Nəsib sultan Şəmsəddinli

Nəsib sultan Şəmsəddinli (1763-1819) — Gəncə xanlığının Şəmsəddin mahalının başçısı (1797—1819), mayor.

Nəsib sultan Şəmsəddinli
1797 – 1819
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Öysüzlü obası, Şəmsəddin mahalı, Gəncə xanlığı
Vəfat tarixi
Atası Əli sultan Şəmsəddinli
Uşaqları Yusif xan, Məsih xan, İskəndər bəy, Mehdixan bəy, Xədicə xanım.
Dini İslam
Hərbi xidmət
Xidmət illəri 1801-1819
Döyüşlər Gəncə qalasının işğalı
Rütbəsi Mayor

Nəsib sultan 1763-cü ildə Şəmsəddin mahalının Öysüzlü obasında anadan olmuşdu. Əli Sultandan sonra mahal başçısı olmuşdu.

Sisiyanov Gəncəyə hücum edəndə 700 atlı ilə ona qoşulub Cavad xana qarşı vuruşur.[1]

Nəsib sultan Gəncə hakiminə qarşı Qazax ağalarını da səfərbər etdi. Yaxşı təlim görmüş 300 qazaxlı süvari çar generalının əmri ilə Gəncəyə hücum etmişdi.

El şairi Gəncəli Həsən yazırdı:

Gəncəli Həsənəm, ürəyim acı,
Moskov fürsət tapıb çaldı qılıncı,
Şəmsəddinli, Qazax, Borçalı, gürcü,
Taladı, qalmadı malı Gəncənin…

Nəsib sultan Şəmsəddinli göstərdiyi xidmətə görə mayor rütbəsi almışdı. Gəncənin işğalı başa çatdıqdan sonra Nəsib sultanın səlahiyyəti genişləndi, o, Şəmşəddin və Qazax mahallarının başçısı təyin edildi. Xidmətlərinə görə Həsənsuyundan başlamış Şahdağına qədər olan ərazini onun ixtiyarına verdilər. Lakin bu səlahiyyət uzun sürmədi. Ona böhtan atdılar ki, guya 40 nəfər çar əsgərini öldürmüşdür. A. S. Yermolov da bunu bəhanə gətirib general-leytenant Velyaminova tapşırmışdı ki, Nəsib sultanı və Mustafa ağanı nəzarətdə saxlasın. Qorxulu adamdılar, xalqı iğtişaşa qaldırmaq üçün məqam axtarırlar. Mən qəti surətdə deyirəm, əgər lazımdırsa, onları həbsə alın, inanılmış nəzarətçililərlə Mozdok komendaturasına aparıb təhvil verin.[2] Bu tərəfdən də knyaz V.Q. Madatov xüsusi tapşırıqla Yelizavetpola göndərilmişdir ki, təxirə salmadan Nəsib sultanla Mustafa ağanı həbsə alsın.

1819-cu ildə general-leytenant V.Q. Madatov Gəncəyə gəlib Nəsib sultanı və Qazax mahalı kənd sakini şair Mustafa ağa Arifi (d. 1774) yanına çağırtırıb həbsə alaraq Tiflisə aparmış və oradan da onlar Kazana, bir rəvayətə görə isə Xarkov şəhərinə göndərilmişdir. Beləliklə, Nəsib sultan tutulub Rusiyaya sürgün olundu.

Nəsib sultan 11 may 1819-cu ildə öldürülüb.

Övladları İrana, Sulduz ətrafına qaçdılar.

Nəsib sultanın törəmələri Sultanov soyadını daşıyırdılar.

Nəsib sultanın Yusif xan, Məsih xan, İskəndər bəy, Mehdixan bəy adlı oğulları, Xədicə xanım adlı qızı vardı.

  1. ÜQVIA, f.VUA, d-4278, ç.2, /sxema şturma Qəndci/
  2. AKAK, tom VI, ç.1, №1022
  • Ənvər Çingizoğlu, Zülqədər eli, "Soy" dərgisi, 1(21) 2009.
  • Ənvər Çingizoğlu, Şəmşəddil sultanlığı, Bakı: Mütərcim, 2012,-208 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]