Naxçıvan Muxtar Respublikası Konstitusiyası — Naxçıvan Muxtar Respublikasının əsas qanunu[1].
1998-ci il aprelin 28-də birinci çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 5-ci sessiyasında qəbul edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun və 29 dekabr 1998-ci il tarixli iclaslarında təsdiq edilmiş, 1999-cu il yanvarın 8-dən qüvvəyə minmişdir. Konstitusiya preambuladan, 6 fəsildən (50 maddə) və 4 keçid müddəasından ibarətdir. Konstitusiyanın 1-ci maddəsinə görə, Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır və Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu Azərbaycan Respublikası Konstitusiyası və 1921-ci il Moskva və Qars müqavilələri ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. Naxçıvan Muxtar Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edlir; qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini Nazirlər Kabineti, məhkəmə hakimiyyətini muxtar respublikanın məhkəmələri həyata keçirir.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında Ali vəzifəli şəxs institutu təsis edilmişdir. Ali vəzifəli şəxs – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri həm qanunvericilik, həm də icra hakimiyyətini səlahiyyətlərinə malikdir. Naxçıvan Muxtar Respublikası Konstitusiyası muxtar respublikanın normativ-hüquqi aktları arasında ən yüksək hüquqi qüvvəyə malikdir.[1]