Nayvəlilər (Hacıyevlər) — Azərbaycan xalqının tanınmış soylarından biri.
Nayvəlilər (Hacıyevlər) | |
---|---|
Əcdadı | Nayvəli |
Qohum soylar | Pirverdiyevlər, Yaqubovlar, Mustafalılar |
Budaqları | Hacıyevlər, Pirverdiyevlər |
Dövr | XVII - XXI əsrlər |
Mənşəyi | Borçalı, Sarvan |
Təbəəliyi |
Borçalı qəzası, Tiflis quberniyası |
Torpaqları | Nayvəli ocağı: Sarvan və Barmaqsız (Zalqa) ərazisində |
Borçalının tanınmış soylarından biri, Sarvan (Marneuli) kəndinin sakinləri.
Bu soy Borçalı mahalının Sarvan kəndinə bağlıdır. Soyun ulu babası Nayvəli XIX əsrin ortalarında Sarvan kəndində dünyaya göz açıb. Nayvəlinin əcdadı Məhəmmədin XVII–XVIII əsrlərdə yaşadığı ehtimal olunur.
Borçalının Sarvan (Marneuli) kəndinin köklü sakinləri, qarapapaq türkləri olan Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin oğlu Hacının (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacıyevin (1906–1974) və Rüstəm Hacıyevin (1916–1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir.
Nayvəli — Hacıyevlər nəslinin tarixinə aid müəyyən sənədli məlumatlar XVIII əsrin əvvəllərinə aid olsa da, daha dəqiq tarix bu nəslin və Borçalının görkəmli şəxsiyyətlərindən olan Nayvəlidən (Naib Vəli) başlayır və buna görə Hacıyevlərə Nayvəlilər də deyilir.
Nayvəli (Naib Vəli) XIX əsrin ortalarında — XX əsrin əvvəllərində yaşayıb. Əsil adı Vəli olub, ancaq naib nəslindən olduğundan ona Nayvəli deyilib.
Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb. Bəzi məlumatlara görə, Nayvəlinin əvvəllər Sarvanda başqa məhlədə də torpaqları olub , ancaq onun nəsli sonralar indi yaşadıqları torpaqlarında — Sarvanın mərkəzindəki qədim yurdlarında məskunlaşıb.
Hacıyevlərin dədə-baba yurdunda Sarvan camaatının ziyarət yeri olan pir yerləşir.
Nayvəli kişi Sarvan camaatının Zalqa rayonunda yaylaq yerləri olan Dəlidağda yerləşən, el arasında "Nayvəli bulağı" adlanan bulağın və ətraf ərazinin rəsmən sahibi olub. Bu səfalı yaylaq və Nayvəli bulağı indiyədək Sarvan camaatının sevimli istrahət yerlərindəndir. Nayvəli savadlı adam olub, rus dilini bilib, vergi sistemində işləyib və çar hökumətindən qızıl pulla maaş alıb.
Nayvəli nəslində Məhəmməd, Hacı, Abbas adları irsən təkrarlanır. Məhəmməd Hacı oğlunun və Rüstəm Hacı oğlunun dediyinə görə, Nayvəlidən əvvəl onların Məhəmməd adında ulu babaları olub.
1728-ci ildə Osmanlı dövləti tərəfindən hazırlanmış "Tiflis əyalətinin müfəssəl dəftəri"ndə[1] Sarvanlar ərazisində Sarvan camaatının siyahısında Hacı Məhəmməd oğlu və onun oğlu Vəlinin adları qeyd olunub.
Gürcüstan Milli Akademiyasının həqiqi üzvü, professor Şurəddin Məmmədlinin "Borçalı qarapapaqları: tarixin dolamalarında" kitabında Nayvəlinin adı görkəmli yazıçı Abdulla Şaiqin atası məşhur din xadimi və maarifçi Axund Mustafa Talıbzadə ilə birlikdə XIX əsrin axırları — XX əsrin əvvəllərində Borçalının Sarvandan olan öndər şəxsiyyətləri sırasında qeyd olunur.
Nayvəli oğlu Hacıya dünyəvi savad və dini təhsil verib. Hacı Nayvəli oğlu XIX əsrin ortalarında anadan olub, XX əsrin əvvəlində vəfat edib. Hacı Nayvəli oğlu öz oğluna da Hacı adı verib. Nayvəlinin nəvəsi Hacı Hacı oğlu XIX əsrin ortalarında anadan olub, 1922-ci ildə rəhmətə gedib. Hacı kişi savadlı, imkanlı, dövlətli adam olub. Xeyli mal-qarası, babalarından qalan sərvəti, qızılı olub, ticarətlə məşğul olduğu da deyilir. Sovet dövründə dövləti əlindən çıxıb, övladlarına torpaq sahəsi qalıb. Əmisi oğlu Pirverdinin və onun oğlu Pirqasım ağanın törəmələri indiki Pirverdiyevlər nəslinin nümayəndələridir.
Hacı Nayvəli oğlunun üç oğlu, iki qızı olub, ortancıl oğlu Abbas tez rəhmətə gedib. Digər oğulları Məhəmməd və Rüstəm əvvəllər Nayvəlioğlu soyadını daşıyıb, sonradan bu famili naibliklə bağlı olduğuna görə sovet hökumətinin təzyiqi ilə Hacıyevə dəyişiblər. Rüstəm Hacı oğlu Nayvəlinin adını yaşatmaq üçün bir müddət sənədlərdə adını "Rüstəm Nayvəlioğlu" kimi yazdırıb, müəllim və müharibə iştirakçısı olduğundan bu mümkün olub. 1980-ci illərin ortalarında "Hacı oğlu"nu bərpa edib və "Hacıyev" soyadını götürüb.
Məhəmməd kişi əvvəl raykomda bağban işləyib, sonra şəxsi təsərrüfatında çalışıb. Məhəmməd Hacı oğlunun həyat yoldaşı Mileyla Söyün qızı Yaqubovanın (1915–1973) və Rüstəm Hacıyevin həyat yoldaşı Rahilə Söyün qızı Yaqubovanın anaları Yetər ata tərəfdən Mustafalılar nəslindəndir, Abdulla Şaiqin qohumudur, anası Qızlarbəyim seyid nəslindəndir.
Rüstəm Hacı oğlu ibtidai və orta təhsilini Sarvanda alıb, müəllim hazırlığı üçün təşkil olunmuş məktəbi bitirib. İkinci dünya müharibəsi iştirakçısıdır, uzun illər Borçalıda müəllim işləyib, bir çox orden və medallarla təltif olunub.
El ağsaqqalları olan Məhəmməd Hacı oğlu (1905 – 1974) və Rüstəm Hacı oğlu (1916–1990) övladlarını öz halal zəhmətləri ilə böyüdüb, savad verib, böyük ailələrinə (Məhəmmədin yeddi oğlu, bir qızı, Rüstəmin altı oğlu olub) ev-eşik qurublar. Onların törəmələrindən bir çox alim, müəllim, dövlət qulluqçusu yetişib.
Hazırda Hacıyevlər nəslinin bir hissəsi Sarvanda, bir hissəsi isə Bakıda yaşayır.