdə Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin baş pediatoru olmuşdur. Professor Nəsibə Hüseynova 1976-cı ildən hal-hazıra qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş uşaq qastroenteroloqudur.[1]

1982-ci ildə prof. N. Hüseynova 17 saylı uşaq şəhər poliklinikasının bazasında Respublika Uşaq Qastroenteroloji Mərkəzinin yaradıcısı olmuş və uzun illər bu mərkəzdə elmi rəhbər kimi işləyərək, Azərbaycanın bütün regionlarından mədə-bağırsaq problemli uşaqlara yardım etmişdir.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Professor Nəsibə Hüseynova əsasən, uşaqların qidalanması problemlərinə dair tədqiqatlar aparmış, 300-dən artıq elmi məqalənin və metodiki tövsiyələrin müəllifidir. Elmi rəhbər kimi 6 tibb elmləri namizədi hazırlayan Nəsibə Hüseynova 2013-cü ildə "Uşaq qastroenterologiya" dərsliyini, 2014-cü ildə isə "Pediatriyada dietoterapiya" dərs vəsaitini çap etdirmişdir.

Nəsibə Hüseynova 1951–1954-cü illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya İnstitutunda aspirant olmuş, namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1969-cu ildən doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.[1]

Professor Nəsibə Hüseynova 1984-cü ildə "Səhiyyə əlaçısı" nişanı ilə, 1986-cı ildə "Əmək veteranı" medalı, 1990-cı ildə isə Azərbaycanın Əməkdar həkimi fəxri adı ilə təltif olunmuşdur.[1]

20 sentyabr 2010-cu il tarixində Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1][2]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 Əlamətdar və tarixi günlər təqvimi - 2021 (PDF). Bakı: Zərdabi Nəşr. 2020. səh. 36. ISBN 978 9952 542 04 2.
  2. 1 2 (Azərbaycan). president.az https://president.az/articles/754/print (#bare_url_missing_title). 2-9-2021 tarixində arxivləşdirilib.

Azərbaycan Sovet Ensiklopediyası, X cild