Naxçıvan MSSR-in SSRİ-dən çıxması

Naxçıvan MSSR

Naxçıvan MSSR-in SSRİ-dən çıxması — 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub.

Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.

Qərarın qəbulu

[redaktə | mənbəni redaktə et]

Uzun müzakirələrdən sonra Ali Sovetin fövqəladə sessiyası qərar qəbul etdi:[1] [2]

" SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi btövlüyü müdafiə edilmədiyindən;

Azərbaycan SSRNaxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından;

Ermənistan SSR tərəfindənedilən təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü pozulduğundan, vətəndaşlarının həyatı təhlükə altında qaldığından;

TürkiyəAzərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqavilənin şərtləri kobud şəkildə pozulduğundan:

Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır:

1) Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.

2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədi ilə Türkiyə respublikasına müraciət edilsin.

3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədi ilə müraciət olunsun.

4) Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıarılsın.

5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun.

6) Sessiyanın qərarı Azərbaycan SSRSSRİ respublikalarının nəzərinə çatdırılsın.

Naxçıvan MSSR Ali Soveti

Rəyasət Heyətinin Sədri:                                                           Səkinə Əliyeva.                                          

Naxçıvan MSSR Ali Soveti

Rəyasət Heyətinin Katibi:                                                         Həsən Xəlilov.                              

Naxçıvan şəhəri, 19 yanvar 1990-cı il.

"

Sonrakı hadisələr

[redaktə | mənbəni redaktə et]

Qərar qəbul edildikdən sonra respublikanın müstəqilliyinin tanınması üçün dərhal İrana və Türkiyəyə nümayəndə heyəti göndərilir. Lakin Sovet DTK-sı Türkiyəyə keçmək cəhdinin qarşısını aldığına görə, yanvarın 21-də beş nəfərlik nümayəndə heyəti Culfa rayonunun Yaycı kəndindən Araz çayını keçərək İrana adlayır. Çətinliklə Təbrizə çatan naxçıvanlı deputatlar Türkiyənin İrandakı hərbi attaşesilə görüşməyə nail olurlar.

Nümayəndə heyəti İranda danışıqlar apardığı zaman muxtar respublikanın «Sovet Naxçıvanı» qəzeti müstəqilliklə bağlı qərarı dərc edir və ilk dəfə çox böyük tirajla- 40 min nüsxə ilə satışa çıxır. Naxçıvan televiziyası isə xəbərləri bir neçə əcnəbi dildə verir. Yanvarın 25-də İrana göndərilən nümayəndə heyəti əliboş geri qayıdır.

Yanvarın 27-də Moskva və Bakıdan Naxçıvana xüsusi qrup göndərilir və muxtar respublikaya güc tətbiq ediləcəyilə bağlı hədələr öz işini görür. Beləcə hər şey əvvəlki axarına qayıdır və 8 günlük müstəqillik sevincinə son qoyulur[3].

Səkinə Əliyevanın xatirələri

[redaktə | mənbəni redaktə et]
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri

Səkinə Əliyeva Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri olmuş və Naxçıvan MSSR-nın SSRİ-dən ayrılması haqqında fövqəladə sessiyannı çağırmış, buna nail olmuş və onun imzalamışdır[4].

" O günlər biz Naxçıvanı itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ermənilər Ermənistandan sonuncu azərbaycanlını da qovandan sonra bütün təhdid və təxribatları Naxçıvana yönəltmişdilər. Azərbaycanla yerüstü yollar kəsilmiş, bütün sərhədlərdə erməni silahlıları və texnika cəmlənmişdi. Həmin gecə Bakıda nə baş verdiyindən xəbərimiz yox idi. Naxçıvan öz hayında idi. Ermənilərin Sədərəyə güclü hücumu nəticəsində 8 nəfər ölmüş, 30 nəfər yaralanmış, əhali çöllərə tökülmüş, xeyli ev dağıdılmışdı.

Sədərəkdə həlak olmuş 2 uşağın meyiti Naxçıvanın mərkəzi meydanına gətirilmiş, on minlərlə adam hiddətlə tədbir görülməsini, ermənilərin əliyalın naxçıvanlıları qovub İran və Türkiyəyə keçirməsi təhlükəsinin sovuşdurulmasını tələb edirdi. Bakı susurdu, rəhbərlərdən heç birini tapmaq mümkün olmadı.

Axşam sərhəd məntəqələrindən həyəcanlı xəbərlər gələndə, vəziyyət gərginləşib son həddə çatanda vilayət partiya komitəsində işıqlar söndürüldü. Öz taleyinə sahiblik etməli olan xalq Ali Sovetin binasına doluşdu...

Hamı bildirdi ki, məhv olma təhlükəsi qarşısında səsimizə hay verməyən, ermənilərin Naxçıvanı tutmasına, əslində, göz yuman bir ölkənin tərkibində qalmaq ölümə bərabərdir. Səsimizi dünyaya çatdırmaq, dolayı yolla SSRİ rəhbərliyini də silkələmək üçün, Qars müqaviləsinin şərtlərinə istinadən, bütün naxçıvanlıların iradəsini ifadə edən bir qərar hazırladıq. İki saata muxtar respublika Ali Sovetinin əlimiz yetən deputatlarını topladıq. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin Naxçıvandan olan deputatları da iştirak etməklə, gecəyarısı fövqəladə sessiya keçirdik. Yekdilliklə Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul etdik.

Sessiya qurtaran kimi, gecə saat 4-də yerli teleradio ilə çıxış edib bu qərarı bəyan etdim. Həyəcanlanmış əhali nisbətən sakitləşib evlərinə getdi. Kişilər, rayon rəhbərləri, qeyrətli adamlar isə sərhədlərin möhkəmləndirilməsinə yollandılar... Bu o dəqiqələr imiş ki, Bakı od tutub yanırmış... Biz bunlardan səhərisi gün Türkiyə radiosu ilə xəbər tutmuşduq.

Həmin gecə teleradio ilə çıxışım qonşu dövlətlərdə tutulmuş, səsimiz dünyaya çatmışdı.

"
  1. Nazim Əkbərov. "Nazim Əkbərov Səkinə xanım Əliyeva haqqında" (Azərbaycan dili). aqra.az. 2013 30 dekabr tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  2. Cəmil Həsənli. "Cəmil Həsənli: Bakı hərbi əməliyyatı - Macarıstan və Çexoslovakiyada SSRİ-nin işğalçılıq siyasətinin davamı". amerikaninsesi.org. 20 yanvar 2015. 23 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2019.
  3. Adəm Qorxmaz. "20 il əvvəl Naxçıvan SSRİ-dən necə ayrıldı?". modern.az. 21 yanvar 2010. 23 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2019.
  4. Tahir Aydınoğlu. "20 Yanvar: qanlı Bakı faciəsinin pərdəarxası, yaxud Naxçıvanın işğalı ssenarisi". Xalq qəzeti. 19 yanvar 2013. 23 yanvar 2019 tarixində arxivləşdirilib.