Natella Kazımova (21 iyun 1939, Bakı – 15 iyun 2012, Bakı) — neft kimyası və üzvi kimya sahəsində tanınmış alim, kimya elmlər doktoru, professor.
Natella Kazımova | |
---|---|
Natella Saleh qızı Kazımova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Nemət Hüseynov |
Uşaqları | Aida Hüseynova, Emin Hüseynov |
Atası | Mirsaleh Kazımov |
Anası | Xanımana Kazımova |
Elm sahəsi | neft kimyası |
Elmi dərəcəsi | kimya elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları | AMEA-nın “Fəxri fərmanı”ı |
Neft kimyası və üzvi kimya sahəsində tanınmış alim kimya elmlər doktoru, professor Kazımova Natella Saleh qızı 21 iyun 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirmiş, həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olmuş, 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Natella Kazımova 1962–1966-cı illərdə Azərbaycan EA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1966-cı ildən yeni yaradılmış AEA Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, 1972-ci ildən isə ömrünün sonuna qədər baş elmi işçi vəzifəsində çalışmışdır. Natella Kazımova 1969-cu ildə "Ariltio — və tsikloheksiloksisilanların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini, 1992-ci ildə "Mineral və sintetik yağlara yüksək temperaturda işləyən antioksidantlar" mövzusunda "Neft-kimyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini və 2005-ci ildə professor elmi adını almışdır.[1]
Natella Kazımovanın elmi fəaliyyətinin əsas istiqaməti yerüstü və aviasiya texnikası üçün zəruri olan mühərrik yağlarının stabilləşdirilməsinə yönəlmişdir. 1-ci istiqamətdə Natella xanımın rəhbərliyi ilə çoxsaylı keyfiyyətli alkilfenol əsaslı aşqarlar alınmışdır. ИХП-103 aşqarı çox keyfiyyətli oksidləşməyə qarşı aşqar olduğuna görə sənayedə alınmağa təklif edilmişdir. Bu aşqar külsüz idi və ИХП-21 aşqarı motor yağlarında əvəz edə bilərdi. Apardığı işlərin 2-ci istiqaməti sintetik yağlara yüksək temperatura davamlı oksidlşmə inhibitorları və sintetik efir yağları üçün sürtkü kompozisiyalarının yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün molekulunun tərkibində azot, kükürd, bor. silisium və müxtəlif funksional qruplar saxlayan, yüksək temperatura davamlı inhibitorlar işlənmişdir. Sintez edilmiş birləşmələr və əmtəə aşqarlarının tətbiqi ilə qaz-turbin mühərrikləri və sintetik efir yağları üçün yüksək temperatura (200–2400C) davamlı sürtkü kompozisiyaları işlənilmişdir. Müəyyən edilmişdir ki, işlənmiş kompozisiyalar əsas keyfiyyətlərinə görə bu yağlara olan texniki tələblərə cavab verir və bu işlərə görə P.Baranov adına Mərkəz Motor quruluşu institutunda (ЦИАМ) aktlar alınmışdır.
Natella Kazımova 150-dən çox elmi əsərin, o cümlədən 65 Müəlliflik şəhadətnaməsinin (SSRİ), 6 Azərbaycan patentinin müəllifidir. Beynəlxalq və Respublika konfranslarında elmi məruzələrlə çıxış etmişdir.
Onun gənc elmi kadrların hazırlanmasında da xüsusi xidmətləri olmuşdur − 3 elmlər namizədi və 1 elmlər doktoru yetişdirmişdir.
Neft kimyası elminin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə Natella Kazımova AMEA-nın "Fəxri fərmanı" ilə təltif olunmuşdur.
Natella Kazımova institutun ictimai həyatında fəal iştirak edirdi. O, Aşqarlar Kimyası İnstitutunda gənc alimlər şurasının, D.İ.Mendeleyev adına Ümumittifaq kimya cəmiyyətinin üzvü olmuşdur.