Nicat Əliyev (rejissor, prodüser)

Nicat Hüseynqulu oğlu Əliyev (15 iyul 1959, Bakı) — Rejissor, prodüser.

Nicad Əliyev
Doğum tarixi 15 iyul 1959(1959-07-15) (64 yaş)
Doğum yeri
Fəaliyyəti rejissor
Təhsili
Mükafatları "Tərəqqi" medalı

15 iyul 1959-cu ildə Bakı şəhərində anadan olub. 1976-cı ildə 132 saylı Bakı şəhər orta məktəbini bitirib. 17 yaşından AzTV-də rejissor köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə N. K Çerkasov adına Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna (indiki Rusiya Dövlət Səhnə Sənəti İnstitutu) daxil olub. Televiziya rejissoru ixtisası üzrə məzun olduqdan sonra AzTV-də rejissor vəzifəsində çalışmağa davam edib. N. Əliyev 1991-ci ildə respublikamızda ilk müstəqil studiyalardan sayılan "215 KL" eksperimental studiyasının rəhbəri olub. 1997-ci ildə "SPACE" Müstəqil Televiziya kanalının yaradılmasında iştirak edib və həmin kanalda efir direktoru vəzifəsində çalışıb.

2007–2019-cu illər Azərbaycan Televiziyasının Amerika bürosunun rəhbəri olub. "Xəbərlər" informasiya proqramı üçün həm Şimali, həm də Cənubi Amerikadan siyasi xəbərlər, soydaşlarımızın fəaliyyəti və okeanın o tayında yaşayan müxtəlif xalqların mədəniyyəti haqqında süjetlər hazırlayıb.

2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.[1]

Evlidir, iki övladı var.

1. Bir dəfə görmək… −1984-cü il "Azərbaycantelefilm". Rejissor Nicat Əliyev, ssenari müəllifi Ayaz Salayev, operator Çinar Məcnunbəyli, bəstəkar Cəmil Əmirov, səs rejissoru Ruhəngiz Qasımova. Sənədli etnoqrafik televiziya filmində qədim Naxçıvan, Qarabağ, Kəlbəcər və başqa bölgələrin görməli yerləri, tarixi abidələri, mənzərəli guşələri təqdim edilir.

2. Təkəlduz — 1985-ci il "Azərbaycantelefilm". Rejissor Nicat Əliyev, ssenari müəllifi Ayaz Salayev, operator Ələkbər Muradov, bəstəkar Cəmil Əmirov, səs rejissoru Rəşad Mustafayev. Film Azərbaycanda geniş yayılmış bədii tikmə sənəti növü olan təkəlduz haqqındadır.

3. Armudu — 1987-ci il "Azərbaycantelefilm". Rejissor Nicat Əliyev, ssenari müəllifi İosif Şoqolev, operator Ələkbər Muradov, bəstəkar Cəmil Əmirov, səs rejissoru Rəşad Mustafayev. Film Azərbaycan xalqının hər gün məişətdə istifadə etdiyi armudu stəkan haqqındadır.

4. Həvəskarlar və ya peşəkarlar — 1987-ci il "Azərbaycantelefilm". Rejissor Nicat Əliyev, ssenari müəllifi İosif Şoqolev, bəstəkar Cəmil Əmirov, səs rejissoru Rəşad Mustafayev. Film Azərbaycan futboluna həsr olunmuşdur.

5. Sabaha hava haqqında məlumat −1987-ci il "Azərbaycantelefilm". Rejissor-ssenari müəllifi Nicat Əliyev, operator Cabbar Məmmədov, səs rejissoru Rəşad Mustafayev. Film Gürcüstanda təbii fəlakət zamanı insan həyatlarını xilas edərkən qəhrəmancasına həlak olmuş azərbaycanlı əsgər haqqındadır.

6.Maestro — 1988-ci il "Azərbaycantelefilm". Rejissor Nicat Əliyev, ssenari müəllifi Aydın Dadaşov, operator Adil Abbasov, səs rejissoru Rəşad Mustafayev. Film Azərbaycan Dövlət filarmoniyasının işçisi , çəkməçi Əli haqqındadır.

7. Yubiley — 1989-cu il "Azərbaycantelefilm". Rejissor Nicat Əliyev, ssenari müəllifi Aydın Dadaşov, operator Ələşrəf Maratlı, səs rejissoru Rəşad Mustafayev. Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadənin baş tutmayan yubileyinə həsr olunmuş bu filmdə sənətkarın həyatının tamaşaçılara məlum olmayan dramatik məqamları öz əksini tapmıştır.

  1. "Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.