Nazim Əfəndiyev (həkim)

Nazim Mirqasım oğlu Əfəndiyev (7 iyun 1926, Qazax5 yanvar 1998, Bakı) — Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutun direktoru (1957–1998), əməkdar həkim, tibb elmləri dоktоru, professor, Respublikada gözün mikrocərrahiyyəsi üsullarını ilk tətbiq edən yüksəkixtisaslı oftalmocərrah. Uzun illik qüsursuz əməyi bir sıra dövlət mükafatları və medallar ilə qiymətləndirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş oftalmoloqu, oftalmologiya üzrə respublika Attestasiya Komissiyasının sədri, Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasında oftalmologiya üzrə Elmi şurasının üzvü olub.

Nazim Əfəndiyev
Nazim Mirqasım oğlu Əfəndiyev
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları Mir-Həmzə Əfəndiyev
Fikrət Əfəndiyev
Hikmət Əfəndiyev
Rüfət Əfəndiyev
Rəşad Əfəndiyev
Atası Mirqasım Əfəndiyev
Anası Lütviyyə Əfəndiyeva
Elm sahəsi tibb
Elmi dərəcəsi professor
Elmi adı tibb elmləri dоktоru
İş yerləri Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu
(1957–1998)
Təhsili N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Tanınır oftalmocərrah
Mükafatları "Şərəf nişanı" ordeni "Əmək veteranı" medalı
"Səhiyyə əlaçısı" döş nişanı

N.M.Əfəndiyev 1948-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950–1952-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutun aspiranturasında hazırlıq keçmişdir. 1952-ci ildə bu institutun elmi işçisi olmuş, 1954-cü ildə isə institutun müalicə işləri üzrə direktor müavini təyin edilmişdir. 1957-ci ildən həmin institutun direktoru vəzifəsində çalışmağa başlamışdır.

1966-cı ildə N.M.Əfəndiyev "Göz almasının mühitlərinə kontuzion qansızmalar və autoqanın eksperimental daxil edilməsindən sonra şüşəvari cismin bəzi biokimyəvi göstəricilərinin dəyişiklikləri" mövzusunda namizədlik, 1993-cü ildə isə "Eksperimental gözdaxili qansızma zamanı şüşəvari cismin struktur-funksional pozuntularında lipidlərin peroksidləşməsinin rolu" adlı doktorluq dissertasiyasiyalarını müdafiə etmişdir.

N.M.Əfəndiyev 150-yə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiya, 3 ixtira, 20-dən artıq metodik tövsiyələr, səmərələşdirici təkliflərin müəllifidir. Onun elmi-tədqiqat işləri əsasən göz almasının müxtəlif patologiyası zamanı şüşəvari cismin biokimyəvi, biofiziki və morfoloji xüsusiyyətlərinin öyrənilməsinə, eləcə də süni optik konstruksiyalardan və müasir plastik materiallardan istifadə etməklə göz almasında reabilitasiya xarakterli optiki-rekonstruktiv mikrocərrahi əməliyyatların yeni üsullarının işlənib hazırlanmasına həsr olunub. N.M.Əfəndiyevin elmi ideyaları göz almasının şüşəvari cisminin klinik və fiziki-kimyəvi dəyişikliklərinin problemi ilə məşğul olan elmi məktəbin yaradılması üçün əsas olmuşdur. Onun ideyaları tələbələrinin işlərində də inkişaf etdirilir.

N.M.Əfəndiyevin rəhbərliyi altında 13 namizədlik və 1 doktorluq dissertasiyası müvəffəqiyyətlə müdafiə olunmuşdur.

Respublikada gözün mikrocərrahiyyəsi üsullarını ilk tətbiq edən yüksəkixtisaslı oftalmocərrah N.M.Əfəndiyev öz praktiki fəaliyyətində bu elmi yeniliklərdən geniş istifadə edib. İnstitutda işlədiyi müddətdə gözün müxtəlif strukturalarında katarakta, qlaukoma, iltihab xəstəlikləri, göz almasının travmatik zədələnmələri, anadangəlmə anomaliyalar, yenitörəmələr və görmə üzvünün digər patologiyası ilə əlaqədar minlərlə cərrahi əməliyyatlar aparmışdır. Elmi təşkilat sahəsində N.M.Əfəndiyev böyük nailiyyətlər əldə edib. O, respublikada traxoma xəstəliyinin aradan götürülməsinin aktiv təşkilatçılarından biri olub. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə institutda oftalmoloji yardımın elmi-praktiki mərkəzi kimi Respublika Oftalmoloji Lazer Mərkəzi yaradılmışdır. İnstitutda gözün patologiyası zamanı biokimyəvi, histokimyəvi, elektron-mikroskopik, immunoloji, ultrasəs, elektrofizioloji, kontrast diaqnostika metodlarını kütləvi şəkildə tətbiq etməyə imkan verən müxtəlif laboratoriyalar təşkil edilmişdir.

N.M.Əfəndiyevin elmi kadrların hazırlanmasında böyük rolu olub. Onun rəhbərlik etdiyi müddətdə institutda 11 doktorluq, 65 namizədlik dissertasiyası müdafiə edilmişdir. O, institutda kadrların elmi və praktiki potensialının artması üçün hər cür şərait yaratmışdır. N.M.Əfəndiyevin təşəbbüsü və bilavasitə başçılığı altında 1976-cı ildən institutda göz almasında mikrocərrahi əməliyyatların müasir metodlarına yiyələnmiş mütəxəssislər hazırlanmışdır.

Prof. N.M.Əfəndiyev öz elmi-praktik işi ilə yanaşı geniş ictimai fəaliyyətlə məşğul olub, 25 ildən artıq o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş oftalmoloqu, Elmi Tibbi Şurasının Rəyasət heyətinin üzvü, oftalmologiya üzrə respublika Attestasiya Komissiyasının sədri olub. N.M.Əfəndiyev 1969–1973-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda iştisaslaşdırılmış şuranın üzvü olmuşdur, 1993-cü ildən N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində ixtisaslaşdırılmış şuranın üzvü, 1996-cı ildən isə oftalmologiya üzrə İxtisaslaşdırılmış şuranın sədri vəzifəsində çalışmışdır. Prof. N.M.Əfəndiyev uzun müddət ərzində oftalmoloqların Ümumittifaq elmi cəmiyyətinin idarə heyətinin üzvü, Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasında oftalmologiya üzrə Elmi şurasının üzvü olmuşdur.

N.M.Əfəndiyevin uzun illik qüsursuz əməyi bir sıra dövlət mükafatları ilə qiymətləndirilib: "Şərəf nişanı" ordeni, "Əmək veteranı" medalı, "Səhiyyə əlaçısı" döş nişanı, Səhiyyə Nazirliyinin Fəxri fərmanı, Səhiyyə Nazirliyinin və Tibb işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı, 1989-cu ildə N.M.Əfəndiyev "Azərbaycan SSR əməkdar həkimi" fəxri adına layiq görülmüş, 1991-ci ildə o, Türkiyə Hərbi-Tibb Akademiyasının fəxri döş nişanı ilə mükafatlandırılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]