Nadanlıq (əsər)

Nadanlıq (əsər)Nəriman Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" komediyası Nəriman Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsidir[1]. Yazıçı əsərin mövzusunu Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kəndinin həyatından almışdır[2].

"Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi.

Əsərin əsas ideyası feodal həyatının köhnə adət və ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. Yazıçı komediyada ictimai həyata və ailə-məişətə möhkəm daxil olan feodal əxlaq qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır. O, cəhalət və nadanlığı konkret tənqid obyekti kimi götürmüşdür. Mədəni geriliyin, savadsızlığın yeni tarixi şəraitdə xalqın inkişafı yolunda maneəyə çevrildiyini, onun göz açmasına imkan vermədiyini görən yazıçı nadanlığı müsəlman aləminin ən böyük bəlası hesab etmişdir.

Nəriman Nərimanov "Nadanlıq" komediyasında yoxsul kəndlilərin əksəriyyətinin şüuruna, varlığına və mənəviyyatına hakim kəsilmiş avamlığın böyük fəlakətlərə səbəb olduğunu inandırıcı surətdə açıb göstərməyi qarşısına məqsəd qoymuşdu. O, əsərin müqəddiməsində yazırdı[3] :

" Hər millətin qabağa getməyinə səbəb mədəniyyətdir. Və məlumdur ki, bizim müsəlman millətinin arasında mədəniyyət və mərifət nəhayətdə az yayılıbdır, ona görədir ki, bizlər zindəganımızda tövrbətövr bəlalara giriftar və mübtəla oluruq, bu səbəbdən biz müsəlman qardaşlara lazım gəlir ki, bizdən artıq mərifətli olan qonşulara və millətlərə baxıb mərifət cəhətincə onların yolu ilə gedək, xüsusilə bizim Qafqaz əhli ki, illərlə günlərini quldurluqda, adam öldürməkdə keçirirlər.. Bu tövr rəftar insanı bilmərrə hörmətdən salıb zindəganı həməvəqt pislik ilə keçir və axırda nadanlıq onu puç edir, necə ki, təvarixdən görürük: hansı millət ki, elm və mərifət dalınca düşüb, indi bu zəmanədə xoşbəxtlik ilə gün keçirir, əmma millət ki, elmdən və mərifətdən qaçaq düşüb, bu zəmanədə zəlil olubdur. "

"Nadanlıq" komediyasında irəli sürülən məsələlər tarixi ictimai şəraitin tələblərindən irəli gəlirdi. O dövrdə Azərbaycan kəndlilərinin savadsızlığı, nadanlığı və cəhalətdə yaşaması onları ümumi mədəni tərəqqidən geri qoyurdu. N. Nərimanov öz dram əsərləri ilə kütlələri qəflətdən ayıltmağı ən vacib vətəndaşlıq borcu bilirdi[4].

  • Məhəmmədağa — kənd müəllimi, cavan oğlan, rus paltarında
  • Namaz — Məhəmmədağanın nökəri
  • Qurbanəli, Niyazəli, Ağakişi, Hacı Abdulla — kəndin mütəşəxxis adamları, 40 və 50 yaşında, çöl libasında
  • Koxa — kəndin yüzbaşısı
  • Ömər — Hacı Abdullanın böyük oğlu, oxumuş cavan, çərkəzi libasda
  • Vəli — Hacı Abdullanın kiçik oğlu
  • Əhməd — Hacı Abdullanın nökəri
  • Yetər — Hacı Abdullanın arvadı, 40 yaşında, çöl libasında
  • Gülpəri — Qurbanəlinin arvadı, 40 yaşında, çöl libasında
  • Molla Qasım — kənd mollası, İran libasında
  • Mənsur, Şamil, Pirverdi, İsmayıl — Vəlinin qoçaq yoldaşları, hamısı yaraqlı[5].
  1. Teymur Əhmədov. Nəriman Nərimanov, Seçilmiş əsərləri (PDF). Bakı: "Lider nəşriyyat". 2004. səh. 21.
  2. "Nəriman Nərimanov Tarixdə" (Azərbaycan dili). axar.az. 26 avqust 2019 tarixində arxivləşdirilib.
  3. Teymur Əhmədov. Nəriman Nərimanov dramaturgiyası. Bakı: "Nurlar". 2005. səh. 71-104.
  4. Teymur Əhmədov. Nəriman Nərimanov, Yaradıcılıq yolu. Bakı: "Nurlar". 2005. səh. 159.
  5. Teymur Əhmədov. Nəriman Nərimanov, Seçilmiş əsərləri. II cilddə, I cild. Bakı: "Nurlar". 2017. səh. 24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]