Naxçıvan Duz Muzeyi – Azərbaycanın Naxçıvan şəhərində yerləşən muzey. Muzey Naxçıvan duzunun tarixinə həsr olunmuşdur.
Naxçıvan Duz Muzeyi | |
---|---|
Əsası qoyulub | 12 sentyabr 2017 |
Açılış tarixi | 25 aprel 2018 |
Mövzu | duz |
Ölkə | |
Yerləşir | Naxçıvan |
39°16′33″ şm. e. 45°20′04″ ş. u. |
Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən yaradılmışdır. Muzeyin açılışı 25 aprel 2018-ci ildə "Duzdağ" hotelində baş tutmuşdur. Açılışda Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov iştirak etmişdir.[1]
Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixi əhəmiyyətini tanıtmaq və aparılmıç elmi tədqiqat işlərini sistemləşdirməkdir. Belə ki, Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil etmişdir.[2]
Muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzey fəaliyyətinə 81 eksponatla başlasa da, bu rəqəm 104-ə çatmışdır.[3] Burada duzdan hazırlanmış müxtəlif fiqurlar, Duzdağ haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, "Duzdağ" sənədlər toplusu nümayiş olunur. Muzeydə duzçıxarma və duz mədənçiliyində istifadə olunmuş daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, duz kristalları, duz süxurları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar sərgilənir.[1] Eksponatlara arxeoloji qazıntılar nəticəsində tapılmış Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları da daxildir.[2]
Muzeyin mərkəzində Nuh peyğəmbərin heykəli qoyulmuşdur. Belə ki, yerli əfsanələrdə Nuh peyğəmbərin Naxçıvanda duz mədənində ilk çalışanlar biri olduğu və şəhər əhalisinə duz çıxartmağı öyrətdiyi qeyd olunur.[2] Muzeydə duzla bağlı şifahi xalq ədəbiyyatı nümunələri nümayiş olunur. Duzdan hazırlanmış və üzərində "Məhəmməd və Əli" sözləri yazılmış Quran kitabı, daşduzdan hazırlanmış əl işləri, Azərbaycan bayrağının duzdan hazırlanmış maketi, Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı duzdan hazırlanmış loqo muzey eksponatları arasındadır.[1]