Nazim Hüseynov (kimyaçı)

Nazim Müseyib oğlu Hüseynov — Azərbaycan alimi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor, AFFA-nın sabiq vitse-prezidenti.[1]

Nazim Hüseynov
Nazim Müseyib oğlu Hüseynov
Doğum tarixi
Doğum yeri Tovuz
Vəfat tarixi
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi Texnika elmlər doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Sənaye İnstitutu

Nazim Müseyib oğlu Hüseynov 1929-cu il noyabrın 16‐da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu neft və qazın texnologiyası ixtisası üzrə bitirmişdir (1953) və təyinatla AMEA NKPİ-yə göndərilmişdir. 1958–1962-ci illərdə NKPİ-nin aspirantı olmuş, 1967–1982-ci illərdə "Karbohidrogenlərin qaz fazasında oksidləşməsinin texnologiyası" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.[2]

1962‐ci ildə texnika üzrə fəlsəfə doktoru, 1975‐ci ildə texnika üzrə elmlər doktoru, 1985‐ci ildə professor elmi adını almışdır. Azərbaycan SSR EA‐nın müxbir üzvü seçilmişdir (1980).

N. Hüseynov Azərbaycan EA Neft‐Kimya Prosesləri İnstitutunda baş mühəndis (1964‐1967), direktor müavini (1967‐1982) Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik‐katibinin müavini (1980‐1982), Təbii Qazın İşlənməsi və Nəqliyyata Hazırlanması üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru (1982‐1988), həmin institutun Təbii qaz komponentlərinin kimyəvi işlənməsi laboratoriyasının rəhbəri vəzifələrində çalışmışdır (1982‐1998).

1972-ci ildən BMT-nin neft-kimya üzrə eksperti olan alimin rəhbərliyi altında BMT-nin tapşırığına əsasən neft-kimya sənayesinin vacib elmi-texniki məsələləri Yuqoslaviya (Sloveniya), Kuba, KXDR, Türkiyə, Yunanıstan və s. ölkələrdə müvəffəqiyyətlə həll edilmişdir.

1976–1978-ci illərdə Novi-Sad (Sloveniya) şəhərində universitetin professoru olmuşdur. ABŞ, Böyük Britaniya, Avstriya, Yaponiya, Türkiyə, Almaniya, Sloveniya, KXDR və digər ölkələrdə çoxsaylı məruzələrlə çıxış etmişdir.

1980–1982-ci illərdə Y. Məmmədəliyev adına NKPİ "Bilik Cəmiyyəti"nin sədri olmuşdur.

Nazim Hüseynov, həmçinin, Azərbaycanda futbol üzrə birinci əməkdar məşqçi adına layiq görülmüşdür.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

N. Hüseynovun rəhbərliyi ilə yeni texnoloji sistemlər və reaksiya qurğuları, vacib monomerlərin sintezi, katalizatorlar və proseslər sahəsində geniş fundamental tədqiqatlar aparılmış, kimyəvi texnologiyanın nəzəri əsasları inkişaf etdirilərək hərəkət edən axınlı universal texnoloji sistem yaradılmışdır. Etilen, propilen oksidləri, malein anhidridi, formaldehid, allilxlorid, kükürd alınması prosesləri xaricdə patentləşdirilmişdir.

N. Hüseynov mikro və makro kinetik qanunauyğunluqlar əsasında konkret kimyəvi reaksiya üçün optimal kontakt aparatlarının seçilməsi və hesabı nəzəriyyəsini yaratmış, yeni kontakt prinsipli qalxan və düşən axınlı reaksiya qurğularının bir neçə modelini işləyib hazırlamışdır.

Elmi tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Elmi əsərləri heterogen kataliz və kimyəvi texnologiya sahəsinə həsr edilmişdir.

N. Hüseynov və onun həmkarları tərəfindən etilen oksidin alınması üçün yüksək effektli proses yaradılmış və bu prosesə 10 xarici ölkədə patent alınmışdır.

Onun elmi tədqiqatlarının nəticələri 150 elmi əsər, 35 patent, 30 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru hazırlanmışdır.

N. Hüseynov dəfələrlə ABŞ, İngiltərə, Yaponiya, Türkiyə, Yuqoslaviya, Koreya Xalq Demokratik Respublikası kimi xarici ölkələrdə elmi məruzələrlə çıxış etmişdir.

Elmi – təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan EA Patent‐Lisenziya Elmi Şurasının sədri,
  • Respublika İxtiraçılıq və Səmərələşdiricilik Cəmiyyətinin rəhbəri,
  • Azərbaycan EA Y. Məmmədəliyev adına Neft‐Kimya Prosesləri İnstitutunun "Bilik" cəmiyyətinin sədri olmuşdur.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

N. Hüseynov Azərbaycan, Kuba, Yuqoslaviya kimi ölkələrin mükafatlarını almış

  • Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medalla təltif olunmuş,
  • SSRİ "Qaz sənayesinin şərəfli işçisi" adına layiq görülmüşdür.
  1. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-21.
  2. "Arxivlənmiş surət". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-22.